Stas Rubençik: Bakıda yaşayanda gicbəsərlərlə oturub-dururdum

Baxış sayı: 3. 380 dəfə baxılıb.

Tanınmış prodüser, rejissor, aktyor Stas Rubençik ÇıxışYolu.Com-ya verdiyi müsahibədə doğma şəhəri, gördüyü iş və ümumilikdə yaradıcılıq prosesi ilə bağlı fikirlərini bölüşüb.

– Dünyanın üç paytaxtı ilə əlaqəniz var: Bakı, Moskva, Berlin. Onların oxşar və fərqli cəhətlərini nədə görürsünüz?

– Matrisa hər yerdə fərqlidir. Hər paytaxtın özünəməxsus dəyərləri var, bu dəyərlər minilliklər ərzində formalaşıb. Hətta deyərdim iqlimin də çox təsiri olub. Şimalda yaşayan insanlar daha təmkinli olurlar: onlar il boyu daha az gün işığı və istilik görür. Hər halda gün işığı vitamin D mənbəyidir. Cənubda yaşayanlar isə daha istiqanlı və coşğun olurlar.

Qloballaşma epoxası, əlbəttə ki, bir çox xalqları birləşdirir. Moskvalı olsan belə, Bakıya gəlib, burada bir il qalsan, istər-istəməz mentalitetin, dünyagörüşün dəyişməyə başlayacaq, bu məkanın həyat atributlarını və özəlliklərini qəbul etməyə başlayacaqsan. “Şüuru varlıq təyin edir” qədim formulası bu günə kimi “qüvvədədir”. 

Bakıda yaşayanda yığıncaqlarda qalmaqal salırdım, artıq-əksik danışırdım. Bəzi gicbəsərlərlə oturub-dururdum. Köçəndən sonra dəyişdim. İndi ətrafımda başqa adamlar var. Dünyagörüşüm dəyişib, müdrikləşmişəm, insan 30 yaşında sarsaqdırsa, elə 70 yaşında da sarsaq qalacaq. Ümid edirəm ki, bu sözlər mənə aid deyil.

Stas Rubençik: Bakıda yaşayanda gicbəsərlərlə oturub-dururdum

– Azərbaycan sizin üçün nə deməkdir?

– Bakıdan çoxdan köçmüşəm, bununla belə, harada doğulub boya-başa çatdığımı unutmuram.  Üstəlik, indiyə kimi dünya ölkələrinə səyahət edəndə sol cibimdə Azərbaycan vətəndaşı pasportu olur. Ona görə buranı unutmaq mümkün deyil. Bu, insanları çox təəccübləndirir, çünki məni bu ölkənin vətəndaşı kimi heç cür təsəvvür edə bilmirlər. Amma bu məni zərrə qədər də narahat etmir. Hətta deyərdim əyləndirir.

Məni artıq bezdiriblər, hamı deyir Xavyer Bardemə oxşayırsan, barlarda məni görüb ingilis dilində danışırlar, onlara səlis rus dilində cavab verirəm, mat-məəttəl qalırlar. Saitlərin uzadılması şəklində Bakı ləhcəsi də məndə yoxdur. 

Bakıya nadir hallarda gəlsəm də, hər halda gəlirəm. İki dəfə maşınla Azərbaycana səfər etmişəm. Ailəmlə Almaniyadan Balkanlara, oradan Türkiyəyə, Türkiyə sərhədindən Gürcüstana səyahət etmişdik. Bunu təkrarlamaq istərdim. Bütün gəzib-gördüklərindən sonra “Krasnıy most” (Qırmızı körpüdən) üzərindən keçəndə özünü istər-istəməz evdəki kimi hiss edirsən. Çox möhtəşəm duyğudur.

