9ea35c7a-78cb-4e38-be68-12147cb6da02..jpg

Su qıtlığı kənd təsərrüfatında məhsuldarlığı azaldacaq? – ŞƏRH + FOTO

Baxış sayı: 694 dəfə baxılıb.

Su qıtlığı kənd təsərrüfatında məhsuldarlığı azaldacaq? – ŞƏRH + FOTO

Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su
qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su
mənbələrinin qurumasıdır. Xüsusilə XXI əsrin ortalarından etibarən dünyada su
böhranının bütün ölkələri ciddi şəkildə narahat edəcəyi proqnozlaşdırılır.

Azərbaycanda isə içməli su qıtlığı artıq ciddi şəkildə hiss edilməyə başlayıb.
Hətta “Azərsu” ASC ötən günlərdə qənaət rejimi ilə bağlı qərar qəbul edib,
paytaxtın bəzi hissələrində bu rejimə keçilib. Vətəndaşların narazılığına səbəb
olsa da, qurum rəsmiləri qənaətlə bağlı xəbərdarlığın və addımların vacib
olduğunu diqqətə çatdırıblar.

İçməli su probleminin təhlükəli hal alması suvarma suyu ilə bağlı məsələləri
də gündəmə gətirib. Əksəriyyət hesab edir ki, qış mövsümünün quraq keçməsi
önümüzdəki aylarda kənd təsərrüfatında məhsuldarlığın düşməsinə, suvarma suyu
ilə əlaqədar qıtlığın yaranmasına səbəb olacaq.

Bununla bağlı Cixisyolu.com-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Tahir Rzayev vurğulayıb ki, su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi
hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli və şirin
suvarma suyunun çatışmazlığı ilə üz-üzədir:

“Çünki dünyada baş verən münaqişələr, iqlim dəyişiklikləri, qlobal ekoloji
problemlər, qarın və yağışın az düşməsi, çaylarda suyun quruması, yaşıllıqların
məhv edilməsi su qıtlığına səbəb olub. Hazırda Azərbaycanda da içməli suya
müəyyən qısamüddətli qadağalar tətbiq edilir, su fasilələrlə verilir. Əkin
sahələrində də qənaət rejimi ilə bağlı addımların atılmasına ehtiyac mütləqdir.
Çünki keçən il əkin sahələri quraqlıq nəticəsində nəinki az məhsuldarlıq
göstərdi, hətta bəziləri tamamilə məhv oldu. Xüsusilə, pambıq əkini ilə məşğul
olan rayonlarda belə hal müşahidə edildi. Bu il də eyni problem gözlənilir. Qış
ayları yağıntının miqdarı az, çaylarda sululuğun səviyyəsi aşağı oldu.

Ancaq hökumət bu sahədə müəyyən tədbirlər həyata keçirməkdədir. Yeni suvarma
texnologiyalarının tətbiqi ön plana çıxarılıb. Bu faktdır ki, suvarma suyuna
qənaət rejimi tətbiq etmirik, proses kortəbii şəkildə həyata keçirilir. Bizim
su kanallarımız çox bərbad haldadır, müasir tipli deyil, beton kanallarla əvəz
olunmayıb və bu, su itkisinə səbəb olur. Bu sahədə mütləq planlaşdırma həyata
keçirilməlidir. Hansı ərazilərdə hansı növ bitkilərin əkilməsi, hansı ərazilərə
daha çox su verilməsi kimi məsələlər təhlil edilməli, buna uyğun strategiya
müəyyənləşdirilməlidir”.

Komitə sədri vurğulayıb ki, ciddi nəzarət tətbiq edilərsə, suya qənaət və kənd
təsərrüfatında məhsuldarlığın artırılması mümkündür:

“Yeni su anbarlarının yaradılması da xüsusi diqqət mərkəzindədir. Ölkə başçısı
bu sahəyə daim diqqət yetirir. Ona görə indidən tədbirləri genişləndirmək, yeni
su kanalları istifadəyə verilənə qədər su ehtiyatını normal səviyyədə saxlamaq
lazımdır. Çayların məcrasının su anbarlarına yönəldilməsi istiqamətində işlər
aparılır. Su təsərrüfatının yaxşılaşdırılması üçün əvvəlki illərdən fərqli
olaraq, bu ilin dövlət büdcəsində daha artıq xərclər nəzərdə tutulub.

Eynilə beton kanalların istifadəyə verilməsi işləri davam etdirilir. Yeni su
mənbələrinin üzə çıxarılması istiqamətində də müvafiq orqanların addımlarını
görürük. Hökumətin bu sahədə böyük tədbirlər planı var, hətta Dövlət proqramı
səviyyəsində qərarların qəbul edilməsi gündəmdədir”.

Aysel Aslan

Source link