06b77965-e082-4295-b366-319660e363ba..jpg

Soltan Məmmədov: “Britaniya nümayəndə heyəti Ağdamda minatəmizləmə işləri ilə yaxından tanış oldu”

Baxış sayı: 615 dəfə baxılıb.

Soltan Məmmədov: “Britaniya nümayəndə heyəti Ağdamda minatəmizləmə işləri ilə
yaxından tanış oldu”

“Azərbaycan Respublikasının Milli Məclisi müharibədən sonra ölkəmizin regionda
təqdim etdiyi sülh strategiyası, Ermənistanla sülh müqaviləsinin imzalanması
üçün Azərbaycanın atdığı addımlarda parlament siyasətinə böyük önəm verir”.

APA xəbər verir ki, bunu britaniyalı parlamentarilərlə birlikdə Ağdama səfər
edən Milli Məclisin deputatı Soltan Məmmədov jurnalistlərə bildirib.

“Eyni zamanda, bu gün biz Milli Məclis olaraq müxtəlif ölkələrin parlamentləri
ilə dostluq qrupları arasında Azərbaycanın mövqeyini, Azərbaycanın sülh
siyasətini və bu istiqamətdə Azərbaycana dost olan ölkələrin dəstəyini almaqdan
ötrü parlamentlərarası münasibətlərə xüsusi önəm veririk. Çox sevindirici
haldır ki, Azərbaycanın mövqeyini Böyük Britaniya parlamentində dəstəkləyən və
hər zaman qarşı tərəfə çatdıran Böyük Britaniya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun prezidenti, vitse-prezidenti və nümayəndə heyəti
Azərbaycandadır. Hökumət nümayəndələri ilə keçirilən görüşdən sonra bu gün biz
Ağdama səfər etmişik.

Qonaqlar Ağdamda ermənilər tərəfindən törədilmiş dağıdıcı siyasətlə və bu gün
burada həyata keçirilən quruculuq işləri ilə, ən əsası isə hər birimiz üçün ən
böyük problem olan minaların təmizlənməsi üçün görülən işlərlə yaxından tanış
oldular. Biz əminik ki, Böyük Britaniya hökuməti minaların təmizlənməsində
Azərbaycana kömək edir, Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini
tanıyaraq ölkəmizin beynəlxalq təşkilatlara və qarşı tərəfə təqdim etdiyi beş
prinsiplik sülh strategiyasını dəstəkləyir. İnanırıq ki, bundan sonra da bu
dəstəyi alacağıq. Bu səfər Böyük Britaniya hökumətinin Azərbaycanın regionda
həyata keçirdiyi sülh siyasətinə olan dəstəyinin, o cümlədən parlamentlərarası
münasibətlərin davamlı inkişafının bariz nümunəsidir”, – deputat qeyd edib.

Source link