Xəzər dənizi su tərkibinə görə dünyanın ən yaxşı dənizlərindəndir. Yaxşı çimərlik olanda, burada çimmək adama sözün əsl mənasında ləzzət edir. Bakıda ədabazların yığışdığı, məsələn, qadınların çimərliyə dikdabanda gəlib, bir növ şöhrət yarmarkası təşkil etdiyi yerləri sevmirəm. Belə yerlərdən uzaq durmağa çalışıram, az adam olan çimərliklərdə oluram.

Bəzən xoş tapıntılar da olur. Məsələn, keçən dəfə Qobustanın palçıq vulkanlarında oldum, ardınca yaxınlıqdakı tərtəmiz yaşıl suyu olan boş sahil boyunca gəzdik. Əntiqə idi. Tez-tez rusiyalı tanışlarımın Bakı səyahəti ilə bağlı təəssüratlarını eşidirəm, Bakıya çox valeh olduqlarını bildirirlər, belə şərhlər mənə çox xoş təsir bağışlayır. İnsanların Azərbaycana münasibəti dəyişib. Əvvəllər ağıllarına birinci növbədə “alverçilik” gəlirdisə, indi hamısı “yeni Dubaydan” danışır.

Stas Rubençik: Bakıda yaşayanda gicbəsərlərlə oturub-dururdum

– Ölkə xaricində azərbaycanlını tanımaq asandır? Həmvətənlərlə münasibətləriniz nə yerdədir?

– Azərbaycanlını dünyanın istənilən yerində tanıya bilərəm. Bu, izahı olmayan bir vəziyyətdir. Sadəcə, baxan kimi dərhal anlayıram ki, “bizimkidir”. Ola bilər, rejissor olduğum üçün belədir. İnsanların simalarını oxuya bilirəm.

Ümumiyyətlə, bakılılar heç yerdə dəyişmirlər. Çoxları həm də köhnə Bakını xatırlayıb, doluxsunmağı sevir… Dərdli, bir qədər sərxoş “50+” yaşlı əmilər “Planovaya” mahnısının sədaları altında ağlayıb, köhnə Bakının xatirəsinə “vururlar”. Sözün düzü, bu, mənim o qədər də ürəyimcə deyil. Mən belə nostaljik, naftalin qoxusu verən söhbətlərdən uzağam. Belə anlarda yerimdən qalxıb, üzrxahlıq edirəm və məclisi tərk edirəm. Bir az da önə gedim: bu cür söhbətlərə görə “bakılı” ifadəsini ifrat dərəcəyə çatdırıblar. Ona görə mən bakılı deyiləm. Sadəcə, Bakıda anadan olmuşam.

– Prodüser, rejissor, aktyor… Bunun davamı gələcək?

– Mənim üçün aktiv, pozitiv, kreativ olmaq daha böyük önəm kəsb edir, elə insan ki, ona hər zaman tələbat olsun, insanlara sevinc gətirsin. Yəqin, elə buna görədir ki, bu yaxınlarda şoumen də oldum. Sadəcə, dostlar tövsiyə etmişdi. İnsanları sevirəm, insanlarla enerjimi bölüşməyi sevirəm. Diqqət mərkəzində olmağı sevirəm və düşünürəm ki, məndə onlara çatdırası çox şeylər var.

Misal üçün, mənə FTX (Rusiyanın Federal Təhlükəsizlik Xidməti – red.) polkovnikinin yubiley şənliyində aparıcı olmağı təklif etmişdilər. Əvvəl şokda idim, çünki həmin vaxta qədər heç vaxt bunu etməmişdim. Bununla belə, getdim və yerinə yetirdim. Ən əsası odur ki, enerji mübadiləsi oldu. Üstəlik, nələrdənsə qorxub-çəkinmə dövrü keçib. Sadəcə, öhdəyə götürüb, yerinə yetirmək lazımdır.

Bir ildən sonra nə ilə məşğul olacağımı bilmirəm. Gərək sənə maraqlı olan şeylərlə məşğul olasan. Kim bilir, bəlkə, gələcəkdə başıaşağı dayanmaqdan xoşum gələcək.

