Son iki ayda 35 milyon manata yaxın narkotik dövriyyədən çıxarılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda bu ilin son iki ayında 35 milyon manata yaxın narkotik
dövriyyədən çıxarılıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun
hesabatında qeyd olunub.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks
əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1980 cinayət faktı
aşkarlanıb. Onlardan 566-sı narkotik vasitələrin qanunsuz satışı, 1 411-i
narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, üçü narkotik tərkibli
bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1
ton 212 kq 963,32 qr narkotik vasitələrin və psixotrop maddələrin 156 kq 764,35
qr-nı heroin, 956 kq 069,646 qr-nı marixuana, 22 kq 542,606 qr-nı tiryək, 22 kq
849,45 qr-nı həşiş, 53 kq 320,665 qr-nı psixotrop maddələr, 1 kq 416,6 qr-nı
digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 690 ədəd
həb metadon, 186,3 qr güclü təsir edən maddə və 6 ədəd çətənə kolu qanunsuz
dövriyyədən götürülüb.
2024-cü ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1
ton 212 kq 963,32 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə
dəyəri 34 milyon 344 min manat kimi qiymətləndirilir.
Məsuliyyətə cəlb edilmiş 17 xarici ölkə vətəndaşı olub. Xarici ölkə
vətəndaşlarından ümumilikdə 96 kq 387,564 qr müxtəlif növ narkotik vasitə və
psixotrop maddə götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop
maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 43 fakt
aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 500 kq
432,751 qr və 690 ədəd həb metadon narkotik vasitələr və psixotrop maddələr
çıxarılıb.
Ümumilikdə aşkar edilmiş cinayətlərin 40-ı qrup halında törədilib və həmin
faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 331 kq 448,9 qr narkotik vasitə və
psixotrop maddə müsadirə edilib.
249 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və
onlardan 254 kq 730,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə
müsadirə edilib.
Təhlil göstərir ki, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2024-cü ilin
müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların
sayı 55, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 93, narkotik
xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 6,
digər növ cinayət faktların sayı 17, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 7,
qrup halında olan cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin
sayı 262 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə
138 kq 741,97 qr azalmış, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə
dilib saxlanılması ilə əlaqədar faktların sayı isə 61 fakt artıb.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ
sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 13 892 nəfər istiqamətləndirilib.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən
keçirilmiş 399 nəfərdən 285 nəfəri istifadəçi olması müəyyən edilib və bununla
bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
“802” qaynar xətt telefon zəng xidmətinə 84 vətəndaş müraciəti daxil olub ki,
onların 25-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 27-si narkotik
asılılıqdan müalicə, 32-i isə digər məsələlərlə (təkrar müraciət,
qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair
prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin
görülməsi üçün aidiyyəti orqanlara 52 məktub ünvanlanıb.
Belə ki, “802” qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və
narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və
vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik
vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq
cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik
vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında
ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik
asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin
müddəaları izah edilərək zəruri tövsiyələr verilib.