Stanislav Yudeniçin möhtəşəm “Dünya Konsertləri Turnesi” ilk dəfə Bakıda
təqdim olunacaq – FOTO
Tanınmış ABŞ musiqiçişi Stanislav Yudeniçin bədii rəhbəri olduğu “Dünya
Konsertləri Turnesi” beynəlxalq layihəsi çərçivəsində Bakı şəhərində dünya
şöhrətli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş silsilə
konsertlər keçiriləcək.
Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət
Assosiasiyasının mədəniyyət məsələləri üzrə direktoru, “Florida Keys”
layihəsinin rəhbəri Pərvin Muradovun təşəbbüsü ilə bu layihə ilk dəfə Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təqdim ediləcək.
Layihənin Bakıda gerçəkləşdirilməsinin dəstəkçilərindən biri də Diasporla İş
üzrə Dövlət Komitəsidir.
10, 12 və 14 oktyabr tarixlərində baş tutacaq konsertlərdə piano ifaçıları
Stanislav Yudeniç (ABŞ), Murad Adıgözəlzadə (Azərbaycan), David Xrikuli
(Gürcüstan), Əli Məmmədov (Azərbaycan), İlya Şmukler (İsrail-Rusiya), Çi-Çi
(Çin), Yanqrey Tsay (Çin), Anastasiya Vorotnaya (Rusiya), Sergey Belyavski
(Rusiya) və İskəndər Məmmədəliyev (Özbəkistan) çıxış edəcəklər. Musiqiçiləri
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Konsertləri orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycanın Əməkdar
artisti Fuad İbrahimov və tanınmış dirijor Mustafa Mehmandarov idarə edəcək.
Qeyd edək ki, azərbaycanlı pianoçu Əli Məmmədov 2020-ci ildə “Florida Keys”
musiqi müsabiqəsinin qalibi olub.
Pərvin Muradov bildirib ki, bir il ərzində Bakı şəhərinin Stanislav Yudeniçin
“Dünya Konsertləri Turnesi” beynəlxalq layihəsinə daxil edilməsi və onunla bu
layihə çərçivəsində əməkdaşlıq edilməsi məqsədilə müzakirələr aparılıb:
“Nəhayət, bu arzumuz gerçəkləşib”.
Soydaşımız bu layihəyə göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət
Komitəsinə minnətdarlığını bildirib: “Fərqli icmalar və ölkələr arasında mədəni
mübadilənin və anlaşmanın təşviq edilməsində sizin işinizi yüksək
qiymətləndiririk”.