Stalinin də yatdığı Bayıl həbsxanası: "ölüm korpusu"ndan qaçış, tualetsiz kameralar, ilk "polojeniya"ya baxan

Stalinin də yatdığı Bayıl həbsxanası: “ölüm korpusu”ndan qaçış, tualetsiz kameralar, ilk “polojeniya”ya baxan

Baxış sayı: 2. 011 dəfə baxılıb.

Səs-küylü cinayət işləri və kriminal tarixdə silinməz iz buraxan cinayət aləminin nümayəndələri haqqında silsilə məqalələri davam etdiririk. Məqalələrdə “qanuni oğrular”ın həyatının bəzi aspektlərinə işıq salır və Azərbaycanda cinayətkarlıqla mübarizədən bəhs edirik.

Məşhur “Ölüm korpusu”nun yerləşdiyi Bayıl həbsxanası bu yaxınlaradək Azərbaycanda ən köhnə və ən böyük istintaq həbsxanası olub.

Cəzaçəkmə müəssisəsi adını Bayıl qəsəbəsindən alıb. Həbsxananın binası 1820-ci ildə tikilib və burada 1888-ci ilədək Xəzər Hərbi Gəmiçiliyinin əsgər kazarması yerləşib. Həbsxana əvvəlcə 400 nəfər üçün nəzərdə tutulub. Onun sahəsi sonradan altı korpusadək böyüdülüb, tutumu isə 1500 nəfərə qədər artıb.

Müəssisə sovet hakimiyyəti dövründə tutumu 1500 nəfər olan 1 saylı isintintaq təcridxanası kimi fəaliyyət göstərib. 1999-cu ilin oktyabrına qədər Daxili İşlər Nazirliyinin nəzdində olan həbsxana sonra Ədliyyə Nazirliyinin tabeliyinə verilib. Məhbusların sayı 90-cı illərdə limiti xeyli keçərək iki min nəfərə çatıb.

Həbsxana 2009-cu ilin iyulunda sökülüb, onun yerində isə Dövlət Bayrağı Meydanı inşa edilib.

ÇıxışYolu.Com daha əvvəl məlumat vermişdi ki, Bayıl həbsxanasının ən tanınmış dustağı siyasi xadim və “xalqların rəhbəri” İosif Vissarionoviç Stalin olub. İosif Cuqaşvili cəzasını 39 nömrəli kamerada çəkib.

Azərbaycan xalqının görkəmli nümayəndələri, ictimai xadimləri bu həbsxanaya salınıb. Sonradan SSRİ-nin prokuroru və Xarici İşlər naziri olmuş Andrey Vışinski Stalinlə birlikdə burada cəza çəkib.

Kriminal aləmin avtoritetlərindən Nadir Səlifov (Lotu Quli), Aleksandr Oqanov (Saşik Bakinski), Bəxtiyar Kərimov (Baxo Novxaninski, Lotu Bəxtiyar), Çingiz Səfərov (Çingiz Montinski), Rudolf Oqanov (Rudik Bakinski), Məhərrəm Rəşidoğlu (Məhərrəm) və digər “qanuni oğrular” Bayıl həbsxanasına yerləşdirilib.

Hüquq müdafiəçiləri sonradan həbsxananı muzeyə çevirməyi təklif etmişdilər, lakin yekunda Bayıl istintaq təcridxanası söküldü. Bəlkə də belə daha yaxşı oldu, çünki bu həbsxanasının divarları arxasında, xüsusən də intiharçıların “beşinci korpusu”nda qorxulu hadisələr baş verirdi.

Həbsxanadan qaçış

Həbsxananın tarixi ərzində oradan üç qaçış olub.

İlk dəfə buradan Stalin qaça bilib. Deyilənə görə, bu işdə Stalinə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, siyasi xadim Məhəmməd Əmin Rəsulzadə kömək edib.

Gənc Cuqaşvili haqqında əfsanə dustaqların arasında gəzən ibrətamiz hekayəyə çevrilmişdi. 1994-cü ilin oktyabrınadək gənc “Koba”nın dəlisovluğunu dustaqlardan heç kəs təkrarlamağa cürət etməmişdi.

Lakin ikinci uğurlu qaçış əsrin sonunda, ölümə məhkum olan 10 dustaq tərəfindən 1994-cü ildə, oktyabrın 1-nə keçən gecə yerin altı ilə yol qazmaqla həyata keçirilib.

Həmin vaxt “beşinci korpus”un ikinəfərlik 15 kamerasında, hər kamerada 4-5 nəfər olmaqla, 70-ə yaxın məhbus saxlanılıb.

1994-cü ilin aprelində haqqında hökm cəzası oxunan desantçı-zabit İqor K. qaçmaq barədə düşünüb. O, qaçış planını kamera yoldaşları Süleyman K., Ramiz Q., Coşqun A. və Heydər C. ilə bölüşüb. Onlar pəncərə barmaqlıqlarını yavaş-yavaş mişarlamağa başlayıblar. Bu zaman korpusa “baxan” (“smotryaşiy”) Elman Q. qonşu kamerada olub və haradansa bu plan barədə xəbər tutub. O, İqorun kamerasına gələrək (Kitabəli İ., Elxan A., Elmar X. və Siyavuş A.-nın saxlandığı), öz kamerası ilə birləşib qaçmağı təklif edib.

