3ea4e209-4979-46ed-a856-7eb43ad4fed3..jpg

Soçi görüşü: Ərdoğanın təklifi, Putinin şərti – ŞƏRH + FOTO

Baxış sayı: 437 dəfə baxılıb.

Soçi görüşü: Ərdoğanın təklifi, Putinin şərti – ŞƏRH + FOTO

Türkiyə və Rusiya rəsmiləri arasında görüşlər daim dünyanın diqqət mərkəzində
olur. Bunun səbəblərindən biri, heç şübhəsiz, rəsmi Ankaranın Rusiya-Ukrayna
qarşıdurmasında tutduğu mövqedir.

Bir neçə ay əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir
Putinin Türkiyədə görüşəcəyinə dair xəbərlər yayılmışdı. Belə bir görüşün
keçiriləcəyini Rusiyadakı mənbələr də təsdiqləyirdilər. Ancaq avqustun sonunda
görüşün Soçidə keçiriləcəyi barədə məlumat yayıldı.

Düzdür, əsas məsələ görüşün baş tutmasıdır. Ancaq Rusiya prezidenti uzaq
xarici ölkələrə çoxdandır səfər etmir. Bu baxımdan, görüş yeri də vacib
amillərdən sayılır. Vladimir Putinin Roma Statutunu qəbul edən ölkələrə səfər
etməməsi başadüşüləndir. Çünki bu halda onun həbs edilməsi ehtimalı var.
Məsələn, o, BRICS-in Cənubi Afrika Respublikasında keçirilən toplantısına
videoformatda qatıldı. Rusiya prezidenti “Böyük 20liy”in (G20) sentyabrın
9-10-da Hindistanda keçiriləcək zirvə toplantısında da əyani iştirak etməyəcək.
Ümumiyyətlə, Ukraynada müharibə başlayandan Rusiya dövlət başçısı bir sıra
toplantı və görüşləri onlayn formatda keçirir. Vladimir Putinin davranışını
təhlükəsizlik məsələləri ilə əlaqələndirirlər və s.

Ötən gün iki prezidentin görüşündə diqqət mərkəzində olan başlıca məsələlərdən
biri də “Taxıl sazişi”nin bərpası idi. Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna
və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl
sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna və Rusiya taxılının, ərzaq
və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Daha əvvəl bir neçə
dəfə uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatsa da, Rusiya rəsmiləri
sazişin uzadılmasını təsdiqləməyiblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə
ikitərəfli görüşdən sonra deyib: “Biz “Taxıl sazişi”nin bərpası üçün yeni
təkliflər paketi hazırlamışıq, müsbət nəticə əldə edəcəyimizə ümid edirik”. Öz
növbəsində, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bir neçə həftədən
sonra ölkəsi Afrikanın altı dövlətinə güzəştli qiymətə Qətərin maliyyəsi
hesabına taxıl tədarük etməyə başlayacaq.

Qeyd edək ki, Vladimir Putin bu il iyulun 25-də Sankt-Peterburqda keçirilən
Rusiya-Afrika forumunda Burkina-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika
Respublikası və Eritreyaya 25-30 min ton taxıl tədarük edəcəklərini
bildirmişdi. Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat
konfransında “Taxıl sazişi”nin uzadılması ilə bağlı şərtlərdən danışaraq deyib
ki, Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlər
aradan qaldırıldıqdan sonra “saziş”in bərpası haqqında düşünməyə hazırdır:
“Əgər bu olarsa, biz sazişi bərpa edərik. Bunu həmkarıma açıq dedim”. Ona görə
də Ərdoğanla Putin arasında “Taxıl sazişi”nin uzadılması istiqamətində aparılan
müzakirəni uğurlu saymaq olmaz.

Əslində, Rusiya “saziş”dən Ukraynaya və Qərb dövlətlərinə təzyiq aləti kimi
istifadə edir. Bundan başqa, ABŞ başda olmaqla Ukrayna taxılına ehtiyacı olan
ölkələri müttəfiqlərinə qarşı çıxış etməyə hazırlayır. Ehtimal etmək olar ki,
Afrikanın Niger və Qabon kimi ölkələrindəki hərbi çevrilişlər, Malidə etiraz
aksiyalarının genişlənməsinin də Rusiya ilə bu və ya başqa formada əlaqəsi var.

