8096eaf0-a89b-487c-9014-8e221794c9d1.jpg

Smartfon sönür və pullar oğurlanır: Birbaşa müdaxilə barədə XƏBƏRDARLIQ

Baxış sayı: 299 dəfə baxılıb.

Smartfonlara birbaşa müdaxilə olunaraq bank kartlarından pulların oğurlandığı
iddia edilib.

Cixisyolu.com bildirir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Vətəndaşlar şikayətlənirlər ki, smartfonları qəfil sönür və onu heç cür yenidən
işə sala bilmirlər, servisə aparıb, düzəltdirdikdən sonra isə bank hesablarında
olan vəsaitlərinin tamamilə çıxarıldığının şahidi olurlar.

Paylaşımlardan birinin müəllifi, İT mütəxəssisi Fərid Pərdəşünas bununla bağlı
qeyd edib ki, sözügedən hal birbaşa smartfona müdaxilədir, ilkin ehtimala görə,
bu, kənar tətbiqlər – “apk” faylları vasitəsilə gerçəkləşdirilir.

Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətinə (ETX) sorğu ünvanladıq.

Cixisyolu.com-ın sorğusuna cavab olaraq qurumdan bildirildi ki, vətəndaşlar mobil
telefonlarına naməlum mənbələrdən proqramlar yüklədikləri zaman
klibercinayətkarlar sosial mühəndislik üsulundan istifadə edərək onlara RAT
proqramı göndərirlər:

“RAT (Remote Access Trojan) cihazı uzaqdan idarə edə bilmək üçün yaradılan
zərərli proqramdır. Mobil telefona yükləndikdən və müəyyən icazələr verildikdən
sonra onu silmək mümkün olmur, hətta antivirus proqramları belə, onu bloklamaq
imkanına malik deyil.

Həmçinin, bu proqramlar “apk” formasında (Android Package, yəni fayl uzantısı
adı ilə – mobil proqramlar, mobil oyunlar və aralıq proqramlarının paylanması
və quraşdırılması üçün “Android” əsaslı əməliyyat sistemləri tərəfindən
istifadə olunan fayl formatı) olur. Mobil telefona quraşdırıldıqdan sonra
kiberdələduzun mobil telefonda istənilən əməliyyatları icra etməsi üçün bütün
imkanlar yaranır.

Bu halda kiberdələduzlar “m10”, bank tətbiqləri, kripto kimi digər hesabları
idarə edə bilirlər. Əsasən, “Android” istifadəçilərinin çox olduğunu, habelə bu
sistemin “iOS” sistemi ilə müqayisədə nisbətən daha az təhlükəsizliyi nəzərə
alaraq, “Android” sistemli mobil telefonları hədəfləyirlər”.

ETX-dən vurğulanıb ki, bu kimi halların baş verməməsi üçün mobil telefona
naməlum mənbələrdən olan proqramlar (“WhatsApp+, “cTOST” kimi digər proqramlar)
yüklənməməlidir:

“Həmçinin, yüklənilən proqramlara verilən icazələri mütləq şəkildə yoxlamaq
tövsiyə olunur. Əgər zərərli proqram yüklənilərsə, lazımi məlumatları başqa
cihaza köçürmək məqsədəuyğun hesab edilir”.

Aytac Qasımova

Source link