d0cdbdf8-30ee-4204-8387-aa8e5cca98a6.jpg

SSRİ-yə qarşı qurulan məxfi təşkilat: “İldırım” necə ifşa olundu?

Baxış sayı: 147 dəfə baxılıb.

Baku TV-də “İldırım” təşkilatı haqqında araşdırma materialı yayımlanıb.

1942-ci ildə Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu, şərqşünaslar İsmixan Rəhimov
və Hacı Zeynalov “İldırım” adlı təşkilat yaradırlar.

Zamanla sayları 8 nəfərə çatan bu təşkilatın üzvləri Bakı Dövlət
Universitetinin tələbələri idi. “İldırım”ın əsas məqsədi Azərbaycanı Sovet
İttifaqından ayırmaq, 1937-38-ci illərdə həbs olunub xalq düşməni kimi
damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların bəraət almasına nail
olmaq, eləcə də Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq olub.

Repressiyanın tüğyan etdiyi bir vaxtda belə bir təşkilatın qurulması vətən
sevgisinin çox yüksək həddə olduğu insanlarla mümkün idi.

“İldırımçılar” qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd
Vurğuna məktub yazaraq dəstək istəsinlər.

Gülhüseyn Hüseynoğlunun diktəsi ilə İsmixan Rəhimov çap hərflərinə bənzər bir
xətdə məktub yazır. Onlar düşünürlər ki, “Dönməzlər” imzası ilə yazılmış bu
məktub əl yazısı ilə yazılmadığından ələ keçsə, xəttini tanımayacaqlar. Lakin
məktub Səməd Vurğun tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə çatdırılır. Bu
faktı da İsmixan Rəhimovun özü şəxsən təsdiq edib.

Amma Səməd Vurğunun başqa şansı yox idi, çünki onun özü də təqib olunurdu.

1945-ci ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi
bəhanəsi ilə əldə edirlər.

Xəttatlıq elmi Sovet İttifaqında elə inkişaf edibmiş ki, İsmixanın xəttini
minlərlə tələbə arasından tanıyırlar. 9 ay izləyəndən sonra onu, daha sonra
G.Hüseynoğlunu və digərlərini həbs edirlər. Ali Məhkəmənin qərarı ilə İsmixan
Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalova güllələnmə cəzası verilir. O
illərdə güllələnmə cəzası müvəqqəti götürüldüyündən hökm 25 il həbslə
əvəzlənir. Digər üzvlər isə 10 il həbs cəzasına məhkum edilirlər.

Nəhayət, Stalin öləndən sonra bir çox məsələlər kimi bu işə də yenidən baxmaq
qərarı verilir və 1955-ci ilin mayında “İldırımçı”lar evlərinə qayıdırlar.
1980-ci illərin sonlarında milli-azadlıq mübarizəsinin başlaması ilə
“İldırımçı”lar, nəhayət ki, gözlədikləri günə addım-addım yaxınlaşırlar. Bu gün
ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanı görə bilməsələr
də, “İldırımçı”ların ruhu artıq şaddır.

Ətraflı süjetdə:

SSRİ-yə qarşı qurulan məxfi təşkilat: “İldırım” necə
ifşa olundu?
SSRİ-yə qarşı qurulan məxfi təşkilat: “İldırım” necə ifşa olundu?

Source link