b9a4d5ce-8927-4a5d-8a59-dbb0cf005f3b..jpg

SOCAR dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

Baxış sayı: 479 dəfə baxılıb.

SOCAR dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından
istifadə olunaraq, maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və
korporativ qaydada əməkdaşlıq, xüsusən investisiya yatırma imkanları, o
cümlədən saxta istiqrazların alınması, işə düzəltmə və s. ilə bağlı müxtəlif
təkliflər edilir.

SOCAR-dan bildirilib ki, bu cür dələduzluq halları müxtəlif internet
kanalları, sosial media platformaları, mobil tətbiqlər, elektron ünvan və ya
telefon zəngləri vasitəsilə həyata keçirilir.

“Ötən müddət ərzində görülən işlər, aparılan məlumatlandırma tədbirləri
nəticəsində dələduzluq hallarının sayında kifayət qədər azalma müşahidə olunsa
da, son həftələr bu tip saxta məlumatlarla bağlı kampaniyalarda yenidən
aktivlik müşahidə olunur. SOCAR bu cür hallarla mübarizə məqsədilə müvafiq
dövlət qurumları ilə birgə səmərəli fəaliyyət həyata keçirir. İctimaiyyəti
mütəmadi olaraq məlumatlandırmaq məqsədilə hazırlanan informasiyalar ölkəmizin
media resurslarında dərc olunur. Eyni zamanda, SOCAR-ın sosial şəbəkə
hesablarında dələduzluq hallarına qarşı təbliğat aparılır. SOCAR-a bu məsələ
ilə bağlı vətəndaşlardan telefon, elektron poçt, sosial şəbəkələr vasitəsilə
daxil olan müraciətlər, həmçinin sosial şəbəkələrin monitorinqi zamanı müəyyən
edilən faktlar toplanaraq Daxili İşlər Nazirliyinə təqdim olunur.

Məsələ ilə bağlı vətəndaşlar tərəfindən SOCAR-a edilən müraciətlər dərhal
cavablandırılır, dələduzluq halları ilə bağlı ətraflı məlumat verilir,
ayıq-sayıq olmaları tövsiyə edilir.

Ötən müddət ərzində məsələ ilə bağlı SOCAR tərəfindən 60-dan çox vətəndaş
müraciəti cavablandırılıb. Aparılan araşdırmalar və müraciətlər nəticəsində
vətəndaşlara edilən zənglərin əsasən, müxtəlif xarici ölkələrin mobil
operatorlarına məxsus nömrələr vasitəsilə edildiyi müəyyən edilib.

Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə edilən əməkdaşlıq
nəticəsində SOCAR adından saxta investisiya kampaniyaları ilə bağlı mobil
tətbiqlərin silinməsinə nail olunub. Bu istiqamətdə iş mütəmadi olaraq davam
etdirilir. Vətəndaşlarımızı heç bir əsası olmayan bu cür məlumatlara
inanmamağa, bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırır,
yalnız rəsmi mənbələrdə yer alan informasiyalara istinad olunmasını xahiş
edirik”, – deyə SOCAR-ın yaydığı məlumatda qeyd olunur.

Eyni zamanda, vətəndaşlardan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq
hüquq-mühafizə orqanlarına müraciət etmələri və məlumatları[email protected]
ünvanına göndərmələri xahiş olunur:

“Sonda vətəndaşları aldadıb, etibarından sui-istifadə edib, onların əmlakını,
əmlak hüquqlarını və fərdi məlumatlarını ələ keçirən, SOCAR-ın işgüzar nüfuzuna
zərər vuran şəxslərin diqqətinə bir daha çatdırırıq ki, qeyd edilən əməllər,
onları törədən şəxslərin məsuliyyətə cəlb olunması və cəzalandırılması üçün
əsas yaradır”.

Source link