Lakin on nəfərin pəncərədən qaçması təhlükəli olduğu üçün məhbuslar taxtın altından cəmi iki metr məsafədə olan divarın altına yol qazmaq qərarına gəliblər.

Sentyabrın 30-da üç nəfər qazıntı işləri ilə məşğul olub: “obşak” Elman, Kitabəli və Süleyman.

Onlar yoldaşlarını cəmi üç saata işi bitirib digərlərini köməyə çağıracaqlarına inandırıblar. Amma, əslində, dərhal qaçaraq dəstədən ayrılıblar.

“Başçıları”nın (Elmanın) aradan çıxdığını öyrəndikdə, qalan üç otaq yoldaşları da qaçıblar. Daha sonra 131-ci kameradan olan digər dörd məhbus tuneldən iki-iki çıxıb.

İqor ən sonda kameranı tərk edib. Razılaşdırılmış qaçış əvəzinə, hərə bir tərəfə səpələnib. Lakin onlardan yeddi nəfər elə ilk 10 gün ərzində həbs olunub. Səkkizinci qaçaq isə daha sonra ələ keçib. Yalnız iki nəfər xaricə yol taparaq aradan çıxa bilib. 

Qaçaqlardan biri olan Elmar azadlıqda olarkən silah tapıb və 1995-ci ilin mayında Bərdədə saxlanıldığı zaman polislərə qumbara atıb. Hüquq müdafiəçiləri onu yerindəcə güllələyiblər.

İlk saxlanılan Heydər və Siyavuş olub. Nəzarətçilər Siyavuşu dəhlizdə ölümcül döyüblər.

Heydərə açıq şəkildə bildiriblər:

“Bizə səni öldürməyi əmr ediblər, yaxşısı budur, bunu özün et”.

O, kamerada ülgüc taparaq damarlarını doğrayıb. Lakin kamera yoldaşları onu xilas ediblər. Bir müddət sonra Heydər sətəlcəm olaraq vəfat edib.

Elman adlı qaçaq təhqir və döyülmələrə tab gətirməyərək, tutulandan bir neçə ay sonra ölüb. Yumruq altında da yıxılanadək hind rəqsi oynayan Ramizə “Cimmi” ləqəbi verilib. Bir müddət sonra bu dustaq da həyatla vidalaşıb…

Beləliklə, qısa vaxt ərzində qaçaqlardan dörd nəfər ölüb. Hamıdan çox – iki il – Rusiyaya qaçan Elxan axtarışda olub.

İqor isə Rusiya vətəndaşlığını alaraq həmin ölkəyə qaçıb. Burada onun hökmü 15 il azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib və o, bir zənglə azadlığa buraxılıb.

Prezident tərəfindən əfv olunan Kitabəli və Elxan 20 il həbsdə yatdıqdan sonra azadlığa buraxılıb. Daha sonra Elxan narkotik maddələrə qurşanaraq artıq dozadan ölüb.

Kitabəli yenidən qətl törədərək həbsxanaya düşüb.

Coşqun 20 il həbsdə qaldıqdan sonra xərçəngdən ölüb.

Siyavuş Qobustan qapalı həbsxanasında 2016-cı ildə, 50 yaşında vəfat edib.

Süleyman K. hazırda da ömürlük həbs cəzası çəkir.

Deyilənə görə, qaçışdan sonra 126 saylı kamerada betonda böyük çuxur aşkar edilib. Qaçışdan xəbər tutan dustaqlar dərhal dəliyin üstünü örtüblər, lakin bir neçə gün sonra texniki baxış zamanı üzə çıxıb. Məlum olub ki, bu kameranın sakinləri də qaçmağı planlaşdırıb, lakin betonu deşməyə gec başlayıblar.

“Beşinci korpus”

Azərbaycanın Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov “ölümə məhkum olanlar”ın saxlanıldığı “beşinci korpus”un quruluşu haqqında ÇıxışYolu.Com-a danışıb.

Onun sözlərinə görə, həbsxana altı metr hündürlüyü olan hasara alınıb, buranın qülləsi, xarici və daxili mühafizəsi olub.

“Adi dəmir giriş qapısından əlavə, korpusun kiçik həyətə açılan çıxışı olub. Buradan edam olunanların meyiti gizlincə xüsusi avtomobilə yüklənirdi. Bu, “beşinci korpus”u digərlərindən fərqləndirirdi. Hətta ölüm cəzasına moratorium qoyulmasından sonra da korpusda vəziyyət dəyişmədi və 2009-cu ilə qədər eyni cür qaldı.

“Beşinci korpus” sıra nömrələri 118-dən 132-yə qədər olan cəmi doqquz tək və altı ikinəfərlik kameradan ibarət olub. Zamanla birnəfərlik kameraları ikinci mərtəbə düzəltməklə ikinəfərlik ediblər.

