“Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişiklik ediləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişiklik edilməsi
nəzərdə tutulur.
“Report” xəbər verir ki, bu barədə Milli Məclisin (MM) Sosial qanunvericilik
şöbəsinin müdiri Adil Vəliyev Əmək və sosial siyasət komitəsinin iclasında
çıxışı zamanı deyib.
Şöbə müdiri nəzərdə tutulan dəyişiklikləri aşağıda qeyd olunan məsələlərlə
əlaqələndirib:
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə
və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların
fəaliyyətinin təmin olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 28 dekabr tarixli 1936 nömrəli Fərmanı qəbul edilib. Həmin Fərmana
əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə,
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, beynəlxalq
terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı
mübarizə sahəsində, habelə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin fəaliyyət istiqamətlərinə aid digər sahələrdə əməkdaşlığın
səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə
və beynəlxalq təşkilatlarda Xidmətin nümayəndələrini təyin etmək səlahiyyəti
verilmiş və bu Fərmandan irəli gələn digər məsələlərin həll edilməsi vəzifəsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılıb.
Göstərilənlərlə bağlı, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28
dekabr tarixli 1936 nömrəli Fərmanının 3.3-cü bəndinə uyğun olaraq “Sosial
sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu layihəsi hazırlanıb”.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində
məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin siyahısı,
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsində isə gəlir
vergisindən azadolmalar və güzəştlər müəyyən edilib. Qeyd olunan normalarda
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda
işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının
inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödənilən müavinətlər,
kompensasiyalar və aylıq əlavə, həmçinin mühafizəsi zəruri hesab edilən
Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının
mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı
sosial sığorta haqqından və gəlir vergisindən azad edilən gəlirlər kimi təsbit
olunub.
Beləliklə, diplomatik xidmət orqanları əməkdaşları ilə yanaşı təyin
olunduqları ölkələrdə dövlət qulluğunun xüsusi növündə xidmət keçən Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq
təşkilatlarda nümayəndələrinin də həmin güzəştlərdən istifadə etmələrinin təmin
edilməsi ilə əlaqədar qeyd olunan normativ hüquqi aktlarda dəyişiklik edilməsi
zəruri hesab edilib.
Layihə DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 219
nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda
nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin)
norma və ödəniş Qaydaları”na uyğun olaraq ödənilən bütün növ ödənişlərin
(dövlət məvacibi istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı və gəlir
vergisindən azad edilməsini nəzərdə tutur.
Layihə qəbul edildiyi təqdirdə, təyin olunduqları ölkələrdə dövlət qulluğunun
müvafiq növlərində qulluq (xidmət) keçən şəxslərə münasibətdə qanunvericiliyin
vahid mövqeyinin formalaşdırılması baxımından DTX-nin xarici dövlətlərdə və
beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlərindən yalnız
dövlət məvacibi məcburi dövlət sosial sığorta haqqına və gəlir vergisinə cəlb
olunması təmin ediləcək.