Son 4 ildə də İlham Əliyevə məğlub oldular - Zahid Oruc

Son 4 ildə də İlham Əliyevə məğlub oldular – Zahid Oruc

Baxış sayı: 487 dəfə baxılıb.

15 iyun yalnız 90-cı illərin təqvim hadisəsi deyil və 20 sentyabr 2023-cü ildən sonra bütün əzəməti ilə aydın görünən dönüş nöqtəsidir.

Bunu Milli Məclisin bu gün keçirilən  növbədənəkənar sessiyasında  deputat Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, əslində Ulu öndərin tərcümeyi-halının yarım əsri onlarla xilaskarlıq səhifəsi ilə doludur: “Stalinin qurduğu imperiyada çekist sistemindən hakimiyyət birinciliyinə gəlmək, Nərimanov və Bağırovun acı taleyindən sonra 1969-cu ildə Azərbaycana rəhbərlik etmək əsil Qurtuluş hadisəsiydi. Çünki çarizm, cümhuriyyət və sovet dövrü liderlərinin heç biri onun qədər yüksələ, uzun illər zirvədə qala və ikinci dəfə hakimiyyətə qayıda bilmədilər. Beləliklə, 8 noyabr Zəfəri son 50 illik Əliyev kursunun parlaq nəticəsidir. Lakin biz Əliyevin gedişini də görmüşdük. 87-93-cü illərdə “ quruculuq xətti” qırılan kimi sovet coğrafiyasının hər yerində-təkcə Ermənistanda deyil, Rusiyadan orta Asiyaya və Gürcüstana qədər azərbaycanlıların kütləvi köçü başlandı. Bir neçə il sonra daxildə 100 minlərlə didərgin də 200 illik çarizm və son ümumittifaq qaçqınlığının növbəti pərdəsiydi. Lakin 80-ci illərdə imperiya rəhbərlərindən biri, yaxud 1993-cü ildə xiyabanlara və çadır şəhərciklərinə bürünən məmləkətə başçılıq edəndə də Heydər Əliyev hansı tarixi missiya qarşısında olduğunu yaxşı bilirdi. Əzəmətli Kremldə, ucqar Naxçıvanda, 93-cü ilin yanan Bakısında o, son iki əsrdə məğlub olan bütün milli rəhbərlərin yarımçıq taleyini təmsil edirdi. Əcdadlarımızın məğlubiyyət silsiləsini durdurub nəhayət, qalib millət yaratmaq-Qurtuluşdan Zəfərə gələn yolu göstərir. İndi ölkəmizə qələbə gətirən “Dəmir Yumruq” əslində Heydər Əliyevə aid müharibə simvoludur. Ordusuz Horadiz əməliyyatı, silahsız etnik separatizmin məhvi, büdcəsiz qlobal neft savaşının udulması və nəhayət, bu parlament binasında oynanılan antixalq tamaşalarının durdurulması həmin “dəmir iradə”nin nəticəsiydi. Üç gün əvvəl öz xalqının məfkurəsində çevriliş edən Nikol Paşinyanın Ermənistanı özü boyda Patriarxata döndərmək istəyənlərə üzünü tutaraq, “Lissabon sammitindən sonra erməni rəhbərlər məğlub oldular və yalan danışdılar, 2018-ci ildə bunları biləndə gərək Qarabağı Azərbaycanın tərkibində tanıyaydım” deməsi Ulu Öndərin ruhunun təntənəsiydi. Uzun illər Əliyevin kölgəsini qılınclayanlar, indi gedib Böyük liderdən əfv diləsinlər. Ona qalib gələ bilməyənlər, son 4 ildə də İlham Əliyevə məğlub oldular. Bəli, Qayıdış əbədi prosesdir. 2022-ci ilin 19 iyulunda Ağalıya, 2023-cü ilin 17 oktyabrında Füzuliyə, 2024-cü ilin 10 mayında müqəddəs Şuşaya və nəhayət, 28 mayda qan yaddaşımız Xocalıya dönüş də Milli Qurtuluşun 32 ildən ildən sonrakı davamıdır. Biz nəinki ölkəmizdə, bütün dünyada, Rusiya-Ukrayna savaşında, torpağından qan daman Qəzzada da milli Qurtuluş arzulayırıq”.

