Stanislav Çerçesovun azərbaycanlı heyranı – FOTO

Baxış sayı: 2. 905 dəfə baxılıb.

Futbol üzrə Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesovun azərbaycanlı heyranı var.

ÇıxışYolu.Com xəbər verir ki, Sain Əlizadə doqquz yaşından bu məşqçinin bütün müsahibələrini toplayır, onun oynadığı və başçılıq etdiyi komandaların bütün matçlarının arxivini hazırlayır.

Əlizadə bu marağın necə yaranması haqda danışıb:

“1989-cu ildə Stanislav Salamoviç “Lokomotiv”dən “Spartak”a qayıtdı və birinci qapıçı oldu. Mənim cəmi doqquz yaşım tamam olmuşdu, futbolla yenicə maraqlanmağa başlamışdım. Bakıda yaşayırdım. Ancaq anam tarixçi olduğu üçün hər il Moskvaya gedirdi, arxivdə işləyirdi. Məni də özü ilə aparırdı. Ona görə də maydan sentyabradək orada yaşayırdıq. Ondan bəri Moskva dünyada mənim ən sevimli şəhərlərimdən biridir.

“Spartak”ın oyununu bəyənmişdim. Bu komandanın oyunlarını tez-tez Azərbaycanda televizorda göstərirdilər. Həmin komandada çoxlu xarizmatik futbolçular toplaşmışdı. Ancaq biri Qafqaz temperamenti, görkəmi, bığları, iradəsi və qələbə qazanmaq istəyilə xüsusi fərqli idi. Məktəbdə sinif yoldaşlarımın kumirləri xarici ulduzlar idi: Qulit, Laudrup, Klinsman.

Məni isə daha çox Sovet və Rusiya futbolu maraqlandırırdı. “Spartak”a azarkeşlik edirdim, heyətdən daha çox məhz Çerçesovu bəyənirdim. Ona baxırdım və nəsə doğmalıq hiss edirdim. Qafqazda məskunlaşmış xalqlarda (Çerçesov Şimali Osetiyadandır – S.M.) ümumi adət-ənənələr var. Ola bilsin, buna görə də məndə ona mənəvi bağlılıq yaranmışdı.

Stanislav Çerçesovun azərbaycanlı heyranı – FOTO

1993-cü ildə o, Drezden “Dinamo”suna keçəndə informasiya blokadasına düşdüm. İndi V Bundesliqanın matçlarının yayımına da baxmaq olur. Onda isə “Sovetski sport” Bakıya çıxdıqdan bir həftə sonra gəlib çatırdı. Bizdə futbolla çox maraqlanırlar. Burada qəzeti tez alırdılar deyə, köşkə gedib satıcı ilə əvvəldən qəzet saxlaması barədə razılaşırdıq. Sonra “Alman dalğası” adlı radiostansiya tapdım və dil bilməyə-bilməyə almanca oyunlara qulaq asdım”.

Əlizadə bildirir ki, gələcəkdə Çerçesovun muzeyini onun doğulduğu Alaqir şəhərində açmaq istəyir. O bildirir ki, “Futbol” qəzetinin Çerçesovun oyunlarından şəkillərini kəsib özündə saxlayıb.

Stanislav Çerçesovun azərbaycanlı heyranı – FOTO

İlk təhsili kardioloq olan Sain öz sahəsi üzrə yox, daha çox tərcüməçi işləyib. Hələ institut illərində avtostopla Avropanın yarısını gəzib. 19 yaşında Norveç, İsveç və Danimarkada olub. Hazırda Bakıda özünün tərcümə agentliyi olan Əlizadə daha sonra bunları qeyd edir:

“Azərbaycan, rus, türk, ingilis və norveç dilində bilirəm. Fəxr edirəm ki, Heydər Əliyev Fondu, çoxlu nazirliklər və böyük şirkətlər üçün tərcümələr etmişəm. Çoxlu beynəlxalq sifarişçilərimiz olub. Bakıya səfəri vaxtı Elton Conun və digər ulduzların şəxsi tərcüməçisi olmuşam. Musiqi ilə çox maraqlanmamışam, ancaq təklif edəndə hətta pulsuz işləməyə razılıq vermişəm. Çünki hər dəfə belə şans ələ düşmür”.

Stanislav Çerçesovun azərbaycanlı heyranı – FOTO

Sain Əlizadə Çerçesovla necə tanış olmasına da aydınlıq gətirib. O qeyd edir ki, Çerçesov Avstriyada “Vaker-Tirol”u çalışdıranda 2005-ci ilin noyabrında İnsbruka gedib və Vyana “Rapid”i ilə ev matçını izləyib:

“Tirol”un onlayn-maqazini vasitəsilə forma, suvenirlər sifariş vermişdim. Kluba da bildirmişdim ki, onların matçına gəlmək istəyirəm. Onlar üçün unikal situasiya idi. Axı hər gün matça Bakıdan azarkeş gəlmir… Onlar mənim üçün buraxılış vəsiqəsi düzəltdilər və ehtiyat oyunçuların yer aldığı skamyada oturmağa şərait yaratdılar.

Fasilədə məni meydançaya çıxarıb elan etdilər ki, oyunda Azərbaycandan gəlmiş “Tirol”un azarkeşi iştirak edir. Matç heç-heçə başa çatdı, Çerçesova yaxınlaşıb, foto istədim. Fevralda isə Türkiyəyə onların toplanışına getdim. Orada ona 1989-cu ildən azarkeşlik etdiyimi bildirdim”.

Stanislav Çerçesovun azərbaycanlı heyranı – FOTO

Sonra Çerçesov “Spartak”a keçəndə bütün təlim-məşq toplanışlarına gedən Sain Moskva klubunun rəsmi saytında gedən xəbərləri pulsuz ingiliscəyə çevirməklə məşğul olduğunu bildirir. Hətta “Spartak”ın saytında onun tərcümə agentliyinin loqosu da əks olunur. Hazırda isə o, Stanislav Çerçesovun rəsmi saytını işlədir:

“Çoxdan bunu açmaq istəyirdim. Bir dəfə ona bu barədə dedim. Dedi ki, sənə qadağa qoya bilmərəm, istəyirsənsə, et. Fikrimcə, o, güman etmirdi ki, məndə böyük arxiv var… 2010-cu ilin mart-aprel aylarında saytı açdım. Həmin ilin sonunda özü dedi ki, gəl, bunu Stanislav Çerçesovun rəsmi saytı edək”.

Sain Əlizadə Stanislav Çerçesovla bütün Avrasiyanı gəzdiyini bildirir. O qeyd edir ki, əvvəl futbola marağı olmayan həyat yoldaşı da ona sayt məsələsində kömək edir və səfərlərdə onunla birgə olur.

Stanislav Çerçesovun azərbaycanlı heyranı – FOTO

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com