Milli Məclisin bu gün keçirilən iclasında Milli Şuranın oktyabrın 19-da Bakı metrosunun “28 May” stansiyasının önündə keçirilən qanunsuz aksiyadan danışılıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, radikal müxalifət qanunları pozub.
O bildirib ki, mitinq iştirakçıları polislə qarşdurma yaratmağa cəhd edib.
“Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalıdır. Hər kəs, millət vəkilləri də buna öz münasibətini bildirməlidir”, – deyə S.Novruzov əlavə edib.
O qeyd edib ki, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edənlər erməni lobbisi ilə bağlıdır. Deputat dindarlara da çağırış edib:
“Qibləsini tanımayan müşriklərdən alət kimi istifadə edilir. Bunu ağaları qarşısında etiraf edirlər. O mitinqə dindarlar da gəlmişdi. Mən üzümü dindarlara tutub soruşuram: Sizin fəaliyyətiniz nədən ibarətdir? Azərbaycanda məscidlər tikilir, mədrəsələr təmin olunur, xalqın istifadəsinə verilir.
İndi 1990-cı illər deyil. Azərbaycan rəhbərliyi qətiyyətli siyasət həyata keçirərək ölkənin maraqlarını beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlərdə, beynəlxalq tribunalarda yüksək səviyyədə təmsil edir”.
Aqşin Kərimov