SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının
iclası keçirilib.
Bu barədə SOCAR məlumat yayıb.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının
sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə SOCAR-ın
2023-cü ilin ilk 9 ayı üzrə fəaliyyət nəticələri ətraflı müzakirə edilib.
Hesabat dövründə neft və qaz yataqlarının işlənməsi üzrə görülən işlər, hasilat
göstəriciləri, bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi,
dekarbonizasiya istiqamətində atılan addımlar barədə məlumat verilib. Eyni
zamanda, cari ilin ilk 9 aylıq nəticələri əsasında korporativ Əsas Səmərəlilik
Göstəriciləri (ƏSG) üzrə hədəflərin icra vəziyyəti nəzərdən keçirilib, 2024-cü
il üçün büdcə layihəsi müzakirə edilib.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”
elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü
il tarixli Sərəncamından irəli gələn tapşırıqlar çərçivəsində ölkədə bərpa
olunan enerji mənbələrinin inkişafı, həmçinin SOCAR-ın dekarbonizasiya
hədəflərinə çatması məqsədilə “SOCAR Green” MMC şirkətinin təsis edilməsi
təsdiq edilib.
Müşahidə Şurasının iclasında, habelə “Yeni Əməliyyat Modeli”nin icra statusuna
dair təqdimat edilib. Qarşıya qoyulan strateji məqsədlərə nail olmaq məqsədilə
tətbiq olunan əməliyyat modelinin qısa müddət ərzində SOCAR-da korporativ
idarəetmə proseslərinin təkmilləşdirilməsi, biznesin dayanıqlılığı və
korporativ mədəniyyətin növbəti inkişaf mərhələsinə çatdırılması işlərinə mühüm
töhfə verdiyi bildirilib.
İclasda gündəliyə daxil olan digər məsələlər ətrafında fikir mübadilələri
aparılıb, müvafiq tapşırıqlar verilib.