6e57f573-2793-4d67-aa4c-7bd322b8dcf7..jpg

Stilist Anar Ağakişiyev: “Mənə zövqü manat və dollar verir” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 683 dəfə baxılıb.

Stilist Anar Ağakişiyev: “Mənə zövqü manat və dollar verir” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mənim üçün 2023-cü il Xalq artistinin bərbad geyimi ilə yadda qaldı”.

Bu sözləri Cixisyolu.com-a müsahibəsində stilist Anar Ağakişiyev deyib. Onunla gələn
ilin dəbini, qalmaqalları, zövqlü və zövqsüz məşhurları, layihələri müzakirə
etdik. Müsahibəni təqdim edirik:

– Anar bəy, sizi görmək çox xoş oldu. Necəsiniz? İşləriniz necə gedir?

– Şükür, hər şey əladır. Gördüyünüz kimi, temp yavaş-yavaş yığılır.
Pandemiyadan sonra sektor dirilir. Bu səbəbdən Bakıda tapılmıram. Hər şey
yaxşıdır. Təşəkkür edirəm.

– Qarşıdan 2024-cü il gəlir. Yeni ildə nə kimi yenilikləriniz olacaq?

– İllərlə üzərində çalışdığım bir layihə var, inşallah, 2024-də onu
gerçəkləşdirməyi düşünürəm. Amma açıqlaya bilmərəm. Öncədən demək mənə düşmür.
Oxucular məni başa düşəcəklər. Onu həyata keçirməyə hazırlaşıram. İnşallah,
Allah alnımı açıq edər. Əsas o layihəyə köklənmişəm. Üzərində səylə çalışıram.

Bununla yanaşı, TV-də yayımlanan “Dəyişən cavab” yenidən bərpa olunur. Hətta
dekorasiyaları da gətiriblər. Bənövşəyi podium olacaq. Əvvəl TV studiyasında
çəkilirdi. Bir qədər çətinliyimiz olurdu. Qərara gəldik ki, elə burada, öz
mərkəzimizdə çəkək.

– “Dəyişən cavab” layihəsi efirdə nə zamandan yayımlanmağa başlayacaq?
Formatında nə kimi yeniliklər olacaq?

– Yeni ilin ilk həftəsindən yayımlanacaq. Bizim layihəni Türkiyədə də həsədlə
izləyirdilər. İlk yayımda canlı korifeyi qonaq qismində dəvət edəcəyik.

Bizim birinci verilişimizdə o zaman Xalq artisti Flora Kərimova iştirak
edirdi. Çox möhtəşəm alınmışdı. İndi də “ağır artilleriya” ilə başlayırıq. Bəzi
fərqlər olacaq. Əvvəl həm müğənni dəyişirdi, həm də öz tarixçəsini danışırdı.
İndi dəyişiklik bir balaca az olacaq. Verilişə gələnlərin 80 faizinin zövqü
normaldır. Bir növ, qonaq içində saxladığı, yığılıb qalanları danışacaq.

Müğənnilər mənə nə isə danışanda bəzən düşünürdüm ki, bunları mənə niyə
deyirlər? Bir dəfə özüm qonaq qismində oturdum. Gördüm ki, həqiqətən, məni
ab-hava apardı. Heç vaxt heç yerdə demədiklərini danışırlar. Bu dəfə, bir növ,
qarşı tərəfə də söz ixtiyarı veriləcək. Məsələn, bir müğənni digər şəxs
haqqında danışırsa, artıq süjet ilə qarşı tərəfin cavabını ala biləcək.

– Aparıcı Kamran Həsənlinin telekanalların bugünkü fəaliyyəti ilə bağlı
fikrinə sosial şəbəkədə münasibət bildirmisiniz.

– Təsadüfən İctimai Televiziyada Kamran Həsənlinin çıxışını gördüm. Məncə, heç
də doğru fikir deyil. Şəxsən mən öz adımdan deyə bilərəm ki, kanallarda hər şey
yüksək səviyyədədir. Yeni formatda verilişlər yayımlanır.

