406857ce-e197-47f5-b8e4-f7502cd59d54..jpg

Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır – SƏBƏB + FOTO

Baxış sayı: 418 dəfə baxılıb.

Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır – SƏBƏB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il iki dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika
müşahidə edilir. Kakaonun bir tonunun qiyməti 10 min dolları keçib. Bu
bahalaşma nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətinin də
artacağı gözlənilir. 2023-2024-cü il mövsümündə əvvəlki 12 aya nisbətən kakao
istehsalında təxminən səkkiz faiz azalma proqnozlaşdırılır. Fil Dişi Sahili və
Qanadakı əsas kakao fabrikləri toxum xərclərini ödəyə bilmədiklərinə görə,
istehsalı azaltmağa və ya dayandırmağa qərar verdikləri üçün kakao qiymətləri
rekord qırır. Kakaonun əsas istifadə olunduğu sahələrdən biri də şokolad
istehsalıdır. Bu məhsulla bağlı baş verən proseslər Azərbaycanda şokolad
qiymətlərinə nə dərəcədə təsir edə bilər?

“Kaspi”

qəzetinin mövzuya həsr olunmuş məqaləsini təqdim edirik:

Xammaldan asılıyıq

İqtisadçı Rauf Qarayev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, şokolad
istehsal etmək üçün digər ölkələrin xammal məhsuluna ehtiyacımız var: “Bu bitki
Azərbaycanda bitmir. Çünki hava və iqlim şəraiti ölkəmizdə kakao bitkisini
yetişdirmək və digər ölkələrə ixrac üçün əlverişli deyil. Ona görə də digər
ölkələrdən asılı vəziyyətdəyik. Dünya bazarında ən çox kakao istehsal edən,
öndə gedən ölkə Fil Dişi, sonrakı sırada isə İndoneziya, Qana, Braziliya,
Malayziya və digər ölkələrdir. 2023-cü ildə də bu bitkinin qiymətində bahalaşma
müşahidə edilirdi”.

Qiymət artımını payızda müşahidə edə bilərik

R.Qarayevin fikrincə, hazırda şokoladların qiymətində artım gözlənilməsə də,
gələcək dövr üçün bu, mümkündür: “Bu artım Azərbaycanda şokoladın qiymətinə
10-20 faiz təsir edə bilər. Amma Azərbaycan tək kakaonu almır, həm də satışını
həyata keçirir. Hazırda yay fəslinə doğru gedirik. Belə olduğu təqdirdə
şokolada olan tələbat da azalır. Bu baxımdan hazırda heç bir təhlükə yoxdur.
Amma qiymət artımını payız fəslində müşahidə edə bilərik”.

Onlardan heç də geri qalmırıq

İqtisadçının sözlərinə görə, şokolad istehsalında keyfiyyətli hesab oluna
biləcək məhsullarımız çoxdur: “Hazırda rəqiblərimiz Rusiya, Türkiyə, Özbəkistan
kimi ölkələrdir. Keyfiyyət baxımından onlardan heç də geri qalmırıq. Müasir
avadanlıqlar və digər şərait imkan yaradır ki, ölkəmizdə keyfiyyətli şokolad
istehsal olunsun. Bu baxımdan digər ölkələrdən asılılığımız da azalır. Amma
kakao cəhətdən asılı olduğumuz üçün qiymət artımı daha çox şokolad istehsal
edən firmalara təsir göstərə bilər”.

Qiyməti formalaşdıran bazardır

Müsahibimiz qeyd etdi ki, bazarda süni qiymət artımları baş verə bilər, lakin
buna nəzarət vacibdir: “Qiymətin bahalaşmasının qarşısının alınması üçün daimi
monitorinq həyata keçirilməlidir. Çünki qiyməti formalaşdıran bazardır, bəzi
hallarda sahibkarlar sui-istifadə hallarına yol verirlər. Sahibkarlar qiyməti
qaldırdığı zaman bunu əsaslandıran səbəbləri qeyd etmirlər. Amma monitorinqlər
aparılmalı və əsassız şəkildə qiymətləri qaldıran sahibkarlar
cəzalandırılmalıdırlar. Bu şəkildə süni qiymət artımının qarşısı alınar”.

Tələb və təklif qaydalarına uyğun olaraq…

Qida mütəxəssisi Seymur Qafarovun fikrincə, kakaonun istehsalında problemlər
mövcud olduğu üçün şokoladın qiymətində yüksəlmə olması təbii haldır: “Dünyada
ən çox bahalaşmaya məruz qalan məhsul kakaodur. Bunun səbəbi dünyada onun
təminatçısı olan Afrika ölkələrində istehsal şərtlərinin ağırlaşması,
mütəxəssis və işçi heyətinin azalması, torpağın məhsuldarlıq səviyyəsinin
pestisidlərin təsiri ilə aşağı düşməsidir. Beləliklə, kakaonun istehsalı da
azalır. Tələb və təklif qaydalarına uyğun olaraq az istehsal olunmuş məhsul
bazarda bahalaşır”.

Tək şokolad bahalaşmayacaq

S.Qafarov bildirdi ki, şokolad və ondan hazırlanan digər şirniyyatların
qiymətlərinin də bahalaşması mümkündür. Çünki istehsal müəssisələri xammalı
baha qiymətə əldə edir və bu da istehlakçılar üçün ziyandır: “Bu, ictimai iaşə
müəssisələri, qənnadı istehsalı sahələrinə də öz mənfi təsirini göstərəcək.
Yəni şokoladlı kekslər, bulkalar, bu məhsulun istifadə olunduğu dekorasiyalı
tortlar və digər qənnadı məhsullarında – dondurma, kokteyllərin qiyməti də
müvafiq olaraq yüksələcək. Həmçinin ölkəmizdə şokolad istehsal edən böyük
sahibkarlıq subyektləri və kiçik sexlər şokolad ehtiyaclarının 90 faizdən daha
çox həcmini yalnız ölkə xaricindən idxal olunmuş hazır şokolad paxlaları və
kakao tozu əsasında ərsəyə gətirir. Onlara bu məhsullar baha başa gələcək.
Nəticədə məhsullar istehlakçıya daha yüksək qiymətə gəlib çatacaq.
İstehlakçılar bazarda tək şokoladın bahalaşması ilə qarşılaşmayacaq, həmçinin
şokolad tərkibli qidaları da baha qiymətə almış olacaqlar. Şokoladın
hazırlanmasında isə itki paylarını azaltmaq üçün bu məhsuldan daha diqqətli
istifadə olunacaq”.

Source link