Deputat Azər Badamov  isə qeyd edib ki, müasir müstəqil Azərbaycan dövləti iki əsas üzərində inkişaf edir: “Birincisi əsas sovetlərin dağılması ilə yenidən müstəqilliyə qovuşmağımız olmuşdursa, ikinci əsas isə Milli Qurtuluş günümüzdür. Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” müdrik kəlamın nə qədər dəqiq olduğunu tarix sübut edib. Çünki 1918-ci ildə yaradılmış AXC cəmi 23 ay yaşadı və Cümhuriyyət qurucuları o vaxtı çətinliklə qazandığı dövlət müstəqilliyini qoruyub saxlaya bilmədilər. İkinci dəfə müstəqilliyə qovuşmağımız isə tarixi bir prosesin məntiqi nəticəsi idi. Amma bu nailiyyəti qoruyub saxlamaq və inkişaf etdirmək üçün çox çətin bir keçid dövrünü yaşamalı olduq. Çünki, Azərbaycan həmişə xarici düşmənlərin marağında olan bir məkan olub. O cümlədən ölkə daxilində gedən çəkişmələr və hakimiyyətsizlik xarici düşmənlərimizin çirkin niyyətlərinin reallaşmasına yol açırdı. Məhz belə bir çətin dövrdə xalqın və ölkənin taleyini Ümummilli Lider Heydər Əliyev xilas etdi. Bu baxımdan 15 iyun Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin qızıl hərflərlə yazılan şanlı səhifəsidir. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin gələcək taleyinə əbədi olaraq müstəqil olmasına işıq yandırdı. Ümummilli Lider Heydər Əliyev dövlətə rəhbərlikdə böyük təcrübəyə malik, xalqın inandığı , möhkəm iradəli və qətiyyətli qərarlar qəbul edə bilən böyük şəxsiyyət idi. Məhz onun hakimiyyətə qayıdışı xalqımızın özünü müstəqil ölkənin vətəndaşları olduğunu hiss etməyinə yol açdı. Əgər Milli Qurtuluşumuz olmasaydı bu gün fərqli bir Azərbaycan olardı. O fərqli Azərbaycanın necə ola biləcəyini təsəvvür edəndə bizi vahimə bürüyür. Çünki xaosun bataqlığında batan bir respublika torpaqlarını itirir və suveren ərazilərinin parçalanmasına yaxınlaşmışdı. Ölkənin vətəndaş müharibəsi ərəfəsinə gəlməsi düşmənlərimizin uzun illər arzusu idi. Məhz Ümummilli Lider Heydər Əliyevin qayıdışı düşmənlərimizin arzularını ürəklərində qoydu və bu gün hər birimizin fəxr edib qürur duyduğumuz qalib və inkişaf etmiş müstəqil Azərbaycanın meydana gəlməsini şərtləndirdi. Bəli, yaşadığımız qısa tarixi Ulu öndərin nə qədər böyük olduğunu bizə tanıtdırdı. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Belə ki, Ulu öndərin reallaşdıra bilmədiyi arzularını Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız həyata keçirdi. Bu, Azərbaycanın suverenliyinin təmini və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması idi. Bu gün Azərbaycan nəinki, özünün tarixi missiyasını yerinə yetirdi, həm də dünyada ulduz kimi parlayır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün dünya nizamının formalaşmasında rolu olan ölkəyə çevrilib. Bu gün müstəqil Azərbaycan Respublikasının parıldadığını görən Ümummilli Liderin ruhu şaddır”.

Deputat Elşad Mirbəşir bildirib ki, Azərbaycan öz müstəqilliyinə sözün əsl mənasında Heydər Əliyev hakimiyyətə qayıdandan sonra qovuşdu. Azərbaycan üçün həmin dövrdə olmayan resurs ictimai siyasi sabitlik idi. Heydər Əliyev o dövrdə də Azərbaycan xalqının həmrəyliyini təmin edə bildi. Milli Ordu quruculuğunu həyata keçirməyə başladı. Ordumuz gücləndikcə Azərbaycanın beynəlxalq aləmdə rolu qüvvətləndi”.