Ola bilər ki, trendə düşən müğənnilərin birbaşa efirə yolları açılır. Bu,
normal haldır. Dünyanın hər yerində bayağı mahnılar səslənir. Onların da öz
kütləsi var. Efirdən elə fikir səsləndirmək kənardan gülməli görünürdü. Əgər
Kamran bəy öz vaxtı ilə müzakirə edirsə, onu deyə bilərəm ki, əvvəl toy
kameraları ilə çəkilirdi.

Kamran Həsənli böyük bir fasilə verib, indi özünü toparlaya bilmir. Heç bir
vəzifəsi yoxdur, heç bir kürsüdə oturmayıbsa, bu, Kamran Həsənlinin öz
problemidir. Başqalarına söz atmaq lazım deyil.

Ağlamalı, “Səni axtarıram” tipli verilişlərin çoxluğundan kimsə gileylənirsə,
Türkiyədə Müge Anlı illərlə reytinqdə birincidir. Heç bir tamaşaçı qalxıb demir
ki, bezdik.

– Qadınları makiyajla dəyişirsiniz. Bu, çox böyük səs saldı. Bəs kişilərlə
bağlı belə bir layihəniz varmı?

– Belə bir şeyi heç vaxt düşünməmişəm. Bəylərimizin çərçivəsi çox dardır.
Çərçivədən çıxa bilmirlər. Ona görə də düşünmürəm. Lakin pis də görünmürlər.
Yaxşıdırlar.

– Hazırda hansı məşhurlarla işləyirsiniz?

– Daimi olaraq heç kəslə çalışmıram. Burada olanda Röya Ayxan, Samirə Əfəndi,
Manana Caparidze gəlirlər. İşlərim səbəbindən vaxtım yoxdur. Xaricdə layihəm
var. Yerli telekanalların birində də kadr arxasında çalışıram. Üst-üstə düşür
deyə vaxtım olur. Beş-altı ildir ki, belədir.

– Anar bəy, sizinlə işləmək istəyən, lakin imtina etdiyiniz məşhurlar olubmu?

– Yox, olmayıb. Mənə zövqü manat və dollar verir. O yaş dövrümü yaşayıram ki,
yalnız qazancdan zövq alıram. Fərqi yoxdur. Danışmadığım müğənni belə gəlib,
qapımı döysə, işləyərəm. Mən kimsə ilə prinsip aparmıram.

“Altın Kelebek” mükafatında Kamilə Babayeva məndən müsahibə aldı. Mən o
xanımla bir ildir ki, danışmıram. Ancaq bunu normal qəbul etdim. O da işini
görürdü. Mikrofonu uzatdı, ona gülümsəyərək cavab verdim.

Bəzən məclislərdə də danışmadığım adamlarla bir araya düşmüşəm. Heç vecimə də
olmayıb. Elə bir kompleksim yoxdur. Hər bir insan belə olmalıdır. Bir insanı
silmişəmsə, onunla əsla barışmıram. Barışdığım yalnız Roza Zərgərlidir. Sadəcə,
münasibətimiz düzəlib. Başqaları ilə inanmıram ki, düzəlsin. İstər Nanə,
istərsə də digərləri olsun. Adlarını çəkmək istəmirəm. Qəlb sındısa, bitdi. Bir
daş altda, bir daş üstdə. Bir insan digərinə qarşı səhv addım atdısa, sabah
mənə qarşı da ata bilər. Ona görə uzaqlaşıram. Elə düşünməsinlər ki, Nanə xanım
mənimlə barışmaq istəyir, xeyr. Sadəcə olaraq, kimisə bu günə qədər
uzaqlaşdırmışamsa, o demək deyil, düşmənimdir. Sadəcə, ortaq mövzuda olmaq
istəmirəm.

– Bu ilin ən zövqlü və ən zövqsüzləri kimlər oldu?

