SOCAR Özbəkistanda kimya və neft-qaz avadanlıqları istehsal edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Qaşqadərya vilayətində
kimyəvi reagentlərin və neft-qaz avadanlıqlarının istehsalına başlamaq
niyyətindədir.
“Report”un verdiyi məlumata görə, idxalın əvəzlənməsi məqsədilə Özbəkistanda
kimyəvi maddələrin və qazma məhlullarının istehsalının yaradılması nəzərdə
tutulur. Həmçinin quyuların əsaslı təmiri üçün avadanlığın hazırlanması və
yataqların işlənməsi, həmçinin quyuların qazılması zamanı istifadə olunan qazma
və sementləmə məhlulları üçün komponentlərin saxlanması və paylanması
xidmətlərinin göstərilməsi də nəzərdən keçirilir.
Bildirilir ki, “Özbəkneftqaz” şirkətinin və SOCAR-ın “Neftqaz” Elmi-Tədqiqat
Layihə İnstitutunun ekspert qrupları layihə üzrə ilkin biznes planın
hazırlanmasını müzakirə ediblər.
Bundan başqa, “Özbəkneftqaz”ın işçi qrupu qazma və sementləmə məhlulları üzrə
beynəlxalq sertifikat almış sınaq laboratoriyalarının fəaliyyəti ilə də tanış
olub.
“Neftqaz” Elmi-Tədqiqat Layihə İnstitutu Özbəkistanda qazma və sementləmə
məhlullarını öyrənmək üçün sınaq laboratoriyası tikməyi planlaşdırır.
Danışıqların nəticəsi olaraq, birgə İşçi Qrupunun üzvləri layihənin növbəti
mərhələləri barədə razılığa gəliblər.