Şöbə müdiri: “Rüşvət almırdım, 100-200 manat hörmət edirdilər…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata
keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Səhiyyə Nazirliyi
Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidova hökm oxunub.
“Qaynarinfo”nun məlumatına görə, məhkəmədə məlum olub ki, təqsirləndirilən
şəxs, 1968-ci ildə İmişli rayonunda anadan olmuş Hüseyn Seyidov 25 il sözügedən
xəstəxanada həkim-ordinator və şöbə müdiri vəzifəsində çalışıb. Hüseyn Seyidov
həmin vəzifədə işləyərkən xəstəxanada bəzi pasiyentlər hər gün saat 9:00-dan
16:00-a qədər müalicə almalı və müayinə edilməli olduqları halda, onlardan
müəyyən məbləğdə pul alaraq xəstəxanaya gəlmədən tibbi kartlarından çıxarış
verib, xəstələrin əlillik almaları üçün qeyriləri ilə qabaqcadan əlbir olaraq
sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib.
Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək
deyib ki, o, 1997-ci il tarixdən Respublika Psixiatriya Xəstəxanasında anlaqsız
şəxslərə, nevroz xəstələrinə, ruhi xəstələrə, psixi pozuntusu olan şəxslərə
baxıb.
Hüseyn Seyidov barəsində şikayət edən xəstələrdən nə qədər pul aldığını
xatırlamır, lakin deyib ki, pulları ona rüşvət kimi yox, hörmət mənasında
veriblər:
“Xəstə Qaragöz Hacıyevanın qohumu, həqiqətən, mənə 400 manat hörmət edib. Amma
mən həmin pulun qarşılığında nəsə edəcəyimə söz verməmişəm. Daha bir xəstə
xəstəxanaya gəlib, ona köməklik göstərdiyimə görə mənə 150 manat hörmət edib.
Başqa xəstə göstərdiyim xidmətə görə hörmət əlaməti olaraq 200 manat verib.
Digərləri də eyni cür olub”.
O, çıxışında deyib ki, heç kimdən pul tələb etməyib, adıçəkilən şəxslər ona
hörmət adı altında könüllü surətdə pul veriblər:
“Mənə verilən pulun 70-80%-i xəstələrə sərf olunub. Xəstələrin siqaretləri
olmurdusa və ya başqa nəsə arzulayırdılarsa, bunların hamısı ilə onlar təmin
ediliblər”.
Məhkəmənin hökmü ilə Hüseyn Seyidov Cinayət Məcəlləsinin 308.1 (vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar
törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə nəzərdə tutulan
cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 il 3 ay müddətinə azadlıqdan
məhrumetmə cəzasına məhkum olunub.