– Məni heç maraqlandırmır. Heç vecimə də deyil. Kimin nə zövqü varsa, odur.
Həyat çox qəribə olub. Artıq əvvəlki qığılcım qalmayıb. Kim zövqlü geyinib, özü
bilər. Dünya başqa tərəfə yönəlib. “TikTok”a girirsən, görürsən ki, dünyanın
sonu ilə bağlı danışırlar. Zövqlü-zövqsüz məsələsi arxa planda qalıb. Heç
maraqlı deyil. Zövqsüzə belə xoşdur ki, elə gəzir. Özü bilər.

– “Altın Kelebek” müsabiqəsindəki məşhurların geyimi sizi qane etdimi? Hətta
tənqidlər oldu ki, yaxşı deyildi. Nominasiyada iştirak edənlərin stilinin
kimsəni təəccübləndirmədiyini söyləyirdilər.

– Xeyr. Tam qane etmədi. Mən onların geyimləri ilə məşğul olmurdum. Sadəcə,
mükafat üçün təklif almışdım. Qəbul etdim. Məncə, öz vəzifəmi yüksək səviyyədə
yerinə yetirdim. Özümdən çox razıyam. Orada, sadəcə, Samirə Əfəndi məndən onu
bəzəməyimi xahiş etdi. Mən də qəbul etdim.

Məndən olsaydı, aktrisa Kamalə Piriyevanın saçını açardım. Pencək
geyindirməzdim. Ağ paltarda olması şərt idisə, ağ məxməri sadə bir paltar və
beli incə göstərən qızılı kəmər, paltarında dizdən yırtıq olsaydı, yaxşı
olardı. Sadəlik daha önəmlidir.

– 2023-cü il “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən
qardaşların geyimi, stili də çox tənqid olundu. Siz nə düşünürsünüz?

– Geyimləri bərbad idi. Mən özüm oradaydım. Onlar klipdə olan obrazda
çıxsaydılar, bəlkə də, daha yaxşı olardı. Onlar oraya getməməli idilər. O tip
obraz Avropada addımbaşı hər yerdə var. Onların yerinə Roza Zərgərli getsəydi,
bəlkə də, yaxşı olardı. Bir növ təəccüblü gəldi. Orada bir qədər
atlanıb-düşsəydilər, finala düşərdilər. Qardaşlarla şəxsi tanışlığım yoxdur.
İnciməsinlər. Ruhdan da düşməsinlər. Problem onları oraya göndərəndədir.

Onlar qadınsayağı geyim və saç düzümündə idilər. Bu bir növ, bəlkə də,
komandanın problemi idi. Onlar orada nə Konçita Vurst kimi idilər, nə də başqa
cür. Ortada qalmışdılar. Böyük problem yaratdılar. Nəticə də göz önündə idi.

Roza Zərgərli dar, qırmızı rəngli lateksdə (bədən formasını büruzə verən),
uzun mavi saç ilə qəşəng obraz ola bilərdi. Afrika mahnısı ilə getsəydi, finala
düşərdi. Musiqi festivalında mahnıda millilik olmasa da olar. Uşaqlar orada
sönmüşdülər. Acıdil deyiləm. Vokal kiminsə xoşuna gələ bilər. Eldar Qasımovu,
bəlkə də, xatırlatmaq istədilər. Eldar Qasımov tarixi yazdı. O da bir dəfə
oldu, bitdi.

Pulumu versələr, təbii ki, stil üzrə məsləhətçi ola bilərdim. Mən hər il orada
işləyəndə qonorar alırdım. Son iki ildə qonorarları yetmirdi deyə razılıq
vermədim. Bizimkilər düşünürlər ki, pulsuz işləməlisən.

– Sizcə, 2023-cü il dəb dünyasında nə ilə yadda qaldı?

