Sosial yardım almağa başlayan ailə müavinətin məbləğini necə artıra bilər? –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu ildən etibarən ehtiyac meyarının 246 manatdan 270 manata çatdırılması
ünvanlı sosial yardım məbləğinin artmasına səbəb olub. Bununla yanaşı, ən çox
verilən suallardan biri də məhz ehtiyac meyarı dəyişməmişdən öncə yardım almağa
başlayanların ödənişlərində artım olub-olmaması ilə bağlıdır.
Yəni, əgər ailə 2023-cü ildən başlayaraq ünvanlı sosial yardım alırsa, onun
yardım məbləği də artırılacaqmı?
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat
paylaşıb.
Bildirib ki, mövcud qaydalara əsasən, ehtiyac meyarının artması 2024-cü ildən
etibarən ünvanlı sosial yardım almaq hüququ yaranan ailələrin yardım məbləğinə
təsir göstərir:
“Yəni ehtiyac meyarı artırıldığı üçün onların gəlirləri və xərcləri hesablanan
zaman 270 manat meyarından istifadə olunur. Bu zaman ailədə adambaşına gəlir
246 manatdan deyil, 270 manatdan hesablanır və həmin ailə daha çox yardım ala
bilər.
Bununla yanaşı, ehtiyac meyarı artırılmamışdan əvvəl sosial yardım almağa
başlayan ailə müavinətin məbləğini necə artıra bilər? Qaydalara əsasən, ailənin
gəlirlərində ötən müddətdə dəyişiklik baş verməyibsə, o halda həmin ailə
yardımı dayandırıb yenidən müraciət edə bilər. Yəni ehtiyac meyarı 246 manat
olan zaman yardım almağa başlayan ailənin gəlirində dəyişiklik baş verməyibsə,
o halda yenidən müraciət hüququna malikdir. Bununla, həmin ailə daha çox
məbləğdə yardım üçün müraciət edib əldə edə bilər. Həmin ailə elektron kabinet
üzərində yardımın dayandırılması və yenidən verilməsi üzrə müraciəti həyata
keçirməlidir”.
“Bütövlükdə, ehtiyac meyarının artırılması yeni sosial yardım alanların ödəniş
məbləğinə birbaşa təsir etsə də, hazırda proqramdan faydalanalar üçün də
imkanlar yaradır”, – deputat əlavə edib.