Stas Rubençik: Bakıda yaşayanda gicbəsərlərlə oturub-dururdum

– Enerjini bölüşmək yaxşı haldır. Bu enerjini haradan toplayırsınız?

– Başqa insanlardan. Özümü yeni bilgilər, müsbət enerji və ya qazanc əldə elə biləcəyim insanlarla ünsiyyətə kökləmişəm. Bu qədər utanmaz şəkildə. Bu, əlbəttə ki, ailə və qohumlara aid deyil. Mənə dünənki fikirlərin səsləndiyi, enerjini tükədən yığıncaqlar maraqlı deyil.

Həmçinin, öz yaradıcılığımda, iş başında olan vaxt çox enerji hasil edirəm. Maddi dünyada yaşayırıq, istənilən yaradıcılıq qiymətləndirilməlidir. Ancaq pul heç də hər zaman hər şeyin fövqündə olmur. Bu, bilirsiniz, nəyə bənzəyir, arıqlamaq istəyirsən, trenajorlara gedirsən. Ancaq bu, kifayət etmir axı, düzgün qidalanmaq da şərtdir. Kino sənayesində də vəziyyət eynidir, pul hər şeyi həll etmir. Nə ifadə etmək istədiyini, daxilindən gələnləri anlamalısan. 

Üstəlik, bəzən prosesin özü nəticədən daha vacib olur. Məsələn, sərasər üç ay ərzində çəkiliş aparırsan, ekranlara isə cəmi dörd saat gedir. İstənilən halda üç ay dörd saatdan çoxdur. Bu aylar ərzində çəkilişlər qalmaqallar, əsəb gərginlikləri, anlaşılmazlıqlarla müşayiət olunsa, onun nəticəsi də sual altına olacaq. Ona görə fikir verməlisən ki, əhatəndə düzgün insanlar olsun.

Çəkiliş meydanına insanların üzərinə çığırmaq, onları aşağılamaq mənlik deyil. Məndə bu yolla içində boğduqlarını sublimasiya edən “mama uşağı” rejissorlara xas olan komplekslər yoxdur. Heç bir sıxıntım yoxdur. Həm səfillə, həm də oliqarxla eyni tərzdə söhbət edə bilərəm.

Stas Rubençik: Bakıda yaşayanda gicbəsərlərlə oturub-dururdum

– Yaradıcılıqda rasionalizmlə “ürəyə yatan” iş arasında sərhəd haradan başlayır?

– İdealda, hər hansı işi pul müqabilində görsən belə, onu özün üçün görməlisən. İşə “tutdu qatıq, tutmadı ayran” şəklində yanaşmaq olmaz. Hətta sonradan nəticənin gözləntilərə uyğun olmadığını anlasan belə. İstənilən halda sənin yaratdığın məhsul sənin bir parçandır. Keyfiyyətli etsən, effektini istər-istəməz görəcəksən: maddi olmasa belə, azından əxlaqi. İstənilən işdə mükəmməlliyə can atmaq lazımdır. Fərqi yoxdur, hansı peşənin sahibisən, istəyirsən çörəkçi ol, istəyirsən çilingər. Əks halda, məşğulluğun heç bir önəmi qalmır.

– Bu yaxınlarda Rusiyanın “İz” serialında görüntülənmisiniz. Nədir, yoxsa aktyorluq sənəti ilə məşğul olmağı qərara almısınız?

– Məni rejissor dostum Jernevski dəvət etdi. Artıq Rusiya teleməkanında 10 il ərzində yayımlanan əfsanəvi serialdır. Orada əclaf obrazını canlandırmaq mənə elə də çətin olmadı. Orada özümdən xoşuma gəlmirdi, ancaq bu heç vecimə də deyildi. Rusiyanın elə aktyoru tapılmaz ki, orada oynamasın, ancaq çoxları bunu gizlədir, belə ki, bu, onların karyerasına zərər vura bilər, mən isə, sadəcə, bir neçə şən gün keçirdim. Bu, öyünərək danışmaq istədiyim işlərdən deyil. Ancaq ümumiyyətlə, “əclafları” oynamağı sevirəm, bu, bir növ mənim sublimasiyamdır.

