SOCAR Almaniya tərəfindən zəmanətin verilməsi barədə

SOCAR Almaniya tərəfindən zəmanətin verilməsi barədə

Baxış sayı: 5. 711 dəfə baxılıb.

Hazırda Cənub Qaz Dəhlizinin maliyyələşməsinin qalan hissənin təmin olunması ilə bağlı beynəlxalq maliyyə institutları ilə danışıqlar davam edir.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu “APA-Economics”in sorğusuna cavab olaraq SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov məlumat verilib.

Onun sözlərinə görə, Cənubi Qaz Dəhlizinin tərkib hissələri olan “Şahdəniz-2” və TANAP layihələrinin maliyyələşdirilməsi ilə bağlı Almaniya Federativ Respublikası ilə danışıqlar aparılıb, 1.5 mlrd. ABŞ dollaradək vəsaitin cəlb edilməsi üçün zəmanətin verilməsi ilə bağlı bu yaxınlarda Nazirliklərarası Komitənin İclasında razılıq əldə edilib.

O bildirib ki, zəmanətin verilməsində əsas məqsəd Almaniya şirkətlərinin iştirak etdiyi layihələrə maliyyə dəstəyinin verilməsidir: “Bildiyiniz kimi, 2013-cü ildə 9 Avropa şirkəti, o cümlədən Almaniyanın EON (“Uniper”) şirkəti ilə təbii qazın nəqli və satışı ilə əlaqədar uzunmüddətli müqavilələr imzalanıb. Maliyyələşmənin şərtləri ilə bağlı “Cənub Qaz Dəhlizi” QSC ilə Almaniyanın “Hermes” şirkəti və aidiyyəti banklar arasında danışıqlara başlanıb. Yekun şərtlər tam razılıq əldə edildikdən sonra müəyyənləşəcək”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinə daxil olan layihələri payçı şirkətlər ortaq şəkildə maliyyələşdirir. Azərbaycan tərəfi Cənub Qaz Dəhlizinin bütün seqmentlərində iştirak edir və buna görə, Hasilatın Pay Bölgüsü Sazişində dövlətin nəzərdə tutulan mənfəət payından başqa, hasilat və nəqldən əlavə gəlir əldə edəcək. Azərbaycan tərəfinin bütün layihə seqmentləri üzrə ümumi öhdəlikləri isə toplam sərmayə həcminin ¼ civarındadır.

İ. Əhmədov deyib ki, Cənub Qaz Dəhlizi beynəlxalq miqyaslı meqalayihədir: 

“Layihədə, Azərbaycan tərəfi ilə yanaşı, digər ölkələrin şirkətləri də iştirak edir. Cənub Qaz Dəhlizi həm Azərbaycan, həm də Avropa üçün iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb etdiyinə görə, Avropa Birliyi ölkələri də layihənin gerçəkləşməsini dəstəkləyirlər. Layihənin maliyyələşdirilməsi ilə bağlı daha əvvəl maraqlı tərəflərlə danışıqlar aparılmış, müvafiq maliyyə vəsaitləri təmin edilmişdir. Azərbaycan tərəfi CQD-nin seqmentləri üzrə öz maliyyə öhdəliklərinin ¾-dən çox hissəsini artıq yerinə yetirib”.

Xatırladaq ki, bu günlərdə Azərbaycandan qaz nəqlini təmin etmək məqsədi ilə Almaniya hökuməti SOCAR-a böyük həcmdə kreditin ayrılması üçün Almaniya bankına zəmanət vermək niyyətində olması ilə bağlı məlumat yayılıb.

Almaniyanın DPA agentliyinin məlumatına görə, kreditin həcmi 1,5 mlrd. dollar (1,2 mlrd. avro) təşkil edir.

“Bu qaz nəqli Avropa və Almaniyanın qaz təchizatının təminatına mühüm töhfə olmalıdır”, – deyə Almaniya Maliyyə Nazirliyi yanında parlament dövlət katibi Yens Şpanın Bundestaqın Büdcə komitəsinin sədri Peter Böringerə ünvanladığı məktubda qeyd olinub.

Qeyd edək ki, 2013-cü ildə Almaniyanın E.on energetika konserni Azərbaycan ilə Xəzər dənizində yataqdan təbii qazın nəqlinə dair uzunmüddətli müqavilə imzalayıb. Saziş 2020-ci ildən 2044-cü ilədək olan dövrdə hər il Almaniya şirkətinin 1,45 mlrd. kubmetr “mavi yanacaq” almasını nəzərdə tutur.

www.ÇıxışYolu.Com