Belə qənaətə gəlmək olar ki, “Taxıl sazişi”ni uzatmamaqla fürsətdən istifadə
edən Rusiya öz üstünlüyünü də nümayiş etdirir. Bu baxımdan, Rəcəb Tayyib
Ərdoğanla Vladimir Putinin bu məsələdə anlaşmayacağı da gözlənilən idi.

Görüşə xarici reaksiya da var. Almaniyanın xarici işlər naziri Annalena Berbok
Rusiya prezidentini “Taxıl sazişi”nə mane olduğuna və Ukraynanın cənubundakı
liman infrastrukturuna hücumlara görə tənqid edib: “Rusiya qlobal aclığı
gücləndirir”. Türkiyə lideri də “Savaşın qazananı, barışın itirəni olmaz”
deməklə Putinlə müzakirə olunan Rusiya-Ukrayna müharibəsinə münasibətini
diplomatik şəkildə dilə gətirib. Bu o deməkdir ki, məlum müharibədən nə Rusiya,
nə də Ukrayna qazanacaq.

Dövlət başçıları “Taxıl sazişi” ilə bağlı ciddi anlaşma əldə etməsələr də,
ikitərəfli ticarət əlaqələrinin genişləndiyinə dair açıqlamalar veriblər.
Liderlər iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 100 milyard dollara
hədəflədiklərini, hazırda isə bu rəqəmin 62 milyard dollar təşkil etdiyini
vurğulayıblar. R.T.Ərdoğan qeyd edib ki, bu ilin yeddi ayı ərzində Rusiyadan
Türkiyəyə 3,5 milyon turist səfər edib.

Görüşdə Akkuyu Atom Elektrik Stansiyasının tikintisi istiqamətində işlərin
davam etdiyi, Sinop stansiyası ilə bağlı məsələnin müzakirə olunduğu
bildirilib. Yaxın zamanda Rusiyadan təbii qaz ixracına və tərəflər arasında
başqa sahələrə dair yeni addımların atılacağı gözlənilir.

Liderlər regional və qlobal məsələləri, o cümlədən Suriya, Qafqaz, Liviya və
Afrikadakı vəziyyəti də müzakirə ediblər. Rəsmi Ankara ilə Moskvanın bu
məsələlərə münasibətində fərqli məqamlar az deyil. Ehtimal etmək olar ki, onlar
Azərbaycan-Ermənistan normallaşma prosesini, Azərbaycanın Qarabağ iqtisadi
rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının fəaliyyətini,
ermənilərin son zamanlar sərhədyanı bölgədə törətdikləri təxribatı, habelə
Laçın yolu ətrafındakı vəziyyəti də müzakirə ediblər. Liviyada da Türkiyə ilə
Rusiyanın fərqli yanaşması mövcuddur. Belə ehtimal etmək olar ki, prezidentlər
Niger və Qabondakı hərbi çevrilişlər fonunda Afrikaya münasibətin perspektivinə
də toxunublar.

Bu, Türkiyə liderinin Rusiyaya işgüzar səfəri idi. Görüş ümumilikdə üç saat
sürüb. Bu da sammitin keyfiyyətinin göstəricisi sayıla bilər. Ona görə də
Ərdoğan-Putin görüşünü statistika üçün əhəmiyyətli saymaq daha doğru olardı.
Çünki nəzərdə tutulan və gözlənilən başlıca mövzuda razılıq əldə edilməyib. Bu
istiqamətdə açıqlanan məsələ isə ictimaiyyətə əvvəldən də məlum idi. Soçi
görüşü Rusiya prezidenti üçün daha vacib sayıla bilər. O, bununla özünü və
mövqeyini nümayiş etdirmək üçün fürsət əldə etmiş oldu. Liderlərin növbəti
görüşü Nyu-Yorkda BMT Baş Assambleyasının sentyabrın 19-25-də keçiriləcək
sessiyası çərçivəsində reallaşa bilər. Əlbəttə, bunun üçün Vladimir Putin
Rusiyanı tərk etməlidir…

“Report” İnformasiya Agentliyi

Source link