Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün mükafatçıları sona bir tur qalsa da, artıq müəyyənləşib.
ÇıxışYolu.Com xəbər verir ki, XXVII turun dünən keçirilən “Qarabağ” – “Səbail” (4:0) və “Qəbələ” – “Neftçi” (1:3) oyunlarından sonra həm qızıl, həm gümüş, həm də bürünc mükafatçı dəqiqləşdi.
Xal hesabını 63-ə çatdıran Ağdamın “Qarabağ” klubu bu qələbədən sonra izləyiciləri üçün əlçatmaz oldu. Bununla da Qurban Qurbanovun yetirmələri ardıcıl altıncı, ümumilikdə yeddinci dəfə Azərbaycan çempionu adını qazandı.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son altı çempionluğun memarıdır. O, bununla Azərbaycan rekorduna imza atıb. Belə ki, Qurban Qurbanov beş dəfə belə uğura nail olmuş Ağasəlim Mircavadovu arxada qoyub. Ümumilikdə isə 10 baş məşqçi yetirmələrini indiyədək qızıl medallara daşıya bilib.
Qurbanov həm də baş məşqçi kimi yubiley medalını qazanıb. “Qarabağ”ın “sükanı arxası”nda iki gümüş və iki bürüncü də olan mütəxəssis Azərbaycan çempionatlarında 10-cu dəfə ilk “üçlüy”ə düşüb.
Hesabında 58 xal olan “Neftçi” qızıl medal şansını itirməklə gümüş mükafatı rəsmiləşdirdi. Tarixində üçüncü dəfə çempionatı ikinci pillədə bitirən paytaxt klubu 17-ci dəfə mükafatçılar sırasına düşdü. Hesabında səkkiz qızıl, üç gümüş və altı bürünc medal olan “ağ-qaralar” bu göstəricidə öz rekordunu yenilədi.
“Səbail” məğlub olsa da, 41 xalla bürünc medalı təmin etdi. Tarixində ilk dəfə mükafatçılar sırasında yer alan paytaxt klubu Azərbaycan çempionatları tarixində medal qazanan 17-ci komanda oldu. Əvvəlki turnirlərdə 16 komanda “üçlüy”ə düşmüşdü.
Bu nəticələrdən sonra “Qarabağ”ın UEFA Çempionlar Liqası, “Neftçi” və “Səbail”in UEFA Avropa Liqasında oynayacağı dəqiqləşdi. Tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək “Səbail” Azərbaycanın qitəmiqyaslı turnirlərdə 19-cu təmsilçisi olacaq. Bunadək 18 klubumuz Avropada çıxış edib. Digər avrokubok təmsilçisinin adına mayın 19-da Naxçıvanda keçiriləcək “Qəbələ” – “Sumqayıt” oyunundan sonra aydınlıq gələcək.
Həmçinin, son turdan əvvəl elitanın sonuncusu da müəyyənləşib. Bu, “Zirə”yə 1:3 hesabı ilə uduzan “Keşlə”dir. Lakin bu, hələ o demək deyil ki, Bakı klubu növbəti mövsüm I divizionda mübarizə aparacaq. Çünki ola bilsin ki, AFFA İcraiyyə Komitəsinin iclasından sonra növbəti mövsüm Premyer Liqa komandalarının sayı səkkiz yox, 10 olsun.
11 mayda keçiriləcək sonuncu turu artıq mənasız adlandırmaq olar. Yalnız sonuncu tur “Zirə”, “Sabah” və “Sumqayıt” üçün heç nə ifadə etməyən beşinci sıranı tutmaq baxımından əlamətdar sayıla bilər.
Səbuhi MUSAYEV