Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün
vasitələrdən istifadə edib” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Prezidenti İlham Əliyev bu həftə bildirib ki, COP29-dan əvvəl
(BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasının noyabrda Bakıda keçiriləcək) Azərbaycan ilə Ermənistan
arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam
real görünür. Həqiqətən də irəliləyişlər nəzərə çarpır. Azərbaycan və
Ermənistan delimitasiya komissiyalarının iclasında 90-cı illərin əvvəlindən
Ermənistan tərəfinin işğalında olan Azərbaycanın Qazax rayonunun dörd sərhəd
kəndindən Ermənistan qoşunlarının çıxarılması barədə qərar qəbul edilib.
Rusiyalı politoloq, “Valday” klubunun eksperti, Sankt-Peterburq Dövlət
Universitetinin professoruStanislav Tkaçenko Cixisyolu.com-a müsahibəsində qeyd edib
ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə doğru hərəkət indi
geridönülməz xüsusiyyət alıb:
– 2023-cü ilin sentyabrından, yəni Azərbaycanın öz suveren ərazisinə nəzarəti
tam bərpa etdiyi dövr ərzində İrəvan danışıqlar prosesini ləngitmək və ya
danışıqlar zamanı özü üçün yeni, daha əlverişli vəziyyət yaratmaq üçün demək
olar ki, bütün mümkün addımlardan istifadə edib. Bu kontekstdə mən Ermənistan
tərəfinin bəzi fəaliyyətlərini qeyd edərdim: Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatını (KTMT) Ermənistanın iddia etdiyi əraziləri hərbi yolla müdafiəyə
məcbur etmək cəhdləri; müasir silahlar əldə etmək və bu iki dövləti öz
tərəfində münaqişəyə cəlb etmək üçün İran və Hindistandan dəstək istəmək;
Avropa İttifaqı və NATO-nun təkcə diplomatik deyil, həm də hərbi dəstəyini
təmin etmək üçün erməni diplomatiyasının “Avropaya üz tutmaq” istiqamətində
fəal səyləri. Qərbin dəstəyini almaq üçün İrəvan Rusiya ilə ənənəvi əlaqələri
qurban verməyə hazır idi.
Amma indi məlum olur ki, bütün bu cəhdlər nəticəsiz qalıb. Geriyə dönüş
mümkündür, lakin onun nəticələri Ermənistanın suverenliyi üçün fəlakətli
olacaq. Çox güman ki, yavaş-yavaş və əzab-əziyyətlə dövlət sərhədinin xətti
yerdə sabitləşəcək, sonra sülh müqaviləsi imzalanacaq. Ümid edirəm ki, bütün
bunlar bu il baş verəcək.
– Bakıda onlar İrəvanın qanunvericiliyində, o cümlədən Konstitusiyasında
Azərbaycana qarşı açıq şəkildə ərazi iddialarının yer alması və “Qarabağın
Ermənistanın bir hissəsidir” ifadəsi ilə bağlı sülhə mane olan məqamları
göstərirlər. Cəmiyyətin radikal hissəsinin ciddi etirazı olmadan Ermənistanın
Konstitusiyasına və qanunlarına dəyişiklik etmək olarmı?
– Təbii ki, Ermənistan Konstitusiyasının mətninə dəyişikliklər ediləcək, lakin
bu, indi və yaxın gələcək üçün ən aktual məsələ deyil. Elə Azərbaycan üçün də.
Daha vacibi ən böyük xarici oyunçular – Rusiya, Türkiyə və İran, Cənubi
Qafqazda öz iqtisadi və ya strateji maraqları olan digər dövlətlər tərəfindən
dövlət sərhədi xəttinin tanınmasıdır.
Lakin uzunmüddətli perspektivdə təbii ki, Ermənistanın Konstitusiyasına və
qanunlarına yeni reallığı təsbit edən dəyişikliklər ediləcək.
– Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur
dəhlizi – quru əlaqəsi məsələsini həll etmək mümkün olacaqmı?
– Rusiya diplomatiyası baxımından bu sualın cavabı aydın deyil. Kollektiv Qərb
dövlətləri ilə münaqişə inkişaf etdikcə Rusiyanın dost olmayan dövlətlərin
bazarlarına marağı azalır. Moskva üçün Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi
indi hər üç “qolu” ilə Xəzər dənizindən, eləcə də qərb və şərq sahillərində
prioritet əhəmiyyət kəsb edir. Onlar Rusiyanın Yaxın Şərq ölkələri ilə, eləcə
də İranla, gələcəkdə isə Hindistan və Afrika ölkələri ilə sürətlə artan
ticarətinə xidmət edəcək. Rusiya-Türkiyə ticarətinin 2022-ci ildə qeydə alınan
sürətli artımı indi dayanıb. Qara dənizdən, eləcə də Gürcüstandan keçməklə
yüklərin daşınması üçün mövcud imkanlar kifayət edir. Ona görə də hazırda
Rusiya ilə Türkiyə arasında yük daşımaları üçün başqa marşrut yaratmaq
məqsədilə Zəngəzur dəhlizinin açılmasının Rusiya üçün xüsusi bir aktuallığı
yoxdur.
Beləliklə, bu problemin həllinin açarı Azərbaycandadır. Sülh müqaviləsi
imzalandıqdan sonra Bakının Ermənistanla bu məsələdə rasional və qarşılıqlı
faydalı əsaslarla razılığa gəlmək imkanı olacaq. Dərhal deyilsə, bir müddət
sonra. Əminəm ki, iki-üç ildən sonra dəhliz açılacaq.
Nair Əliyev