– Heç xatırlamıram. Sanki burada deyiləm. Mənim üçün 2023-cü il Xalq
artistinin çox bərbad şəkildə geyinib, səhnəni bölüşməyi ilə yadda qaldı.
Sosial şəbəkələrdə paylaşılmışdı. Ondan sonra ayıldı. İndi gül kimi görünür.
Deyilməliydi. Ona söz batır. Digər aşağı səviyyədə olanlara söz deyəndə
paxıllıq etdiyimi düşünürlər. O isə səhəri gün özünü dəyişdi. İndi 35-40
yaşında xanıma oxşayır. Dəhşət idi. Ona edəcəyim yaxşılıq idi.

– 2024-cü ildə hansı yeniliklər gözlənilir?

– Qısa saçlar daha çox önə çıxır. Pandemiyadan sonra dizaynerlər hələ də ayıla
bilmirlər. Bir-birilərini təkrar edirlər. Nə olacağı hələ də bəlli deyil. Bir
onu bilirəm ki, bütün dizaynerlər daha çox robot elementlərinə üstünlük
verəcək. Bu elementlər önə çıxacaq. Məsələn, Beyonse sonuncu konsertində bundan
istifadə etmişdi, sonra Madonna, sonra isə Röya.

– Azərbaycanlıları dəbli hesab etmək olar?

– Hazırda bəli. Bir növ ayaqlaşa bilirlər. Çünki gənc nəslimiz çox gözəl,
müasir tərzdə geyinir. Sosial şəbəkələrin gücü görünür. Çox bəyənirəm. Qızlar
açıq geyinmirlər. Geyindikləri normaldır. Dəblə müasirliyi bir arada tutmağı
bacarırıq. Buna çalışırıq.

– 2024 – “Əjdaha” ilidir. Dəb dünyasında da özünü göstərəcəkmi?

– Onu gələn il biləcəyik. Mənə elə gəlir ki, qlobal dəyişikliklər olmayacaq.
Adi pencəkdir, tutaq ki, düyməsindəki detala incə toxunuşla dəyişmək mümkündür.
Düyməsini fərqli bağlamaqla dəb olur. Qeyri- adi dəyişiklik olmayacaq. Ancaq
xırda detallarda.

– Anar bəy, stil deyəndə daha çox siz yada düşürsünüz. Yəqin ki, bu günə qədər
çox çətinlikləriniz olub.

– Çətinliklər olub. Hamı nə görübsə, onu mən də görmüşəm. Savaşsız nə isə əldə
etmək maraqsız olardı. Öz zövqümlə həyatımı yaşamışam. İndi gənclərdə
inamsızlıq var. Tənbəldirlər.

Heç bir tapşırıq olmadan bu gün qazandıqlarım hamısı öz hesabımadır. Gənclərə
tövsiyəm budur ki, dayanmasınlar. Bacardıqları qədər həyatdan qoparsınlar.

– Bizim məşhurlarla xaricdə yaşayanların stilini müqayisə etməyinizi istərdim.

– Müqayisəolunmazdır. Bir tək Röyadır. Digərləri özləri-özlərini
təkrarlayırlar. Çox bərbad görünürlər. Öz bədənlərini tanımırlar. Birini
dəyişirsən, yüngül şəkildə normal hala gəlir. Sonra lütlənib, çıxır efirə.
Biabırçılıqdır.

– Stil deyəndə ağlınıza kim gəlir?

– Yerli ad yoxdur. Şoudan heç kəs.

– Qərb stili bizə gəlib çıxıbmı? Həmçinin, bu qədər qərbə meyilliliyə gərək
varmı?

– Bir qədər gəlib. Bəylərimizin boş geyimləri, xanımlarımızın da açıq-saçıq
geyimləri qərbdən gəlib. Qərbə meyilliliyə gərək var. Onlar dəbi diktə edirlər.
Dəb həmişə o tərəfdən gəlir. Ehtiyac da var. Çətin sualdır. Biz ölkə olaraq
gəncik. Onlar əzəldən azad olublar. Biz əvvəllər basqı altında olmuşuq. Lakin
gənclik dövrümüz üçün çox iş görmüşük. Öz yerli dizaynerlərimiz var ki,
gürcülərdən geri qalmırlar. Bəyənirəm.

Nəzrin Vahid

Source link