Siyasi partiyalar prezident seçkisinə maraq göstərməklə şəffaflığın təmin
olunmasında iştirak edirlər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Siyasi partiyalar cari il fevralın 7-nə təyin edilmiş prezident seçkisində
aktiv iştirak edirlər.
“Seçki-2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, Mərkəzi Seçki
Komissiyası seçkiyə öz namizədləri ilə qatılmaq istəyən bütün siyasi
partiyaların namizədlərinin irəli sürülməsini təsdiq edib və hamısını qeydə
alıb. Hazırda azad seçki mübarizəsi aparan 7 namizəddən 5-i məhz siyasi
partiyalar tərəfindən irəli sürülənlərdir.
Əsas məramı siyasi proseslərdə iştirak olan siyasi partiyaların müxtəlif
statuslarla da seçkiyə qatıldığını aydın görmək mümkündür. Seçkiyə öz
namizədləri ilə qatılmayan çoxsaylı siyasi partiyalar da prezident seçkisinə
ciddi maraq göstərir, kifayət qədər böyük sayda müşahidəçiləri və məşvərətçi
səs hüquqlu komissiya üzvləri ilə seçkidə şəffaflığın təmin olunmasında
yaxından iştirak edirlər. Belə ki, indiyədək 19 siyasi partiyanın, ümumilikdə
30 000-ə yaxın müşahidəçisi Mərkəzi Seçki Komissiyası və dairə seçki
komissiyalarında akkreditasiyadan keçməklə seçkini müşahidə hüququ qazanıblar
və bu proses hazırda intensiv şəkildə davam edir.
Qeyd etmək lazımdır ki, siyasi partiyalar ölkədə keçirilən seçkilərdə xüsusi
yeri və çəkisi olan mühüm seçki subyektlərindəndir. Azərbaycanın mövcud seçki
qanunvericiliyi də siyasi partiyaların seçkilərdə öz məqsəd və məramına uyğun
iştirakı üçün hərtərəfli və geniş imkanlar təsbit edir. Seçki təcrübəsi aydın
göstərir ki, siyasi partiyaların seçkilərdə fəallığı, ictimai-siyasi proseslərə
təsir imkanları ilbəil artmaqdadır. Əlbəttə bunda siyasi partiyaların inkişafı,
möhkəmlənməsi, ictimai-siyasi proseslərə yaxından cəlb edilməsi üçün
respublikada yaradılmış əlverişli mühit önəmli rol oynayır.