0809b976-3ae2-4519-9dcf-2dd1964e495f..jpg

Strateji dərinliklərin “yoxlanması”: Azərbaycanın Ermənistanın təxribatlarına mümkün cavabı

Baxış sayı: 469 dəfə baxılıb.

Strateji dərinliklərin “yoxlanması”: Azərbaycanın Ermənistanın təxribatlarına
mümkün cavabı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Azərbaycanla şərti sərhədin müxtəlif istiqamətlərinə canlı qüvvə
və hərbi texnika cəmləməsinin geosiyasi cəhətdən bir izahı var: İrəvan Bakı ilə
geosiyasi alətlər baxımından müqayisə yarada bilmək cəhdlərinə girişir.

Çünki Ermənistanın sərhədə qoşun yığması qoşunların adi rotasiyasına bənzəmir.
Ən azından, ona görə ki, aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan
üçtərəfli sammiti planlaşdırılır ki, İrəvan həmin görüşə hansısa üstün kartla
getməyi hədəfləyir.

Hərçənd ki, Ermənistan Azərbaycanla sülhü təmin edəcək tezislərini Bakının
qurduğu model əsasında inkişaf etdirir. Ancaq İrəvandakı belə təcrübənin
birbaşa nəticələr verməsi şübhəli görünür.

Bu şübhələri artıran və qeyri-müəyyənlik yaradan situasiyalar barədə bir neçə
tezis:

– Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhü qismən təşviq etsə
də, geniş planda məğlubiyyəti rəsmiləşdirən sülh müqaviləsini ləngidir. Bu isə
regionda geostrateji mübarizə aparan oyunçular üçün fürsətdir.

– Baş nazirin komandasında Azərbaycanla sülh gündəliyinə yanaşmada ikitirəlik
var: Sülh üçün Azərbaycanın şərtlərini qəbul etmək və ona müqavimət göstərən
qüvvələrin toqquşması sərhəddəki gərginliyi artırır.

– Belə qeyri-müəyyən gündəlik Fransa kimi aktorun Ermənistana vədləri əsasında
İrəvanı Azərbaycana qarşı revanşa həvəsləndirir. Regiondakı eskalasiya riski
Azərbaycan və Türkiyənin strateji önəm verdiyi Zəngəzur dəhlizi layihəsinin
gələcəyini sual altında saxlamaq məqsədlərinin irəliləməsi üçün açıla biləcək
qapıdır.

Şübhəsiz ki, Azərbaycanın sərəncamında olan strateji aktivlər və güc tətbiqi
balansı İrəvana, onun havadarlarına çəkindiricilik verir.

Paşinyan Azərbaycanın çəkindirmə qabiliyyətini anladığından sülh üçün lazım
olan baza tezisləri səsləndirir, ancaq paralelində təhlükəsizlik zəmanətləri
axtarışlarını Bakıya qarşı müqavimət oxu kimi formalaşdırmağa çalışır.

Deməli, İrəvan, bir tərəfdən, Bakının hərbi əməliyyatları bərpa edə biləcəyi
qorxusu ilə oynayır.

Bunun üçün Paşinyan qabaqdangəlmişlik edərək Ermənistanın mümkün
təxribatlarının üzərini “Azərbaycanın yeni genişmiqyaslı müharibə üçün bəhanə
axtardığını” deyərək örtməyə cəhd göstərir.

Digər yandan isə Paşinyan erməni ictimaiyyətini Azərbaycanla sülhün həyati
zəruriliyinə inandırmağa çalışır.

Paşinyanın “müharibə bəyanatı”na gəlincə, bu, aprelin 5-də gözlənilən
danışıqlardan əlidolu dönmənin təminatçısı ola bilməyəcək. Çünki regionda
Azərbaycana qarşı geosiyasi balans qurmaq cəhdləri fayda vermir.

Birincisi, ona görə ki, Azərbaycanın başlatdığı regional sülh və təhlükəsizlik
açılımı strateji cəhətdən Rusiya, Çin, Böyük Britaniya kimi beynəlxalq
oyunçuların dəstəyini qazanır, NATO-nun maraqları ilə uyğunlaşır. Təbii ki,
Bakı nəhənglər arasındakı balansı diqqətdə saxlayır və sürətli manevr imkanları
əldə edir.

İkincisi, Ermənistanın silahlandırılması üçün tərtib edilən qrafik və
marşrutlar Azərbaycanın ciddi nəzarəti altındadır və Bakı heç bir halda bölgədə
qüvvələr nisbətinin öz əleyhinə dəyişməsinə imkan verən deyil.

İndi Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin
müzakirəsindən imtina xəttinə girib Azərbaycana yaxın ərazilərə qoşun yığmağa
davam etsə, onda güc ssenarisi işə düşə bilər.

NƏTİCƏ

Ermənistanın qeyri-müəyyən addımları, hərbi insidentlərə meyilliliyi intensiv
ardıcıl xarakter alacaqsa və Azərbaycana qarşı sistemli təxribatın tərkib
hissəsi olacaqsa, onda:

– Azərbaycan minimum olaraq taktiki hədəflərə zərbə endirmək hüququndan
yararlanacaq,

– Azərbaycan maksimal məqsədləri kontekstində daha geniş addımlar atıb
Ermənistanın strateji dərinliklərini “yoxlaya bilər”. Azərbaycan indi
həmişəkindən daha geniş kəşfiyyat məlumatlarına sahibdir…

Aqşin Kərimov

Source link