Su anbarlarında toplanan suyun həcmi AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən il magistral kanallar üzrə su limitləri, respublikanın çayları üzrə
suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq aidiyyəti
üzrə təsdiq edilib. Vegetasiya suvarması dövrünün əvvəlinə əsasən su
anbarlarında 13,3 mird. kubmetr həcmində su toplanılıb.
APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti
haqqında hesabatda bildirilir.
Hesabatda qeyd olunub ki, respublika üzrə suvarılan torpaqların sərhədləri
müəyyənləşdirilərək kənd təsərrüfatı təyinatlı torpaqların peyk təsvirləri
əsasında vektorlaşdırılmış, coğrafi informasiya sistemləri bazasına daxil
edilərək xəritələşdirilib. Suvarılan torpaqların meliorativ vəziyyəti barədə
respublikanın ayrı-ayrı inzibati əraziləri üçün suvarılan torpaqların
şorlaşmasını, qrunt sularının yatma dərinliyini, onların kimyəvi tərkibini və
minerallaşma dərəcəsini əks etdirən status elektron xəritələr hazırlanıb və
vahid şəbəkə üzrə informasiya xidməti yaradılıb.
Suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə məqsədilə suvarılan
torpaqlarda şorlaşmanın, qrunt sularının səviyyəsinin və minerallaşma
dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparılıb, suvarılan torpaqların
meliorativ vəziyyəti qiymətləndirilib, meliorativ tədbirlər tələb edən
torpaqlar müəyyənləşdirilib, onların yaxşılaşdırılması üzrə tədbirlər
hazırlanıb, irriqasiya və meliorasiya sistemlərinin istismarı həyata keçirilib.
Su anbarlarının iş rejimləri ciddi nəzarətə götürülüb, mütəmadi olaraq
rejimlərdə operativ dürüstləşmələr aparılıb. Hesabat ilinin sonuna su
anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, 2022-ci ilə nisbətən isə 2,2
milyard kubmetr artıq həcmdə su toplanılıb ki, bu da su qıtlığı şəraitində əkin
sahələrinin su təminatına öz müsbət təsirini göstərməklə yanaşı, cari ilin
suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyə əsas verir. Suvarılan
torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması
məqsədilə suvarma və kollektor-drenaj şəbəkələrində 52,4 milyon kubmetr
həcmində lildən təmizləmə işləri aparılıb, torpaq məcralı kanalların 58
kilometr hissəsi beton üzlüyə alınıb, 2,9 min hidrotexniki qurğu, 6,4 min
subartezian quyusu, 291 nasos stansiyası və cari təmir edilib. Çay məcralarında
10,4 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılıb, daş-beton
bəndlərdə təmir işləri yerinə yetirilib.