Norveçin “Statoil” neft-qaz şirkəti adını dəyişir
ÇıxışYolu.Com “Bloomberg”ə istinadən xəbər verir ki, şirkətin yeni adı “Equinor” olacaq.
Bildirilir ki, şirkət müasir dəyərlərə hörmət məqsədilə “neft” sözünü çıxaracaq.
Yeni adın mənşəyinə gəlincə, birinci hissə ingiliscə bərabərlik, balanslaşdırılmış deməkdir. “Nor” sözü isə şirkətin Norveçə məxsus olduğunu bildirir.
Nəzərə çatdıraq ki, yeni ad “Statoil”in mayın 15-də keçiriləcək səhmdarlarının illik iclasında müzakirə ediləcək.
Şirkətin əsas səhmdarı olan Norveç hökuməti Direktorlar Şurasının adın dəyişdirilməsi ilə bağlı təklifini dəstəkləyir və bu qərara səs verəcək.
Bu arada “Statoil” öz strategiyasında investisiyaların 15-20 faizini bərpa olunan enerji mənbələrinin inkişafına yönəltmək niyyətindədir. Bu məqsədə çatmaq isə 2030-cu ilə planlaşdırılır.
Qeyd edək ki, “Statoil”in əsası 1972-ci ildə qoyulub. Səhmlərinin 64%-i dövlətin nəzarətindədir. Mərkəzi ofisi Norveçin Stavanger şəhərində yerləşir.