Slovakiyanın baş naziri Robert Fitso jurnalist Yan Kutsiyak və onun rəfiqəsinin müəmmalı qətlindən sonra meydana gəlmiş böhranla əlaqədar istefa verməyə hazır olduğunu bildirib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Bugün respublikanın prezidentinə istefa verməyə hazır olduğumu bildirdim. Prezident bu müraciətimi qəbul etsə, günü sabah vəzifədən getməyə hazıram” deyə Fitso bildirib.
Slovakiya KİV-ə görə, Fitso Slovakiya prezidentinə bunun üçün bir neçə şərt irəli sürüb.
Fitso 2016-cı il parlament seçkilərinin nəticələrinin toxunulmazlığını təmin etməyi, hakim koalisiyanın sövdələşmələrini qüvvədə saxlamağı xahiş edib. Bu o deməkdir ki, faktiki olaraq “Fitso Smer” partiyası tərəfindən kimin namizədliyi irəli sürüləcəksə, o da gələcək baş nazir olacaq.
Xatırladaq ki, 27 yaşlı jurnalist Yan Kutsiyak və onun rəfiqəsi Martina Kuşnirovanın meyitləri fevralın 25-də Bratislava şəhəri yaxınlığındakı evlərində aşkarlanıb.
Onlar odlu silahla qətlə yetirilib. Gənc jurnalistin slovak siyasətçilərin italyan mafiyası ilə əlaqələrini araşdırdığı deyilir.