SOCAR-ın prezidenti COP-28 çərçivəsində bir sıra görüşlər keçirib, vacib
sənədlər imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası
(COP-28) çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR)
prezidenti Rövşən Nəcəf bir sıra xarici şirkət rəhbərləri ilə görüşlər keçirib.
Qurumdan verilən məlumata görə, SOCAR-ın prezidentinin “Boston Consulting
Group” (BCG) şirkətinin qlobal sədri Riç Lesser ilə görüşündə şirkətlər
arasında iqlim dəyişmələri, emissiya həcmlərinin qiymətləndirilməsi
istiqamətlərində birgə layihələrin uğurla həyata keçirildiyi vurğulanıb, enerji
keçidi, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq
imkanları nəzərdən keçirilib.
Görüşdə SOCAR ilə BCG arasında Əməkdaşlıq proqramının icrası ilə bağlı
müqavilə imzalanıb.
Səfər çərçivəsindən SOCAR prezidenti Rövşən Nəcəfin “Masdar” şirkətinin baş
icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi ilə görüşü olub. Görüşdə birgə həyata
keçirilən layihələrin Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına,
bərpa olunan enerji mənbələrinin inkişafına əhəmiyyətli töhfə verəcəyi qeyd
edilib, həmçinin əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə
olunub.
“Ernst & Young” şirkətinin qlobal sədr müavini xanım Amy M. Brachio ilə
görüşdə bərpaolunan enerji, rəqəmsallaşma, könüllü karbon bazarları sahələrində
potensial əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə
dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda, SOCAR ilə Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Strateji
Əməkdaşlığa dair Saziş imzalanıb.
Saziş SOCAR ilə ADNOC şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində
birgə fəaliyyətin daha da genişləndirilməsini, “mavi hidrogen”, geotermal və
karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutur.
COP-28 çərçivəsində, həmçinin SOCAR ilə “Sirius” beynəlxalq holdinqi arasında
Strateji Əməkdaşlığa dair Saziş imzalanıb.