SOCAR “Equinor” şirkətinin Azərbaycandakı aktivlərini alıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu il dekabrın 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)
prezidenti Rövşən Nəcəfin “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat və hasilat
üzrə icraçı vitse-prezidenti Filip Matyönün rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşü olub.
Bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, görüşdə SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ”
yataqları, həmçinin Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsi üzrə “Equinor” şirkətinə
məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.
Qeyd edək ki, iştirak paylarının alqı-satqısına qədər, “Equinor” AÇG neft
yataqlarında 7,27%, BTC boru kəmərində 8,71%, “Qarabağ” yatağında isə 50%
iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25%, BTC-də 25%,
“Qarabağ” yatağında isə 50% təşkil edib.
İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və
müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.
Görüşdə, həmçinin “Equinor” ilə SOCAR arasında dekarbonizasiya və yaşıl enerji
sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.