SOCAR-da Naftalan yatağının perspektivliyinin yüksəldilməsinə dair xüsusi
proqram hazırlanıb – FOTO
Naftalan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,
Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, “PMD Hospitality”nin birgə
təşkilatçılığı ilə keçirilən “Naftalan – sağlamlıq və turizmin sinerji mənbəyi.
Beynəlxalq turizm mərkəzinin inkişaf strategiyası” mövzusunda beynəlxalq
elmi-praktik konfrans oktyabrın 8-də işinə plenar iclas və panel müzakirələrlə
başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransdan öncə iştirakçılar ümummilli lider Heydər
Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini
dərin ehtiramla anıblar. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və
yaradıcılığını əks etdirən stendlərə baxış keçirilib.
Naftalan haqqında videoçarx nümayiş etdirildikdən sonra konfransın plenar
iclası işə başlayıb.
Konfransda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış
edərək qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Həmçinin,
ölkəmizdə həyata keçirilən iqtisadi islahatların, xüsusilə də sahibkarlığın,
biznesin inkişafının hər zaman dövlətin diqqət mərkəzində olmasını, bu sahədə
ciddi uğurlar əldə edildiyini, paytaxtda və bölgələrdə yeni sosial-iqtisadi
layihələr həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, beynəlxalq
elmi-praktik konfrans işgüzarlığı və səmərəliliyi ilə qarşılıqlı əlaqələrin
qurulmasına, tibbi turizmin beynəlxalq səviyyədə inkişafına öz dəyərli
töhfəsini verəcək.
AMEA-nın prezidenti, deputat İsa Həbibbəyli, səhiyyə nazirinin müavini Nadir
Zeynalov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev,
Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmit, SOCAR
prezidentinin müşaviri Xalik Məmmədov, Türkiyə Respublikasının Gəncə
şəhərindəki Baş konsulu Recep Öztop, “PMD Hospitality”nin Baş tibb inzibatçısı
Çingiz Hacıyev, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş
direktor vəzifəsini icra edən Fərhad Quliyev, QHT-lərə Dövlət Dəstəyi
Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək sağlamlıq və turizm
fəaliyyətinin stimullaşdırılması, mövcud turizm potensialından istifadə
imkanlarının qiymətləndirilməsi, turizm sənayesində maraqlı tərəflər arasında
qarşılıqlı əlaqələrin qurulması, müalicəvi və tibbi, arxeo, aqro və eko
turizmin inkişafı, beynəlxalq aləmdə Naftalanın turizm potensialının təbliğinə
və təşviqinə imkan yaradılması yollarından danışıblar.
Bildirilib ki, turist axını baxımından Naftalanın inkişafı yüksək
qiymətləndirilir. Naftalan neftinin özünəməxsus müalicəvi əhəmiyyəti onu
dünyada məşhur edib. Daha çox dəri xəstəlikləri və dayaq-hərəkət
xəstəliklərinin müalicəsində bu neftdən geniş istifadə olunur. Bu baxımdan
Naftalan nefti barədə dünyada məlumatlılıq dərəcəsini artırmağa zərurət var.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən,
ölkəmizdə sağlamlıq turizminin davamlı inkişafı məqsədilə ilə SOCAR-da Naftalan
yatağının perspektivliyinin yüksəldilməsinə dair xüsusi proqram hazırlanıb.
Proqramda mütərəqqi qazma üsullarından istifadə olunmaqla, yeni axtarış
quyularının qazılması nəzərdə tutulur. Artıq bu il 3500 metr dərinliyə bir
quyunun qazılması planlaşdırılır. 1950-ci ildən bu günədək 60 min tona yaxın
Naftalan nefti hasil olunub. 1970-ci ildə hasilat maksimum səviyyəyə yüksəlmiş
və yataqdan 1779 ton neft çıxarılmışdır. Naftalan yatağının ilkin balans
ehtiyatları 1 milyon 165 min ton, ilkin çıxarıla bilən ehtiyatları 117 min ton
həcmində qiymətləndirilir. Çıxarıla bilən neft ehtiyatının 52,2 faizi artıq
mənimsənilib. Hazırda yatağın qalıq balans ehtiyatları 1 milyon 109 min ton,
qalıq çıxarıla bilən neft ehtiyatları 61 min ton təşkil edir. Ümumi quyu fondu
94, cari istismar fondu isə 32 quyudan ibarətdir.
Sonra Litvanın Druskininkay şəhər merinin müavini Linas Urmanaviçius,
Türkiyənin Yalova şəhərinin bələdiyyə sədrinin köməkçisi Fatih Şahin, Almaniya
Tibbi Sağlamlıq Assosiasiyasının prezidenti Lutz Lungvits, Rusiyanın Kazan
şəhərinin Turizm inkişafı komitəsinin şöbə müdiri Anna Strelkova, Qazaxıstanın
Astana şəhərinin Daxili siyasət şöbəsi rəhbərinin müavini Miras Abdurahman,
Özbəkistanın Tibbi Turizm Assosiasiyası prezidentinin müavini Axmad Axmedov
çıxış edib, Naftalan neftinin möcüzəvi faydalarından danışıblar.
Daha sonra konfrans işini üç panel üzrə davam etdirib. Panellərdə “Naftalanın
sağlamlıq turizmi destinasiyasının qlobal marketinq perspektivləri”,
“Naftalanda dayanıqlı turizm idarəçiliyi: risklərin qorunması, təhlükəsizlik,
elmi araşdırmalar və keyfiyyət standartlarının tətbiqi”, “Naftalan və
alternativ turizm imkanları: Arxeologiya, aqroturizm və ekoturizm
perspektivləri” mövzusunda müzakirələr aparılıb.
Konfransdan gözlənilən nəticələr müasir dövrdə sağlamlıq turizminin müxtəlif
sahələrində qarşıya çıxan problemlərin müəyyənləşdirilməsi və onların aradan
qaldırılması yollarını müzakirə edərək, təklif və tövsiyələr hazırlamaq, eyni
zamanda, beynəlxalq aləmdə Naftalanın turizm potensialının təbliği və təşviqinə
imkanlar yaratmaqdır.
İki gün davam edən beynəlxalq konfransa 8 xarici ölkənin nümayəndələri,
ümumilikdə isə 100-dən çox iştirakçı qatılıb.