Binanın daxilində, 20 metrlik dəhlizin hər iki tərəfində starşina otağı, anbar və kameralar yerləşirdi. Dəhlizin sonunda, sağda, 125 saylı kameranın və hamamın yanında, güllələmə zirzəmisinə aparan, çox da gözə çarpmayan qapı vardı”, – deyə E.Zeynalov danışır.

Ölümə məhkum olanlara gəzinti qadağan idi. Yalnız 1998-ci ildə ölüm cəzası ləğv olunduqdan sonra korpusda girişi anbardan olan kiçik “gəzinti həyətləri” tikilmişdi.

Barəsində ölüm hökmü oxunanlara, ümumiyyətlə, çox şey qadağan idi. Məsələn, ilkin zamanlarda kameralarda tualet yox idi və məhbusları ayaqyoluna getmək üçün hamam kimi istifadə olunan yerə gətirirdilər. Daha sonra şəxsi heyətin təhlükəsizliyi naminə bundan imtina edildi və kameralarda ən primitiv tualet düzəldildi – beton döşəmədə dəlik…

Keçmişdə barəsində ölüm hökmü oxunanlardan biri bura gəlişini həyatının ən faciəli dövrü kimi yad edirdi.

Bayıl həbsxanasında son güllələmələr 1993-cü ilin fevralında olub. Sonra ölüm hökmlərinin icrasına qeyri-rəsmi moratorium qoyuldu. Ölüm hökmlərinin icra olunmaması səbəbindən 1998-ci ilin fevralında 36 yer limiti olan 16 kamerada 128 məhbus saxlanılırdı.

“Vorovskoy obşak”

“Obşak” (“общее” – “ümumi” sözündən) istənilən həbsxanada cinayət aləminin əsaslarındandır. Bu yarıqanuni pul-əşya fondunun varlığının özü “vorovskoy” qanunların keçərliliyini və onlara riayət olunmasının vacibliyini göstərir.

“Vorovskoy” mühitdə rəsmi qaydalardan asılı olmayan gündəlik yaşayış münasibətləri mövcuddur. Onlar “smotritel”lərin başçılıq etdiyi qeyri-rəsmi iyerarxiya, yerli “bratva”nın gözəgörünməz “böyük qardaşlar”la daimi əlaqəsi üzərində qurulub.

Kameranın sıx divarlarından kənara çıxmadan, məhbuslar məlumat alır, qida və dərman, nəzarətçilərə rüşvət vermək üçün pul əldə edirdilər və öz problemlərini xarici aləmlə bölüşürdülər.

Cinayət aləminin ənənələrinə uyğun olaraq, çətin vəziyyətə düşən “bratva”ya – istər həbsxana kanslerində, istərsə də ölümə məhkum olanların korpusunda – maddi dəstək göstərmək vacibdir. Əsas dəstək növü Bayıl həbsxanasının digər korpuslarından, xüsusilə istintaq korpuslarından,  “beşinci korpus”a çatdırılan “qrev” (narkotiklər) olub.

“Obşak”a baxan “smotritel” öz bacısını çarşab üstündə öldürüb

Yeri gəlmişkən, ötən əsrin əvvəllərində Bayıl həbsxanasının ilk “polojeniya”ya baxanlarından biri Ələkbər A. olub.

Ələkbər “oğru” olmayıb. O, 1912-ci ildə emansipasiyanı (azadlığı) qəbul edərək çadrasını atan bacısını öldürdüyünə görə həbs olunub. Bakı mətbuatında çarşabın aradan qaldırılması üçün mübarizə 1908-ci ildə başlanıb. 1920-ci ildə çarşaba qarşı kəskin müqavimətlə qarşılaşan geniş təbliğata start verilib. Ata və qardaşların “abrını itirmiş” qız və bacılarını öldürdüyü hallar az olmayıb.

Məlumdur ki, Ələkbərə “obşak”ı “qanuni oğru” olan Məhərrəm Rəşidoğlu etibar edib. O, Azərbaycanın ilk ümumittifaq əhəmiyyətli “qanuni oğrusu” hesab olunur.

Təsəvvür edin ki, 1904-cü ildə Məhərrəmin öz mühafizəçiləri olub. İnadkar quldur olduğu halda, o, özü ilə daim iki mauzer silahı daşıyıb. Onun qırmızı çarxlı şəxsi ağ faytonu üç faytonla müşayiət olunub.

Bakı o zamanlar kiçik şəhər olub və Məhərrəm öz quldur dəstəsi ilə bütün şəhəri qorxuya salmışdı. Məhərrəm peyda olanda insanların hərəsi bir yana qaçırdı.

Məhərrəm daim səliqəli geyinir, əncir və üzüm yeməyi çox sevirdi. 1932-ci ildə o, Maqadan diyarının Yuxarı Kolıma (Dalstroy) rayonunda öldürülüb.

Ramella İbrahimxəlilova