a0001cf1-c0b9-4081-b27d-e57f37ad266f..jpg

Su Polisi və DSX birgə əməliyyat keçiriblər – VİDEO

Baxış sayı: 611 dəfə baxılıb.

Su Polisi və DSX birgə əməliyyat keçiriblər – VİDEO

Balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə
nəzarəti daha da gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında
Polis İdarəsi Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin əməkdaşları ilə birgə
növbəti profilaktik tədbir həyata keçirib. Tədbir zamanı Neftçala rayon
sakinləri Zahir Cəfərov və Telman Məmmədov Xəzər dənizinin Hövsan qəsəbəsi
istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan zaman saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, onlardan
bir ədəd “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, sintetik sapla toxunmuş
qanunsuz balıq ovunda istifadə olunan 5 ədəd 150 metr uzunluğunda tor, digər
qadağan olunmuş balıq ovu alətləri və 262 ədəd kefal balığı aşkar olunaraq
götürülüb. Araşdırmalar zamanı bu şəxslərin su bioresurslarından qanunsuz
olaraq istifadə etmələri nəticəsində ekologiyaya 3000 manat maddi ziyan
vurduqları müəyyən edilib.

Faktla bağIı Su Nəqliyyatında Polis İdarəsi araşdırmalar aparılır.

Qeyd edək ki, hazırda balıqların kürü verən vaxtı olduğu üçün balıqovlama
mövsümü müvafiq dövlət orqanları tərəfindən sentyabr ayına qədər dayandırılıb.
Amma aparılan araşdırmalar zamanı müəyyən edilib ki, körpə balıqların qanunsuz
ovlanması paytaxt, eləcə də bölgələrdə fəaliyyət göstərən bir neçə kafe,
restoran və digər ictimai iaşə obyektlərinin sahibləri tərəfindən sifariş
edilir. Qeyd edilən obyektlərin sahiblərinə xəbərdarlıq edilərək bildirilib ki,
bu hallar təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində Daxili İşlər
Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunauyğun olaraq ciddi
tədbirlər görüləcək.

Su Polisləri tərəfindən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün
buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının
qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam
etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir
boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən
şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun
pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin
012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş
olunur.


Source link