d2530b1b-2da6-4154-9042-b2b65fef4fa9..jpg

Subsidiyalar artırıldı, bəs məhsuldarlıq? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 504 dəfə baxılıb.

Subsidiyalar artırıldı, bəs məhsuldarlıq? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqrar Subsidiya Şurası 2024-cü il üçün subsidiya əmsallarını açıqlayıb. Qərara
əsasən, çəltiyin əsas əkinlərinə görə əkin subsidiyası 360 manatdan 380 manata,
yoncaya görə 50 manatdan 70 manata, giləmeyvələrə (2023-cü il sentyabrın 1-dən
2024-cü il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş kivi
və moruq bağları, habelə 2022-ci ildən salınmış və damcı suvarma sistemi ilə
təmin olunmuş kivi bağları istisna olmaqla) görə isə 230 manatdan 240 manata
qədər artırılıb. Həmçinin, 2023-cü ilin məhsuluna görə fermerlərin tədarük
məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə məhsul subsidiyasının
180 manatdan 190 manata, Virciniya sortu üzrə yaş tütünün hər tonuna isə 30
manatdan 34 manata qədər artırılması ilə bağlı qərar qəbul edilib. Bəs
subsidiyalar üzrə əmsalların artırılması aqrar sahəyə necə təsir edəcək?

“Kaspi” qəzeti
mövzu ilə bağlı məqalə hazırlayıb.

Stimullaşdırma və daxili tələbatın ödənilməsi

Aqrar Kredit və İnkişaf Agentliyindən verilən məlumata görə, ölkədə istehlak
olunan düyünün böyük əksəriyyəti idxal hesabına təmin edilir. Çəltiyin
istehsalı əsasən daxili tələbatın ödənilməsi baxımından əhəmiyyətlidir:

“Bu baxımdan çəltikçiliyin stimullaşdırılması məqsədilə çəltik əkinlərinə görə
verilən əkin subsidiyası 20 manat artırılıb”. Qurumdan bildirilir ki, son illər
ölkədə yoncanın əkin sahələrinin azalması müşahidə olunurdu. Bu da
heyvandarlıqda yem bazasının məhdudlaşması demək idi. Məhz bu baxımdan yem
bitkilərinin əsasını təşkil edən yoncaya görə verilən əkin subsidiyası 20 manat
artırılıb. Həmçinin ölkədə yerli istehsal daxili çay istehlakının cüzi
hissəsini (təqribən 2 faizini) təşkil edir. Keçən ildə çay plantasiyalarının
məhsuldarlığı aşağı, yəni 12.2 s/ha olmuşdu. Bu baxımdan çayçılığın
stimullaşdırılması məqsədilə çay plantasiyalarının salınmasına 12 min manat
məbləğində əkin subsidiyası veriləcək.

Fermerlərin əkinə olan marağı artır

Qurumdan verilən məlumata görə, pambığın subsidiyasının artırılması da pambıq
istehsalında artan xərclərin kompensasiya edilməsi məqsədini daşıyır. Həmçinin,
subsidiyanın artırılması fermerlərin əkinə olan marağını artırır, bu da
məhsuldarlığa müsbət mənada təsir edir:

“2024-cü ildə ölkədə ənənəvi meyvə bağlarında sudan qənaətlə istifadənin
stimullaşdırılması məqsədilə damcı suvarma sistemi tətbiq edilən bağların bir
hektarına görə əkin subsidiyası 250 manatdan 300 manata qədər artırılıb. Damcı
ilə suvarma üsulu suvarma suyuna qənaətlə yanaşı, torpağın humus qatının
qorunması, gübrələrin suvarma suyunun lokal şəkildə verilməsi, mineral
gübrələrdən səmərəli istifadə baxımından da əhəmiyyətlidir. Bu üsuldan istifadə
bağların məhsuldarlığının yüksəlməsinə səbəb olur”.

Məhsulların qiyməti stabilləşəcək?

İqtisadçı ekspert Cəfər İbrahimli deyir ki, kənd təsərrüfatında subsidiyalar
əsasən, aqrotexniki gübrə və digər məhsullara aqrotexniki xərcləmələr üçün
verilir. Mütəxəssisin sözlərinə görə, bu da məhsuldarlığa müsbət təsir edir:

“Aqrar sahəyə ayrılan subsidiyaların məqsədi kənd təsərrüfatı məhsulları üzrə
istehsal xərclərini tənzimləmək, fermerlərin gəlirini artırmaq, ərzaq
məhsullarının qiymətlərini stabilləşdirmək və lazım olan qədər ərzaq məhsulları
istehsalını təşviq etməkdir. Bəzi məhsullar var ki, onlara verilən subsidiya
məbləğləri regionlar üzrə müəyyənləşib. Çünki məhz həmin regionda
məhsuldarlığın yüksək olması mümkündür. Buna görə də, o məhsullar ancaq o
regionlar üzrə subsidiyalaşdırılır”.

Mütəxəssis bu qərarlardan sonra növbəti ildən məhsuldarlığın artacağını
düşünür: “Subsidiyaların artırılması aqrar sahənin inkişafını stimullaşdırır.
Ümumi vəziyyəti nəzərə alaraq, növbəti illərdə də kənd təsərrüfatının
subsidiyalaşması davam edəcək. 2024-cü ildə də subsidiyaların faydalı sərf
olunacağını və məhsuldarlığın artacağını düşünürəm”.

Qeyri-neft sektoru və aqrar sahə

Lənkəran Dövlət Universiteti “Aqrar və mühəndislik” fakültəsinin müəllimi
Nahid Əzizli deyir ki, qeyri-neft sektorunda aqrar sahə xüsusi önəm daşıyır.
Məhz bu sahəyə olan diqqət yaxın gələcəkdə qeyri-neft sektorunun inkişafına
səbəb olacaq:

“Aqrar sahənin inkişafını həmişə diqqətdə saxlayan dövlət başçısı İlham
Əliyevin Kənd Təsərrüfatı məhsullarının istehsalının səmərəsini artırmaq, bu
məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımı göstərilməsini
təmin etmək məqsədilə verdiyi qərarlar sektorun ildən ilə böyüməsinə, istehsal
göstəricilərinin davamlı olaraq yüksəldilməsinə təsir edir. Aqrar sahəyə dövlət
dəstəyinin əsas aləti isə aqrar subsidiyalardır. Fermerlərin fəaliyyətinin
səmərəliliyinin artırılması istiqamətində dövlət daim dəstək göstərir”.

Subsidiyalardan necə istifadə etməli?

Mütəxəssis vurğulayır ki, fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd
formada, 75 faizi isə nağdsız formada mineral gübrə, biohumus, pestisid,
sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər:

“Əkin subsidiyası fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə
bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının
artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı
xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa imkan
verir. Üstəlik, fermerlər onlara ayrılan, amma istifadə etmədikləri vəsaitləri
həmin il ərzində aparılan növbəti əkinlər üçün də xərcləyə bilirlər.
Subsidiyaların məbləğinin artırılması kənd təsərrüfatı ilə məşğul olan
fermerlərin kənd təsərrüfatına olan marağını artırıb. Yaxın gələcəkdə də dövlət
dəstəyinin davam etdirilməsi bu sahənin inkişafına təkan verəcək”.

Source link