Həyatda dürüst və yaxşı birisənsə, ekranda onun tam əksini canlandırmağa can atırsan. Rusiyanın Birinci kanalında “Kop” serialının yayıma gedəcəyi günü səbirsizliklə gözləyirəm, orada fırıldaqçı-psixoloq rolunu oynamışam. Rejissor Radd Novikova məni bu rola uyğun bildi, alman ləhcə o qədər də yaxşı alınmasa belə. Daha çox ingilis ləhcəsinə bənzəyirdi. Füsunkar Anna Snatkina və Kirill Zaysevlə çiyin-çiyinə kamerə önünə çıxmışamsa (serialda qəhrəmanımı həbs edib, dindirirlər), deməli, qocalanda xatırlamağa maraqlı bir şey olacaq. “Mənim problemlərimi həll etmiş” “Afobazol”a gəlincə isə, reklam çarxı artıq çoxlarının gözlərini qabar edib. Təki o, həqiqətən, mənim problemlərimi həll edəydi, təki…

Rejissorluq planında – TVS telekanalında dekabr ayında iki seriyalı “Qırmızı lent” detektivinin premyerası olub. Heç vaxt detektiv çəkməmişəm, işləmək maraqlı oldu. Adama elə gəlir, hansısa uğurlu işdən sonra bütün dünya sənin ayaqların altına düşəcək. Ancaq reallıqda bu, belə deyil. Ona görə hər dəfə hər şeyi yenidən sübuta yetirməli olursan, çox uzun, incə psixolji danışıqlar aparmalı olursan. Ona görə də rahatlaşmaq, gördüyün işlərlə kifayətlənmək olmaz.

Noyabr ayında mənim “Güzgüdəki naməlum” melodramım “Qızıl qartal” mükafatının uzun siyahısına düşdü. Bu, mənim üçün tam gözlənilməz idi. İlk belə iş idi. Bu qədər sayda melodram ola-ola, mükafata mənim lentimin namizədliyini irəli sürdüklərinə görə “Rossiya” telekanalına minnətdaram. Mahiyyət etibarilə bu, hind kinosudur, bir çox aktyorlar bundan gileylənirdilər, ancaq mən onlara belə dedim:

“Uşaqlar, düzdür bu hind kinosudur, ancaq gəlin əl-ələ verib Rusiyanın ən yaxşı hind kinosunu çəkək”. Elə bil bizdə alındı. Baş antaqonistin azərbaycanlı prodüser olması, ekran əsərinə özünəməxsus kinayə və kef qatdı. Tima Bədəlbəyli gözəl aktyordur, Sarı Gəlin kadrında hətta royalda özü ifa edib. Təbii ki, ssenaridə bu nəzərdə tutulmamışdı. Mənim “Qara volqa” Bakı “bandası” haqqında serial çəkmək ideyamı Birinci kanala işləyən “Sentral Partnerşip” oğurladı. Ancaq təəssüflər olsun ki, yerlilərimdən qaynaqlanan intriqalar və təxribatlar ucbatından indi bu ideya ilə heç bir əlaqəm yoxdur. Mən bunlara hazır deyildim. Lakin təvazökarlıqdan uzaq olsa da, düşünürəm ki, Moskvada Bakı haqqında serialı məndən yaxşı çəkən tapılmaz. Onda anladım ki, Moskva kinoaləmində “bizimkilərdən” uzaq dursan, yaxşıdır. Rüstəm İbrahimbəyov istisnadır. Yadlar daha yüksək qiymət verirlər. Çoxdan buna öyrəşmək lazım idi, ancaq “uşaqlığın” ilk 40 ili insanın ən çətin illəri olur.

