c217c89a-0fab-4f74-90f0-c715d3b5619a..jpg

Son zamanların dəbi: Elektron siqaretlər zərərlidir, ya yox? – ARAŞDIRMA + FOTO

Baxış sayı: 2. 512 dəfə baxılıb.

Son zamanların dəbi: Elektron siqaretlər zərərlidir, ya yox? – ARAŞDIRMA + FOTO

Son zamanlar insanların əlində tez-tez balaca bir aparat görürük. Soruşanda
elektron siqaret olduğunu deyirlər. Çəkənlərin fikrincə, bu aparat adi
siqaretdən ziyansızdır və ondan siqareti tərgitmək üçün istifadə edirlər. Lakin
son zamanlar yayılan məlumatlara görə, bu aparatlar heç də təhlükəsiz deyil.
Hətta onların insanların əlində partlaması ilə bağlı da məlumatlar var. Bəs,
əslində, elektron siqaret nədir? Həqiqətən də, deyildiyi qədər zərərsizdirmi?

Elektron siqaret mağazasında satıcı işləyən Nazim Məcidli “Kaspi”

yə açıqlamasında dedi ki, elektron siqareti adi siqaretdən içindəki maddələr,
ziyanları fərqləndirir: “Hazırda satılan siqaretlərin içində karbonmonoksid,
qətran kimi kimyəvi maddələr və s. maddələr var. Elektron siqaretin içində isə
pambıq, onun da tərkibində yağ olur. Yağın tərkibi 3 hissədən ibarətdir:
Glikol, gliserin və duzlu nikotin. Gliserin tüstünün çıxmağına kömək edir.
Glikol isə ətirlə nikotinin qarışmağına səbəb olur. Duzlu nikotin qana tez
qarışır. Tez təsir etdiyinə görə insanın siqaret çəkmək istəyini ertələyir.
Elektron siqaret içindəki spiral batareyanın köməyi ilə isinir”.

Satıcı elektron siqaretlərin partlama riskindən danışarkən bildirdi ki, buna
səbəb düzgün istifadə edilməməsidir: “Tək istifadəlik siqaretləri enerjiyə
qoyurlar ki, daha çox istifadə etsinlər. Amma, əslində, onlar adapterlə
doldurulmamalıdır. Elektron siqaret adapterdə olarkən partlaya bilər. Çünki
mexanizm elə quraşdırılmayıb. Zavod istehsalı olanlar daha uzunömürlüdür və
partlama baş verməsi qeydə alınmayıb”.

N.Məcidli qeyd etdi ki, əslində, real həyatda nikotin maddəsi hər kəsə
lazımdır: “Siqaret çəkməyən insanın da gündəlik istifadəsində nikotin var. Amma
hamının müəyyən dozası mövcuddur. Siqaret çəkməyən insanın gündəlik nikotin
dozası daha az olur. Siqaret çəkən bədənini nikotinə öyrəşdiribsə, gündəlik
dozasını qəbul etməlidir ki, beyindəki bəzi vitaminlər ifraz olunsun və özünü
rahat hiss etsin”.

Satıcı elektron siqaretdən özünün də istifadə etdiyini və bunun fərqli bir
istək olduğunu bildirdi: “Siqaret nəfəsimizin valını və həcmini çox daraldır.
Elektron siqaret isə daha az təsir göstərir. Müsbət cəhəti iqtisadi baxımdan
sərfəli olmasıdır. Həm də siqaret dişləri saraldır, ağızda bərbad bir qoxu
yaradır, ətrafa bərbad iy saçır ki, bu siqaret çəkməyən insanların xoşuna
gəlmir. Amma elektron siqaretin qoxusu normaldır, dişlərə də elə pis təsir
etmir. Təbii ki, elektron siqaret də xeyirli deyil. Amma bir insan siqareti
tərgitmək istəyirsə, elektron siqaret məsləhətdir. Çünki adi siqaretlə
müqayisədə ziyanı daha azdır”.

Pulmonoloq Əsəd Beydullayev isə dedi ki, elektron siqaretlər sadəcə siqareti
tərgitmək istəyənlər üçün yaradılmış yeni bir məhsuldur: “2006-cı ildən
etibarən meydana gələn elektron siqaretlər, əsasən, iki cür – nikotinli və
nikotinsiz olur. Məntiqlə, ciddi bir fərq yoxdur. Hansı insanlar ki, siqaret
çəkir və atmağı düşünür, sağlamlığa daha az zərər verəcək alternativ
axtarırlar. Elektron siqaret məhz həmin insanları əldə etmək üçün kəşf olunub.
Siqaretdən faydalıdır, daha az ziyanı var? Bunu indi üçün demək
qeyri-mümkündür. Çünki elektron siqaretlər yeni dövriyyəyə çıxdığı üçün ortaya
çıxmış xəstəliklərin araşdırılması elə ciddi aparılmayıb. Ənənəvi siqaret
barədə isə yüz illərdir araşdırmalar gedir. Hansı xəstəlikləri yaratdığını da,
müalicəsini də bilirik”.

Həkimin fikrincə, insanların elektron siqareti zərərsiz hesab etməsi çox
yanlışdır: “Elektron siqaretlərin daxilində qızdırıcı vasitəsilə buxar halına
gətirilən nikotin, xüsusi bitki yağları var. Hansı ki, buxar halına gəlib
tənəffüs yollarına gedir və insan bunu tüstü olaraq qəbul edir. Elektron
siqaretin zərərli tərəfləri heç də siqaretdən az deyil. Onun tərkibindəki
nikotin siqareti əvəz edir, amma asılılığı aradan qaldırmır. Asılı adam yenə də
çəkməyə davam edir və atdığı zaman eyni hissləri yaşayır. Yağı qızdıqda meydana
gələn zərərli maddələr tənəffüs yollarının divarlarına eyni, bəlkə, daha da
ağır təsir edir”.

Ə.Beydullayevin sözlərinə görə, elektron siqaretin yaratdığı xəstəliklər
barədə artıq ilkin araşdırmalar aparılıb: “Araşdırmalar zamanı onların ürək
üzərində ciddi təsirləri meydana çıxıb. Ürək döyüntülərini artırdığı, infarkta
səbəb olduğu, təzyiqi yüksəltdiyi müşahidə edilib. Elektron siqaretlərin
onkoloji xəstəliklər yaratmaq riski də var. İnsanın tənəffüs sistemi çox zərif
olduğuna görə yad maddələrdən qorunmalıdır. Ocaq tüstüsü, sulu qəlyan, elektron
siqaret – bunlar hamısı insan tənəffüsü üçün zərərlidir və bunlardan mümkün
olduğu qədər uzaq durulmalıdır. Elektron siqaretlərin diş ətinə və dişə təsiri
adi siqaretdən az deyil. Bəzi xanımlar elektron siqaretdən istifadə edib
düşünürlər ki, daha az zərər görəcəklər. Amma, təəssüf ki, belə deyil. İstər
adi siqaret, istərsə də elektron siqaret təsirini dərhal göstərmir. Cavan biri
çəkir və deyir, 5 ildir heç bir problemim yoxdur. Bu, yanlış yanaşmadır. Çünki
ziyanlar ortaya çıxmağa başlayanda artıq gec olur”.

Həkim sonda məsləhət gördü ki, mümkün olduğu qədər tərkibində tüstü, nikotin,
bilmədikləri maddələr olan vasitələrdən uzaq dursunlar.

Source link