Azərbaycanda subay insanlar da övladlığa uşaq götürə bilər.
ÇıxışYolu.Com-ın məlumatına görə, qanunvericilik nikahda olmayan şəxsin övladlığa uşaq götürməsinə icazə verir. Amma bir şərtlə…
Ailə Məcəlləsi 121-ci maddəsinə diqqət edək. Həmin maddənin birinci bəndində göstərilib ki, övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Yalnız Məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər.
Həmin maddənin 2-ci bəndində isə qeyd edilib ki, ögey ata və ya ögey ana uşağı övladlığa götürəndə bu Məcəllənin 121.1-ci maddəsində nəzərdə tutulmuş yaş fərqinin olması tələb edilmir.
Xatırladaq ki, əməkdar artist Nigar Şabanova övladlığa qız uşağı götürüb. Xanəndə bu barədə “Space” TV-də yayımlanan “Həmin vaxt” adlı verilişdə danışıb.
N.Şabanovanın 30 yaşı var və o, subaydır.
N.Şabanova bundan əvvəl ÇıxışYolu.Com-a açıqlamasında deyib:
“Subayam. Gələcəkdə ailə quracağam. Amma çox istəyirdim ki, indi qucağıma bir övlad alım. Böyüsün və məni tezliklə “mama” deyə çağırsın. Mən qız övladlarını çox sevirəm. Bilmirəm, ailə qurandan sonra qızım olacaq, ya yox, amma istədim ki, indi bir qız uşağım olsun və onu böyüdüm. Heç olmasa qırx yaşım olanda onun da on yaşı olsun”.
Aqşin Kərimov