Sumqayıt Kimya Sənaye Parkının tərkibində yaradılan “SOCAR Polimer” layihəsi çərçivəsində, ölkəmizdə əvvəllər istehsal olunmayan, lakin dünya bazarlarında böyük tələbat duyulan polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı üçün yeni qurğular quraşdırılır.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
Zavodda istehsal ediləcək polimer məhsullarının müxtəlif istehlak mallarının istehsalı üçün xammal rolunu oynayacağını deyən R.Abdullayev bildirib ki, bu, ölkə daxilində orta və kiçik sahibkarlığın inkişafına münbit şərait yaradacaq:
“Həmçinin cari ildə Yeni Qaz Emalı Kompleksinin tikintisinə başlanması planlaşdırılır. Kompleksdə təbii qaz, xüsusən də səmt qazı karbon qazından təmizlənəcək. C2+ fraksiyalar qazın tərkibindən ayrılaraq polimer məhsullarının istehsalı üçün istifadə ediləcək, təmizlənmiş yanacaq qazı isə ölkə təsərrüfatına veriləcək.
Yeni Qaz Emalı Kompleksi ilə bağlı xarici investorlarla aparılan danışıqlarda layihəyə böyük maraq müşahidə edilir. Bu layihəyə maraq göstərən yeni tərəfdaşlarla da danışıqlar aparmağa hazırıq”.
O, SOCAR-ın ölkədə istehsal olunan neft və qaz emalı məhsullarının çeşidinin artırılması üçün yeni layihələr icra etdiyin vurğulayıb:
“Artıq bu il istismara veriləcək “SOCAR Polymer”, Karbamid zavodu, Türkiyədə STAR neft emalı zavodu layihələri iqtisadiyyatımızın şaxələndirilməsi, aqrar sənayenin və qeyri-neft sektorunun inkişafı, habelə region bazarlarının etibarlı təminatı baxımından əhəmiyyətli rola malikdir”.