Hazırda bir alman şirkəti üçün reklam çarxı çəkirəm. Görək axırı necə olacaq. Hələlik yüksəlirəm, yavaş da olsa, yeriyirəm.  

Stas Rubençik: Bakıda yaşayanda gicbəsərlərlə oturub-dururdum

–  Rusiya kinosu və televiziyasında nə kimi yeni tendensiyalar var?

– Hər şey internetə doğru səmt götürüb. Televizoru daha az yandırırlar. Prodüserlər daha çox internetdən pul götürəcək formatlar barədə düşünürlər. Ona görə də  “qısametrajlı” bloqerlik fəaliyyəti çiçəklənməkdədir. Uzun hekayələri lentə almaq artıq sərf eləmir. Hələlik bu lazımdır, çünki auditoriyada “40+” yaş kateqoriyasından olan qadınlar çoxluq təşkil edir. Kənddən şəhərə köçən, oliqarxın “fırladaraq” atdığı, sonra isə yaxşı bir polis zabiti ilə tanış olub ona ərə gedən əyalət qızı tipli hekayələr hələ də auditoriya üçün maraqlıdır və buna tələb var, hələ ki… Sadəcə, internetdə daha geniş azadlıq var. Orada ürəyin nə istəyir, edə bilərsən, heç bir “pas atmış” prodüser hansısa kanalda öz köhnəlmiş fikirləri ilə səni dəng etməyəcək. Belə zamanlar həmişəlik gedəcək.  

 – Bu yaxınlarda həm də “Facebook” bloqeri kimi tanınmağa başlamısınız. Sosial şəbəkələrə belə sevgi haradan gəlir? Bu, sizə nə verir?

– İstənilən yaradıcı layihəyə başlayanda, ilk növbədə öz hədəf auditoriyanı müəyyənləşdirməli olursan – söhbət kontentin istehlakçısından gedir. Hansısas konkret bir şəxs.

Mən “Facebook”da oğlum üçün yazıram. Onun yazdıqlarımı oxumasını istəyirəm. Ola bilsin, bu mənim özünəməxsus bir tərbiyə metodumdur.

Bloq – özünüifadədir. Mən “Facebook” adamıyam, başqa sosial şəbəkələrdə oturmuram. Mənim “Instagram” səhifəm də var, ancaq oraya çoxdandır daxil olmuram. “Instagram” qızlarlıqdır. Ondan bütün əzəmətini göstərməyə çalışan qəşəng kişi və ya striptizçi istifadə edə bilər, misal üçün, Tarzan-Qluşko (yeri gəlmişkən, biz onunla həmyaşıdıq). “Instagram” onun sahəsidir.

Mənim sahəm isə “Facebook”dur. Orada öz fikirlərimi ifadə edirəm. 10 il əvvəl FB-də oturanda hələ onun nə işə yaradığını, mənim nəyimə lazım gəldiyini anlamırdım. Ancaq sonra gördüm ki, reallıqda sərf edə bilmədiyim enerjinin bir növ sublimasiyasıdır. Bu, mənim mühitimdə işə yarayır. Çünki dostluğumda çox sayda “yığıncaq” tanışları, prodüserlər var. Onlar sənin səhifəndə yazılanlardan, kiminlə iş gördüklərini anlayırlar. Bu ya işə çox yarayır, ancaq hərdən də olur, ümumiyyətlə, yaramır.   

Bundan mənfəət güdmürəm, çünki belə şeylər həyati fəlsəfə kimidir, çətin gəlir gətirir. Ancaq istər-istəməz nəticədə bu maddiyyata çevrilir, belə ki, kino sənayesi sahəsində təmaslarımın 90 faizi “Facebook” vasitəsilə gerçəkləşir. Əvvəllər kimisə tapmaq və söhbət aparmaqda çətinliklər olurdu, indi isə (sosial şəbəkənin sayəsində) daha çevik baş verir.

