Son iki ayda Azərbaycanda Günəş enerjisi istehsalı kəskin artıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda Günəş enerjisi istehsalı
kəskin artıb. Belə ki, bu dövrdə Günəşdən alınan enerji altı dəfə artaraq 50,7
milyon KVt/s olub. Ötən ilin ilk iki ayında cəmi 8,4 milyon KVt/s Günəş
enerjisi istehsal olunmuşdu”.
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat
paylaşıb.
Deputat bildirib ki, bu ilin yanvar-fevral aylarında külək elektrik
stansiyalarında 9,5 milyon KVt/s, Bərk Məişət Tullantılarının Yandırılması
Zavodunda isə 41,7 milyon KVt/s elektrik enerjisi istehsal edilib. Müqayisə
üçün qeyd edək ki, ötən ilin ilk iki ayında külək elektrik stansiyalarında 9,1
milyon KVt/s, digər mənbədə isə 39,0 milyon KVt/s elektrik enerjisi istehsal
edilib:
“Bərpa olunan enerji istehsalındakı artımlar elektrik enerjisinin qiymətlərini
azalda bilərmi? Qeyd edək ki, inkişaf etmiş ölkələrdə icmalar və eləcə də
ailələr bərpa olunan enerji mənbələrindən, o cümlədən külək və Günəş
şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də
artıq hissəni dövlətə satırlar. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması
elektrik enerjisi istehsalını artırmaqla yanaşı, vətəndaşların daha ucuz enerji
almasına gətirib çıxara bilər. Bu, enerji istehsalı və satışına yeni yanaşmanın
tətbiqinə imkan yaratmaqla yanaşı, enerji xərclərini azalda bilər. Bunun üçün
icmaəsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir.
Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27 000 MVt
dəyərləndirilir. Bunun 23 000 MVt-ı Günəş, 3 000 MVt-ı isə külək enerjisinin
payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın
təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı
rayonları daha əlverişli hesab olunurlar”.