aec0406d-978b-48cb-8022-de178ad3dd46..jpg

Şişirdilmiş rəqəmlərlə gizlədilən çöküş: Ermənistan iqtisadiyyatının üzləşdiyi çətinliklər – ARAŞDIRMA

Baxış sayı: 501 dəfə baxılıb.

Şişirdilmiş rəqəmlərlə gizlədilən çöküş: Ermənistan iqtisadiyyatının üzləşdiyi
çətinliklər – ARAŞDIRMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun müddətdir ki, Ermənistan iqtisadi baxımdan çətinliklər yaşayır.

Bu ölkənin iqtisadiyyatı illərlə Rusiya və digər ölkələrdən gələn erməni
diasporunun pulları, o cümlədən maddi yardımları ilə nəfəs alıb. Lakin bu
yardımlar iqtisadi inkişafa nail olmaq, qlobal layihələrdə iştirak etmək üçün
nəinki kifayət etmir, hətta xaricdən asılılıq yaradaraq ölkənin rifahı və
gələcəyi üçün əsas əngəllərdən birinə çevrilir. Vəziyyətin ən acınacaqlı tərəfi
isə Ermənistanın iqtisadiyyatını əsaslı formada gücləndirmək əvəzinə, statistik
göstəriciləri müəyyən vasitələrlə müsbət formada təqdim etməsi, bu rəqəmlərlə
öz vətəndaşlarını aldatmasıdır.

“Report”un araşdırmasında Ermənistanın çətin vəziyyətdə olan iqtisadiyyatına,
şişirdilən rəqəmlərə, Rusiyadan asılılığına diqqət çəkilib.

İlk olaraq şişirdilən rəqəmlərə yer verən bəzi mətbuat orqanlarının yaydığı
xəbərlərə nəzər salaq. Bunlar sırasında ən gülünc olan faktlardan biri 2024-cü
il üçün Cənubi Qafqazda adambaşına düşən büdcə xərcləri ilə bağlı statistik
göstəricidir. Bu göstəricilərə görə, Ermənistan adambaşına düşən büdcə
xərclərində 2650 ABŞ dolları ilə ilk yerdə, Gürcüstan 2 435 ABŞ dolları ilə
ikinci yerdə, Azərbaycan isə 2 130 ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb.

Məsələyə ilk olaraq Ermənistanın maliyyə naziri Vahe Hovhannisyanın büdcə
gəlirləri və xərcləri ilə bağlı açıqladığı rəqəmlərə əsaslanaraq nəzər salaq.
Bu rəqəmlərdə 2024-cü ildə Ermənistanın dövlət büdcəsinin gəlirləri indiki
məzənnə ilə 6,7 milyard ABŞ dolları, xərclərinin isə 7,8 milyard ABŞ dolları
olduğu göstərilir. Əhalinin sayına baxsaq, adambaşına düşən gəlir təxminən 2,2
min ABŞ dolları, xərclər 2,6 min ABŞ dolları təşkil edir. Burada gəlirlər və
xərclər arasında yaranan 400 ABŞ dolları fərq isə ianələr, yardımlar və borclar
hesabına qapadılır.

Ümumiyyətlə büdcə gəlirləri və xərclərinin nəyin hesabına formalaşması, hansı
faktorlara əsasən qeydə alınması çox mühüm amildir. Azərbaycanda 2024-cü ilin
dövlət büdcəsinin xərcləri 21,7 milyard ABŞ dolları, adambaşına düşən büdcə
xərcləri isə 2 165-2 170 ABŞ dolları təşkil edir. Ölkəmizin büdcə gəlirləri
birbaşa yerli fiskal mənbələr, yəni 100% vergi, gömrük və sair daxili mənbələr
hesabına formalaşır, heç bir xarici qrant, maliyyə institutlarından borc
alınmır. Amma digər Cənubi Qafqazın iki ölkəsinin büdcəsi xarici maliyyə
mənbələri, o cümlədən xarici borclar hesabına formalaşır. Alınan borclar büdcə
xərclərində öz əksini tapır ki, bu da rəqəmlərin şişirdilməsi ilə nəticələnir.

Adambaşına düşən xərclərdə əhali faktoruna da nəzər yetirsək görərik ki,
Azərbaycan əhalisinin 10 milyon nəfər olması bu xərclərin həcminə təsir edir.
Burada belə bir sual yarana bilər ki, qonşu ölkələrdə əhali çox olarsa bu,
büdcədə də müsbət formada öz əksini tapacaq. Lakin bu zaman nəzərdən qaçan
məqamlar var. İstənilən ölkənin güclü iqtisadiyyatının olması üçün əsasən iki
faktor rol oynayır. Bunlardan biri təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə
malik olması, digəri isə ölkənin real sektoru, bu istiqamətdə istehsal
fəaliyyətidir. Azərbaycan bütün bu faktorlara sahibdir və aparılan islahatlar,
yatırılan mühüm investisiyalar ölkə iqtisadiyyatını nəinki inkişaf etdirir,
hətta dəyişən geosiyasi vəziyyətlərdən, qlobal böhranlardan qoruyur. Lakin
Ermənistana baxsaq bu zaman təməlləri çürük olan iqtisadiyyat görərik. Ölkə
təbii sərvətlər və kənd təsərrüfatı baxımdan məhdud imkanlara malikdir ki, bu
da ölkənin özünü təminetməsini zəiflədir. Buna əsaslanaraq deyə bilərik ki,
Ermənistanın əhalisi 10 milyon olsa idi, o zaman indikindən daha acınacaqlı
vəziyyətdə olardı.