Stas Rubençik: Bakıda yaşayanda gicbəsərlərlə oturub-dururdum

 – Sizin bloqlar “40+” kateqoriyasından olan qadınlar arasında kifayət qədər populyardır, bunu postlarınızda da qeyd edirsiniz. Bu yaş dövrünü Balzak da öz əsələrində xüsusi qeyd edirdi. Müasir zamanda bu fenomenin təzahür etməsi nə ilə əlaqədardır?

– Əslində, “20+” da məni oxuyur. Ötən gün barda gecə saat üçdə bir azərbaycanlı gənc mənə yaxınlaşıb belə dedi: “Sizi çox bəyənirəm. Yazılarınızı oxuyuram, sizin kliplərinizlə böyümüşəm”. Bu, mənə çox xoş təsir bağışladı. Artıq kimsə böyüyüb. Yəni bu qədər qocalmışam? Rusiyada isə əsas “istehlakçılar” “40+” yaş kateqoriyasına aid qadınlardır. 

Onlar əhalinin aktiv hissəsidir, əsas televiziya məhsulları məhz onlara hesablanıb. Ona görə bu qədər çox melodram, sevgi hekayəsi, başdan-ayağa qiybət olan anormal tok-şoular var. Ancaq söhbət pasportdan getmir. Sən aktiv insansansa, 40 yaşından, 50 yaşındada, 60 yaşındada sevib-sevilə və özünü gənc hiss edə bilərsən. Təəssüflər olsun ki, əks tendensiya da var. İnsanın 30 yaşı var, tez qocalmasını gözləyir və ya artıq özünü zehni olaraq qoca hiss edir. Ancaq insan qoca yaşlarında cavan ölməyə can atmalıdır. Bax budur həyat fəlsəfəsi.

– Öncəki müsahibələrinizdən birində demişdiniz ki, klipmeykerlik rejissorluğun erkən mərhələsidir və ömür boyu bununla məşğul olmaq olmaz. Sizə Azərbaycanda klip çəkmək üçün yüksək məbləğli təklif gəlsə, razılaşarsınız?

– Dünya dar ixtisaslı olub. Əgər klip çəkirsənsə, insanlar bununla bağlı sənə müraciət edəcək və sən artıq bu halqadan çıxa bilməyəcəksən. Əksər Hollivud rejissorları da kliplə sənətə gəlib, ancaq sonradan işləyərək, böyük kinolentlər çəkməyə başlayıb. Bu janra qayıtmağa gəlincə – niyə də olmasın. Hər şey materialdan asılıdır. Mən hələ də reklam çarxları çəkirəm və bunu böyük məmnuniyyətlə edirəm. Hər şeyi əvvəldən axıra kimi düşünməyi xoşlayıram. Yaxşı rejissor hər şeyi çəkməyi bacarmalıdır.

Uzaq mövzular barədə fikir yürütməyi xoşlamasam da, ancaq Azərbaycanda, deyək ki, şərti olaraq “Formula 1, Avroviziya qızı” klipini çəkməyi təklif etsələr,  həqiqətən, bir yandan çoxlu pul olacaq (bu əsas şərtdir), digər yandan isə səviyyə və reputasiya aşağı düşə bilər… Belə vəziyyətlərdə rejissorlar bir “biclik” işlədir: kinoda son məhsulu bəyənməyəndə, sadəcə, titrlərdən adını çıxarırsan. Realıqda belə bir təklif daxil olsa, nə olacağını bilmirəm. Ola bilsin, çəkdin və heç kimə bu barədə bir kəlmə demədim. Ancaq ən azından can yandırıb, yaxşı iş ortaya çıxarmaq lazımdır. Rejissor öz məhsulu üçün cavabdehlik daşıyır, necə ki ata öz övladına cavabdeh olur…

Namiq Həsənov