“SOCAR Türkiyə” tullantısız istehsalat sahəsində uğura imza atdı

“SOCAR Türkiyə” tullantısız istehsalat sahəsində uğura imza atdı

Baxış sayı: 2. 387 dəfə baxılıb.

Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə”nin İzmirin Əliağa bölgəsində Emal və Neft-Kimya bölməsi tərkibində fəaliyyət göstərən törəmə müəssisələri “Petkim”, STAR Neft Emalı Zavodu (NEZ) və “SOCAR Türkiyə Akaryakıt Depolama A.Ş.” “Sıfır Tullantı Tənzimlənməsi” çərçivəsində bütün tələbləri yerinə yetirərək Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən “Sıfır Tullantı Sertifikatı”na layiq görülüb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Beləliklə hər üç müəssisə tullantı tənzimlənməsi sahəsində müvafiq avadanlıq və sistem infrastrukturunu tamamlayaraq qanunvericilikdə göstərilən tələblərə riayət etdiklərini və tullantıları mənbəyində ayıraraq onların təkrar emaldan sonra iqtisadiyyata geri qazandırıldığını rəsmiləşdirmiş oldu.

“SOCAR Türkiyə” tullantısız istehsalat sahəsində uğura imza atdı

Davamlılıq siyasəti çərçivəsində Petkim, STAR NEZ və “SOCAR Depolama” müəssisələrinin istehsal bölmələri üçün tullantıların birgə idarəolunması sisteminin qurulduğunu bildirən “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri Anar Məmmədov deyib:

“Üç şirkətimizdə başlatdığımız Sıfır Tullantı Layihəsi ilə mənbələrin daha səmərəli istifadəsini və tullantıların yerində toplanaraq iqtisadiyyata geri qazandırılmasını hədəfləyirik. Bu istiqamətdə bütün istehsal sahələrimizdə tullantıların idarəolunması sistemlərini və tullantı toplayan maşınlarımızı yenilədik. Tullantıların müvəqqəti saxlandığı sahələri yaxşılaşdırdıq. İl ərzində bütün əməkdaşlarımız üçün təlimlər və maarifləndirmə tədbirləri həyata keçirdik. Görülən işlər nəticəsində SOCAR Türkiyə Emal və Neft-Kimya bölməsi tərkibində fəaliyyət göstərən istehsal müəssisələrində təkrar emal həcmini 32%-ə qədər artırdıq. Fəaliyyətlərimiz nəticəsində aldığımız Sıfır Tullantı Sertifikatı gələcək işlərimizdə bizə stimul olacaq”.

Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın himayəsi ilə 2017-ci ildə həyata keçirilən Sıfır Tullantı Layihəsi dayanıqlı inkişaf prinsipləri çərçivəsində tullantıların nəzarətə alınması və gələcək nəsillərə təmiz bir Türkiyənin, yararlı bir dünyanın ötürülməsi məqsədini daşıyır. Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində Sıfır Tullantı Tənzimlənməsi meyarlarına əməl edən şirkət və qurumlara 5 il müddətinə qüvvədə olan Sıfır Tullantı Sertifikatı verilir. Bu sertifikatın alınmasından sonra növbəti 12 ay ərzində gümüş, qızıl və platin sıfır tullantı sertifikatı üçün müraciət etmək olar. SOCAR Türkiyə Emal və Neft-Kimya bölməsinə daxil olan istehsal müəssisələri növbəti il ərzində gümüş, qızıl və ya platin sıfır tullantı sertifikatı üçün müraciət etməyi planlaşdırır.