2531f4d2-938e-485a-acfc-37029144f590.jpg

Sosial şəbəkədə qızının adına saxta profil açanı döyən şəxslə bağlı qərar ləğv edildi

Baxış sayı: 125 dəfə baxılıb.

Ali Məhkəmədə qanunsuz azadlıqdan məhrum etmə və xuliqanlıqda təqsirləndirilən
Gülağa Müslümovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilmiş
kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib. Qərara
əsasən, protest təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar
ləğv edilib, cinayət işi baxılması üçün aşağı instansiya məhkəməsinə yeni
məhkəmə baxışına təyin olunub.

İstintaq orqanının mövqeyinə əsasən, təqsirləndirilən şəxs 2022-ci il tarixdə
zərərçəkmiş Nağı Nağıyevə onun qızının adına sosial şəbəkədə saxta istifadəçi
profilləri yaradaraq nalayiq ifadələr işlətməsini əsas gətirib. Gülağa Müslümov
həmin şəxsdən qisas almaq məqsədilə zərərçəkmişin Yevlax rayonunun Xanabad
kəndi ərazisindəki örüş-otlaq sahəsində olmasını əvvəlcədən bilib, VAZ-2107
avtomobili ilə həmin ərazisindəki otlaq sahəsində xırdabuynuzlu heyvanlarını
otaran Nağının yanına gedib. Təqsirləndirilən şəxs zərərçəkmişə nə üçün qızının
adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr
işlətməsini deyərək onunla mübahisə edib. Sonra o, Nağının həyatı və ya
sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib, onu adam oğurluğu ilə bağlı
olmayan qanunsuz azadlıqdan məhrum etmək məqsədilə əlindəki ağacla bir neçə
dəfə zərərçəkmiş şəxsin bədənin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbə
vurub. Daha sonra Gülağa Müslümov xəsarət alaraq yerə yıxılan zərərçəkmişin
əllərini arxadan bir-birinə iplə bağlayaraq, onu məcburi formada zorla
avtomobilinin ön sağ oturacağına otuzdurub. Gülağa zərərçəkmiş şəxsin faktiki
olaraq azadlığını məhdudlaşdırdıqdan sonra onun əynində olan şalvarını
çıxardaraq, özü avtomobilin sükanı arxasına əyləşib, nəqliyyat vasitəsini idarə
edib, təxminən 15 dəqiqə ərzində Nağını qanunsuz olaraq azadlıqdan məhrum edib.
Sonra o, avtomobili ilə Nağını Xanabad kəndinin mərkəzində yerləşən çayxananın
qarşısına gətirib. Orada özü avtomobildən düşdükdən sonra zərərçəkmiş şəxsi
qolları bağlı halda insanların gözü qarşısında maşından düşürdüb. Daha sonra
Gülağa Nağını təpiklə vurub zor tətbiq etməklə ona kömək edəcək şəxslərin
ünvanına ucadan nalayiq ifadələr işlədib.

Hadisədən sonra Gülağa Müslümov cinayət məsuliyyətinə cəlb edilib və barəsində
başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Yevlax Rayon
Məhkəməsinin hökmü ilə ona Cinayət Məcəlləsinin (CM) 145.2.5-ci (qanunsuz
azadlıqdan məhrumetmə) maddəsi ilə bəraət verilib, CM-in 221.1-ci (xuliqanlıq)
maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və
Gülağa Müslümova 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq)
cəzası təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya
protesti verib. Şəki Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Daha sonra
dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

Source link