Son iki gündə 9 piyadavurma hadisəsi olub.
Cixisyolu.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat
yayıb.
Bildirilib ki, piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat
hadisələrinin qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərə
baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli
məsələyə biganə yanaşır:
“Elə son iki gündə 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən 9
piyadavurma hadisəsinin qeydə alınması deyilənləri bir daha təsdiq edir.
Piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili
göstərir ki, bu qəbildən olan qəzaların mütləq əksəriyyəti piyada zolaqlarının,
yaxud yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında, xüsusilə sutkanın
qaranlıq vaxtı baş verir”.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yolu
keçərkən diqqətli olmağa, o cümlədən telefon və sair bu kimi vasitələrdən
istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə,
yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, işıqforun
tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı
təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır.