Bu gün, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Prezident İlham Əliyevin imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam qeyd olunan kateqoriyadan olan uşaqlara, həmçinin, reabilitasiya yönümlü sosial xidmətlərə ehtiyac duyan digər qruplara dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, Azərbaycanda sosial xidmətlər sisteminin güclənməsinə və əhatə dairəsinin genişlənməsinə şərait yaradan bu Sərəncam ayrı-ayrı əhali qruplarının da ehtiyaclarına uyğun sosial xidmətlərdən faydalanmaları üçün yeni mərkəzlərin yaradılmasına imkan verir.
Nazirliyin sosial sifarişləri əsasında ölkəmizin şəhər və rayonlarında 28 günərzi qayğı mərkəzi, 22 icma əsaslı sosial reabilitasiya mərkəzi, autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzi, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 reabilitasiya və surdoloji xidmətlər mərkəzi, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyət göstərir.
Prezident cənab İlham Əliyevin imzaladığı yeni Sərəncamla “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 (beş) milyon manat ayrılması tapşırılır.
Bu isə cari ildə günərzi qayğı mərkəzlərinin sayının 58-ə, icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayının 58-ə çatdırılmasına imkan verir.
Həmçinin, Sərəncam autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzlərinin sayının 15-ə, məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin sayının 15-ə, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmətlər mərkəzlərinin sayının 10-a çatdırılmasına şərait yaradır.