SOCAR-ın prezidenti Dünya İqtisadi Forumunun nümayəndələri ilə görüşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf
Dünya İqtisadi Forumunun enerji keçidi araşdırmaları və regional sürətləndirmə
üzrə rəhbəri Espen Mehlum və neft-qaz sənayesi üzrə rəhbəri Renee Van Heusden
ilə görüşüb.
Şirkətdən verilən məlumata görə, görüş çərçivəsində SOCAR-ın neft-qaz
şirkətindən beynəlxalq enerji şirkətinə transformasiyası, 2035-ci ilədək
Korporativ Strategiyasında müəyyənləşdirilən digər strateji hədəfləri barədə
məlumat verilib. Enerji keçidinin şirkətin prioritet inkişaf istiqamətlərindən
biri kimi təsbit edildiyi diqqətə çatdırılıb, bu sahədə SOCAR ilə beynəlxalq
tərəfdaş şirkətlər arasında imzalanan sənədlərin, atılan birgə addımların önəmi
qeyd olunub.
Söhbət zamanı Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29-un iqlim
dəyişmələri ilə bağlı atılan addımlara mühüm töhfə verəcəyi əminliklə
vurğulanıb.
Tərəflər SOCAR ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığın
genişləndirilməsi imkanlarını nəzərdən keçirib, dekarbonizasiya, “Xalis sıfır”,
metan emissiyalarının azaldılması, rəqəmsallaşma, həmçinin dayanıqlı apstrim
layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparıblar.