4c11bb79-d0dd-458c-9af9-836ac920e2c2..jpg

Söyüşə görə əmisini öldürdü: Bakıda qandonduran CİNAYƏT – FOTO

Baxış sayı: 601 dəfə baxılıb.

Söyüşə görə əmisini öldürdü: Bakıda qandonduran CİNAYƏT – FOTO

2022-ci il sentyabrın 29-da Buzovna qəsəbəsi, R.Axundov küçəsində 1972-ci il
təvəllüdlü Valeh Qədəşovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı
evdən 30-40 metr aralıda aşkar edilib.

Daxil olan məlumatla əlaqədar Xəzər Rayon Prokurorluğu tərəfindən məhkəmə-tibb
ekspertinin eləcə də polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə
baxış keçirilib. Həmin gecə şübhəli şəxs qismində mərhumun qardaşı oğlu Şahin
Qədəşov saxlanılıb. Anket məlumatlarna əsasən, o, 1989-cu ildə Bakı şəhərində
anadan olub, əvvəllər məhkum olunmayıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən
adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizası
zamanı mərhumun qanında 1,6% qatılığında etil spirti aşkar edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, sentyabrın 29-u gecə saat 1 radələrində Şahin
Qədəşov Buzovna qəsəbəsində, yaşadığı evin yaxınlığında aralarında yaranmış
mübahisə zamanı əmisi Valeh Qədəşova bıçaqla bir dəfə zərbə endirərək,
zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Şahin Qədəşov bildirib ki, ailəsi ilə Buzovna qəsəbəsində,
R.Axundov küçəsi, ev 175-də yaşayır. Himayəsində 4 övladı var:

“2016-cı ildə atam xəstəliyi ilə əlaqədar vəfat etdi. Valeh spirtli içki
aludəçisi idi. Demək olar ki, tüfeyli həyat tərzi keçirirdi. Son vaxtlar əmim
sərxoş vəziyyətdə yaşadığım evə gələrək mənim və mərhum atamın ünvanına söyüş
söyürdü. Heç vaxt Valehin təhqirlərinə cavab qaytarmırdım və bir böyük kimi
həmişə onu yola verməyə çalışırdım. Atam sağ olanda əmim belə hərəkətlər
etmirdi. Sentyabrın 28-i gecə saat 23 radələrində Valeh sərxoş halda bizə
gəldi. Həmin vaxt arvadım və uşaqlarım yatmışdı. Məni söyən və ölümlə hədələyən
əmimə “Narkoloji Mərkəzdən təzə çıxmısan, yenə spirtli içki içirsən, belə
hərəkətlər etmə, kənddə hamı səndən danışır” dedim. Valehi yola salsam da, ayın
29-na keçən gecə o qayıdıb, yenə nalayiq ifadələr işlətməyə başladı. Səbrli
olub əmimi sakitləşdirməyə çalışsam da, o, atamın qəbrini söydü. Artıq buna
dözə bilmədim. Onu küçədə, yarı yolda qoyub evə qayıtdım. Mətbəx bıçağını
götürüb cibimə qoydum. Çatıb bıçaqla Valehin qarnına bir dəfə zərbə vurdum və
evimə tərəf getdim. Bıçağı hara tulladığımı unutmuşam. Əmim Salehə zəng edib
Valehi bıçaqladığımı dedim. “Onu öldürmüsən?” soruşan əmimə, “yox,
öldürməmişəm, qarnından vurmuşam” dedim. Evdə olanda zəng edən Saleh Valehin
öldüyünü bildirdi. Bir neçə saatdan sonra evdə polis əməkdaşları tərəfindən
saxlanıldım. Törətdiyim cinayəti etiraf edərək, əmimi öldürmək məqsədim
olmadığını qeyd etdi”.

Şahin Qədəşov

Zərərçəkmiş şəxsin hüquqi varisi Rəsmiyyə Quliyeva ifadədəsində göstərib ki,
Şahin Qədəşov qardaşı Bahadurun oğlu, qətlə yetirilən Valeh Qədəşov isə
qardaşıdır:

“Son vaxtlar Valeh həddindən artıq spirtli içki qəbul etməyə başlamışdı. Valeh
içkili olmayanda sakit və mehriban insan olurdu. 2022-ci il sentyabrın 29-da
qardaşım Saleh mənə zəng vuraraq Şahinin Valehi bıçaqlayıb öldürdüyünü
bildirdi. Xəbəri eşidən kimi, hadisə baş verən yerə gəldim. Saleh mənə dedi ki,
Valeh valideynlərini söydüyü üçün Şahin özünü saxlaya bilməyib və onu qarnından
bıçaqlayıb. Hadisədən sonra Şahin evdə oturub polislərin gəlməsini gözləyib”.

Valeh Qədəşov

Şahid Saleh Qədəşov ifadəsində göstərib ki, qardaşı Valeh axırıncı dəfə
2021-ci ildə oğurluğa görə məhkum olunub:

“2022-ci il sentyabrın 29-na keçən gecə qardaşım oğlu Şahin zəng edərək Valehi
yaşadığı evin yaxınlığında bıçaqladığını dedi. Bundan sonra hadisə yerinə
gedərək, Təcili Tibbi Yardıma və polisə məlumat verdim”.

Məhkəmə iclasında Şahin Qədəşov ittiham üzrə özünü qismən təqsirli bilib.
İstintaqda verdiyi ifadəsindən fərqli olaraq bildirib ki, həmin gecə Valeh
Qədəşov ünvanına söyüş söyəndən sonra, şalvarının belindən bıçaq çıxardıb. O
da, cəld kəsici aləti əlindən alaraq, ona zərbə endirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, 4 uşağına görə təqsirləndirilən
şəxsi bağışlayır. Ondan şikayəti yoxdur.

Məhkəmə qənaətə gəlib ki, Şahin Qədəşovun əməli istintaq orqanı tərəfindən
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif
edilib. Ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə
müəssisəsində çəkməklə Şahin Qədəşov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Source link