SOCAR istiqrazlarının 10-cu kupon ödənişi edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi
4,5% olan və faiz gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR
istiqrazlarının növbəti kupon ödənişi 1 may tarixində həyata keçirilib.
Bu barədə “SOCAR Capital” şirkəti məlumat yayıb.
Bildirilib ki, SOCAR istiqrazları 10-cu kupon ödənişi nəticəsində sahiblərinə
növbəti dəfə 1 milyon 125 min ABŞ dolları gəlir qazandırıb və istiqraz
sahiblərinin qazancı 11 milyon 250 min ABŞ dollarına yüksəlib.
Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən bu günədək SOCAR istiqrazları ən
çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub. 2016-cı və
2021-ci illərdə emissiya edilən SOCAR istiqrazları 2016-cı ildən indiyədək
investorlarına ümumilikdə 36 milyon ABŞ dollarından çox gəlir qazandırıb.
Emissiya olunduğu 30 aylıq müddət ərzində təkrar bazar əməliyyatları üzrə
ticarət həcminin 44 milyon ABŞ dollarını üstələməsi və bağlanmış əqd sayının
700-ü ötməsi 2-ci SOCAR istiqrazlarına olan yüksək tələbatın təzahürüdür.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycandakı lisenziyalı bütün
investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR istiqrazları yüksək
likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1 000 ABŞ dolları)
aşağı düşməyib.
SOCAR istiqrazlarının növbəti kupon ödənişi 1 avqust 2024-cü il tarixində baş
tutacaq.
Qeyd edək ki, SOCAR istiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1 və 5
saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya
şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb-səhifələrdan əldə edilə
bilər.