2024-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərcləri 38 milyard
ABŞ dolları təşkil edir. Bunun 22 milyard ABŞ dolları və ya 60%-i Azərbaycanın
payına düşür. Qalan 40% isə digər iki ölkə arasında bölüşdürülür. Bu faktın özü
bölgədəki iqtisadi-fiskal mənbələrin əsas mərkəzi kimi Azərbaycanın xüsusi
üstün paya malik olduğunu göstərir. Ölkəmiz həqiqətən enerji mənbələri, kənd
təsərrüfatı potensialı, eyni zamanda strateji mövqeyi ilə ön plandadır.

Ermənistanın iqtisadi cəhətdən ayaqda qalmasında vacib bir rolu əsasən
Rusiyadan gələn yardımlar və erməni diasporasının maliyyə dəstəyi oynayıb ki,
bu mənbələr davamlı və böyüyən iqtisadiyyat yaratmaq üçün tamamilə
əlverişsizdir. Ermənistanın iqtisadi göstəriciləri rəqəmlərdə artsa da, əslində
mahiyyət o qədər də dəyişməyib. Rusiya-Ukrayna münaqişəsinə qədər Ermənistanın
aldığı yardımlar münaqişə dövründə Rusiyaya tətbiq olunan sanksiyalar hesabına
artımla əvəzlənib. Bir sözlə əvvəllər yardımlar hesabına şişirdilən rəqəmlər
indi sanksiyalardan istifadə ilə şişirdilir. Sadəcə əvvəlkindən fərqli olaraq
hazırkı vəziyyət statistik göstəricilərdə əksini tapır.

BeynəlBeynəlxalq Valyuta Fondunun baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş
baş valyuta strateqi Robin Bruksun sosial şəbəkədəki paylaşımında “Ermənistanın
gömrük polisinin uzun və şanlı tarixində Avropa İttifaqından malların
daşınmasında heç vaxt bu qədər böyük sıçrayış qeydə alınmamışdı. Bütün bunların
hələ yenidən qablaşdırıb Moskvaya göndərilməsini heç demirəm ki, onsuz da oraya
da yönləndirilir” fikri heç də təsadüfi deyil.

Ermənistanın Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, ötən
ilin yanvar-noyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən idxal (1,81
milyard ABŞ dolları) 2021-ci ilin müvafiq dövrünə, yəni Rusiya-Ukrayna
münaqişəsindən əvvəlki dövrə nisbətən 2,2 dəfə artıb. Rusiyaya sanksiyalarda
əsas rol oynayan Aİ ölkələrindən bəzilərinə nəzər salsaq görərik ki, 2021-ci
ilin eyni dövrü ilə müqayisədə ötən ilin 11 ayında Almaniyadan Ermənistana
ixrac (505 milyon ABŞ dolları) 2,8 dəfə, Polşadan (133 milyon ABŞ dolları) 3,2
dəfə, Avstriyadan (76 milyon ABŞ dolları) 3,6 dəfə, Fransadan (157 milyon ABŞ
dolları) 2,1 dəfə (tarixi rekorddur), Yunanıstandan (51 milyon ABŞ dolları) 2,6
dəfə, İspaniyadan isə (75 milyon ABŞ dolları) 2,2 dəfə artıb.

Aİ ölkələrindən əlavə Rusiyaya sanksiya tətbiq edən digər böyük ölkələrin də
Ermənistana məhsul ixracına baxsaq Amerika Birləşmiş Ştatlarından ixracın (584
milyon ABŞ dolları) 5,5 dəfə, Yaponiyadan (327 milyon ABŞ dolları) yeddi dəfə,
Cənubi Koreyadan (143 milyon ABŞ dolları) 3,6 dəfə, Böyük Britaniyadan (98
milyon ABŞ dolları) 3,3 dəfə, Kanadadan (79 milyon ABŞ dolları) 4,2 dəfə
artdığını görərik.

Bunlarla yanaşı, Ermənistanın ixracındakı artımlara da diqqət edək. Ötən ilin
11 ayında Ermənistan 6 milyard 946 milyon ABŞ dolları dəyərində məhsul ixrac
edib ki, bu da 2,6 dəfə artım deməkdir (2021-ci ilin eyni dövrü ilə
müqayisədə). İxracın strukturuna detallı nəzər salanda məlum olur ki, ölkə
yüksək texnoloji məhsulların xarici ölkələrə satışını kəskin artırıb. 2022-ci
ilin müvafiq dövrü ilə müqayisədə maşın, avadanlıq və mexanizmlər ixracı 89 %
artdığı halda, 2021-ci ilin eyni dövrünə nisbətən 22 dəfəlik artım olub. Qeyd
edilən dövrdə xaricə satılan digər mallar da 2021-ci ilin eyni dövrünə nisbətən
kəskin artıb. Belə ki, yerüstü, hava və su nəqliyyatı vasitələron ixracı (533
milyon ABŞ dolları) 14,5 dəfə, avadanlıq və aparatların ixracı (130 milyon ABŞ
dolları) 4,3 dəfə, qiymətli və yarım qiymətli daşlar, qiymətli metallar və
onlardan məmulatların ixracı (2,14 milyard ABŞ dolları) 7,2 dəfə artıb.
Məsələnin maraqlı tərəfi ixracın artımına əsas səbəb olan bu malların
əksəriyyətinin Ermənistanda istehsal olunmaması və ya bu həcmdə ixracı təmin
edən potensialdan uzaq olmasıdır. Aydın məsələdir ki, bu məhsullar başqa
ölkələrdən alınır və üçüncü ölkəyə, yəni Rusiyaya satılır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil
şöbəsinin rəhbəri Günay Quliyeva açıqlamasında bildirib ki, Rusiyaya qarşı
sanksiyalar Qərb ölkələrinin məhsullarının məhz Ermənistan vasitəsilə Rusiyaya
təkrar ixrac olunmasına imkan yaradıb: “Ermənistan işlənmiş avtomobillərin,
məişət elektronikasının və Qərb istehsalı olan digər malların təkrar
ixracatçısı olması iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olaraq qalır.
2023-cü ildə Ermənistanın Rusiyaya ümumi ixracına daxil olan təkrar ixrac
məhsullarının ümumi dəyəri 2022-ci illə müqayisədə 50% artımla, təxminən 3,2
milyard ABŞ dolları təşkil edib. Rusiyadan bu və digər nağd pul daxilolmaları
da Ermənistan iqtisadiyyatının 2023-cü ildə artımının əsas səbəblərindən
biridir”.

Bu faktlar “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında da
əksini tapıb. Hesabatda Ermənistan iqtisadiyyatının hələ uzun müddət Rusiyadan
çox ciddi şəkildə asılı qalacağı bildirilir.

Ermənistanın reytinqini “BB-” səviyyəsində təsdiqləyən “Fitch” ölkənin ticarət
və enerji baxımından Rusiyadan çox asılı olduğunu qeyd edir və hesab edir ki,
Ermənistanın yaxın gələcəkdə Rusiyadan asılılıqdan əhəmiyyətli dərəcədə
uzaqlaşacağı gözlənilmir.

Analitiklər Ukraynada müharibə başlayandan bəri Rusiya və Ermənistan arasında
ticarətin kəskin artdığını da bildirirlər.

Ermənistan hökumətinin də məlumatına görə, 2023-cü ilin yanvar-noyabr
aylarında ölkənin xarici ticarətinin üçdə birindən çoxu Rusiyanın payına düşüb
ki, bu da ölkədə xarici ticarətin diversifikasiyasının çox aşağı səviyyədə
olması ilə bərabər, yalnız bir ölkədən asılı vəziyyətdə olduğunu göstərir. Eyni
zamanda ikitərəfli ticarət dövriyyəsinin dəyəri 40%-dən çox artaraq 6,3 milyard
ABŞ dollarına çatıb.

“Fitch” 2024-cü il üçün Ermənistan iqtisadiyyatı ilə bağlı proqnozunda artımı
şərtləndirən digər əsas amil kimi istehlak xərclərinin artmasını göstərib. Belə
ki, Rusiyadan Ermənistana gələn miqrantların, həmçinin Qarabağdan köçən etnik
ermənilərin istehlak səviyyəsinin yüksəlməsinə töhfə verəcəyi proqnozlaşdırılır.

Sonda qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyinə görə Ermənistan
iqtisadiyyatı yaxın gələcəkdə də Rusiyadan ciddi asılı olaraq qalacaq, bu isə
müstəqil dövlətin iqtisadi inkişafı üçün ciddi təhlükədir.

İqtisadi təməlləri zəif sütunlar üzərində olan Ermənistanın qeyd edilən bu
vəziyyətdən çıxması, ölkə iqtisadiyyatının şəffaf, həqiqi gəlirlər hesabına
formalaşması üçün strateji addımlar atmağa ehtiyacı var. Ölkənin davamlı və
real sektora əsaslanan iqtisadi artıma sahib olması üçün mövcud potensialdan
düzgün istifadə etməsi əsas şərtlərdəndir. Buna aparan yol isə mütləq şəkildə
regional sabitlikdən, qonşularla sülh və əmin-amanlıq şəraitində qarşılıqlı
əməkdaşlığın genişləndirilməsindən və inkişaf etdirilməsindən keçir.

Source link