38295fe3-dc14-44da-97c3-3c82b116141a..jpg

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarını aldadan nigeriyalılar ələ keçdilər – VİDEO

Baxış sayı: 638 dəfə baxılıb.

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarını aldadan nigeriyalılar ələ
keçdilər – VİDEO

Daxili İşlər Nazirliyinə sosial şəbəkələrdə Azərbaycan Respublikasının
vətəndaşlarının xaricdən idarə olunan müxtəlif səhifələr tərəfindən
şirnikləndirici vədlər verilərək informasiya texnologiyalarından da istifadə
edilməklə aldadıldığı və külli miqdarda pul vəsaitlərinin ələ keçirildiyi
barədə çoxsaylı şikayətlər daxil olub.

Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, bu məlumatlar dərhal
nəzarətə götürülüb.

Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, iş üzrə
zərərçəkən şəxslərin aldadılması əsasən “Telegram” sosial şəbəkəsində həyata
keçirilib. Həmçinin, araşdırmalarla saxta profillərin xarici ölkələrin internet
resurslarından istifadə edilməklə qeydiyyatdan keçirildiyi, lakin buna
baxmayaraq, dəstənin bir neçə üzvünün ölkə sərhədləri daxilində
kibercinayətkarlıqla məşğul olduqları müəyyən edilib.

Bu səbəbdən həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə
dələduzluq edən Nigeriya vətəndaşları Ejiofor Onyekaçu Benedikt və Emere
Onyebuçi Xristiantusun şəxsiyyətləri qısa zamanda müəyyən edilib və onlar
saxlanıblar.

Bu şəxslər sosial şəbəkələrdə yaratdıqları “Philips Tomas Ben” və digər saxta
profillər vasitəsilə zərərçəkənlərlə danışıqlar apararaq guya onlara xaricdən
müxtəlif növ bahalı hədiyyələr göndərəcəklərinə dair yalan vədlər veriblər.

Daha sonra dəstə üzvləri karqo xidmətlərinin ödənilməsi adi altında ayrı-ayrı
ödəniş sistemlərindən istifadə etməklə bank kartlarına köçürmə yolu ilə
çoxsaylı vətəndaşa məxsus külli miqdarda pul vəsaitlərini ələ keçiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Dəstə üzvlərinin
Nigeriya Federativ Respublikasında fəaliyyət göstərən digər üzvlərinin də
saxlanılması istiqamətində qeyd edilən ölkənin hüquq-mühafizə orqanlarına
müvafiq sorğular göndərilib.

“Sonda bir daha vətəndaşlara sosial şəbəkələrdə yerləşdirilən və ilk baxışdan
insanların marağına səbəb olan şübhəli keçidlərə daxil olmamağı, həmçinin bank
kartlarında olan məlumatları isə heç bir halda qarşı tərəfə verməməyi tövsiyə
edirik”, – dəyə nazirliyinin məlumatında deyilir.


Source link