“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2035-ci ilə qədər aşağıkarbonlu
istiqamət hesabına layihə portfelini şaxələndirməyi planlaşdırır”.
“Report” xəbər verir ki, bunu SOCAR-ın enerji keçidi, ətraf mühit və
dekarbonizasiya üzrə vitse-prezidentinin müavini Hikmət Abdullayev Bakı İqlim
Fəaliyyəti Həftəsinin üçüncü günündə keçirilən panel müzakirəsində deyib.
“SOCAR neft-qaz şirkətindən milli enerji şirkətinə necə çevriləcəyi ilə bağlı
aydın baxışa malikdir. Hesab edirik ki, 2035-ci ilə qədər aşağıkarbonlu
layihələr və karbohidrogen hasilatı aktivləri hesabına şaxələndirilmiş
portfelimiz olacaq”, – o bildirib.
H.Abdullayevin sözlərinə görə, şirkət, həmçinin, öz istixana qazı
emissiyalarını analoqlar və beynəlxalq standartlarla müqayisə edilə bilən
səviyyəyə endirməyi planlaşdırır.
“Biz inanırıq ki, 2050-ci ilə qədər biz tamamilə bazarda möhkəm mövqe tutan
milli enerji şirkətinə çevriləcəyik. Enerji təhlükəsizliyinin təmin edilməsinə
töhfə verəcəyik, həmçinin neft-qaz sənayesinin iqlimə təsirinin azaldılması
üçün kifayət qədər səy göstərəcəyik”, – o vurğulayıb.