Strateji əhəmiyyətli malların siyahısı təsdiqlənəcək
Strateji əhəmiyyətli malların siyahısı təsdiqlənəcək.
APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət ehtiyatları
haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.
Layihəyə əsasən, strateji əhəmiyyətli malların siyahısı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək
və onların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata
keçiriləcək. Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar
üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
ediləcək.
Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların
nomenklaturları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən strateji əhəmiyyətli malların siyahısı əsasında müəyyən edilir.
Yuxarıda nəzərdə tutulmuş nomenklatura üzrə strateji ehtiyatların minimal
həcmi dövlət ehtiyatları üzrə məsul orqan, bazar iştirakçıları tərəfindən təmin
edilən malların minimal həcmi isə bazar iştirakçıları tərəfindən təmin edilir.
Bu zaman müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
qərarı ilə strateji ehtiyatların yuxarıda qeyd olunan nomenklaturasında
göstərilən minimal həcmindən artıq tədarükü həyata keçirilə bilər.
Bazar iştirakçıları onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət
ehtiyatları üzrə məsul orqana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) müəyyən etdiyi qaydada məlumat təqdim etməlidirlər.
Bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli malların
yuxarıda nəzərdə tutulan nomenklaturadakı minimal həcmin azalma ehtimalı
yarandıqda və ya həmin malların azalması müşahidə olunduqda dövlət ehtiyatları
üzrə məsul orqan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) bu halların qarşısının alınması istiqamətində təkliflər təqdim edir.
Fövqəladə və səfərbərlik ehtiyatlarında olan malların nomenklaturaları
Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri və səfərbərlik hazırlığı
çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir. Fövqəladə və səfərbərlik ehtiyatlarında olan
malların nomenklaturaları üzrə minimal həcmlər həmin ehtiyatların
saxlanılmasını təmin edən dövlət ehtiyatları üzrə məsul orqan, dövlət qurumları
və hüquqi şəxslər tərəfindən təmin edilir.