2b72d739-0f29-4bd3-87f8-419b8b84d340..jpg

Sülhə doğru addımlar, səfirliyin təhlükəsizliyi – Bakı bölgədə əməkdaşlığa çağırır – ŞƏRH + FOTO

Baxış sayı: 588 dəfə baxılıb.

Sülhə doğru addımlar, səfirliyin təhlükəsizliyi – Bakı bölgədə əməkdaşlığa
çağırır – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Regional əməkdaşlıq, təhlükəsizlik və sülh sabitliyin, inkişafın əsasıdır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına
dair keçirdiyi mətbuat konfransında Cənubi Qafqazda sülhlə bağlı məsələlərə də
xüsusi yer ayırıb.

Rəsmi Bakı sülh sazişi və əməkdaşlıqla bağlı Ermənistana bir neçə dəfə
təkliflər paketi təqdim edib. İrəvanın həmin təkliflərə cavabı qeyri-müəyyəndir.

Ermənistan baş naziri Nikol Paşinyan, parlament sədri Alen Simonyan,
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat
Mirzoyan son günlər çıxış və müsahibələrində sülh sazişinin aktuallığından bəhs
edirlər. Azərbaycan Prezidentiİlham Əliyevlə N.Paşinyan arasında MDB sammiti
çərçivəsində Sankt-Peterburqda ayaqüstü söhbətdə də elə bu məsələ müzakirə
olunub.

A.Simonyan rəsmi Bakının bu istiqamətdə atdığı addımları da alqışlayıb. O
vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən
addımlar atır, İrəvanla Bakı arasında razılaşma mümkündür. Spikerin sözlərinə
görə, sülh heç vaxt bu qədər yaxın olmayıb:

“Azərbaycan bu istiqamətdə addımlar atır”.

Parlament sədri əlavə edib ki, Ermənistan və Azərbaycan arasında qarşıdan
gələn sülh sazişinin əsas prinsipləri artıq razılaşdırılıb.

Azərbaycan XİN başçısı C.Bayramov mətbuat konfransındakı çıxışında bildirib
ki, Ermənistan siyasi iradə göstərərsə, sülhə gedən yol açıqdır:

“Növbəti mərhələdə biz baş verənləri görəcəyik”.

Nazir sülh müqaviləsi ilə bağlı proseslərə maneə törədən məqamlara toxunaraq
deyib ki, hər məqam razılaşdırılarsa, bu, uzun proses olar:

“Bunun əvəzinə, hər iki tərəfin razılıq verdiyi, ciddi fikir ayrılığı
yaratmayan bir sənəd ortaya qoyulmalıdır”.

O, bunun sülh istiqamətində çox ciddi addım ola biləcəyini də vurğulayıb.
Nazir sülh prosesinə Ermənistanın mane olduğunu, 2020-ci il 10 noyabr
bəyanatından sonra qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan
ərazisindən çıxarmamaqla bunu ləngitdiyini də qeyd edib.

C.Bayramov bu açıqlamasını rəsmi İrəvana cavab kimi də dəyərləndirmək olar. O,
bununla Ermənistan hakimiyyətini sülh prosesini ləngitməməyə, təkliflərə əməli
addımlarla cavab verməyə dəvət edib.

Vasitəçilərin iştirakı olmadan Bakı və İrəvan arasında birbaşa görüşlərin
keçirilməsi Azərbaycanın irəli sürdüyü formatdır. Qarşı tərəfin buna müsbət
cavab verməsi də vasitəçilik iddiasında olanlar üçün birgə cavab sayıla bilər.
Azərbaycanla Ermənistan arasında hərbçilərin dəyişdirilməsi üzrə birgə açıqlama
rəsmi Bakının ikitərəfli görüşlər üzrə atılan ilk addımı da sayıla bilər.

C.Bayramov da ikitərəfli görüşlərdən bəhs edib. O, 2024-cü ildə ermənistanlı
həmkarı Ararat Mirzoyan və xarici işlər nazirliklərinin nümayəndə heyətlərinin
sərhəddə görüşünün mümkünlüyünü vurğulayıb.

Azərbaycan və Ermənistan arasında mümkün sülh müqaviləsinin əsas maddələrindən
biri qərbi azərbaycanlıların pozulmuş, tapdanmış hüquqlarının bərpasıdır.
1988-ci ildə öz tarixi yurdlarından, evlərindən qovulmuş qərbi
azərbaycanlıların repatriasiyası, təhlükəsizliyinin təmin edilməsi tərəflər
arasında müzakirəyə çıxarılan məsələlərdəndir. XİN başçısı mətbuat konfransında
bu məsələyə də toxunub. Onun sözlərinə görə, Nikol Paşinyan qərbi
azərbaycanlıların qayıdışını Ermənistanın milli təhlükəsizliyinə təhdid sayır.
Nazir bunun təəssüf və təəccüb doğurduğunu vurğulayaraq bildirib:

“Bu yanaşma sülh müqaviləsi sahəsində Ermənistanın mövqeyi ilə uyğunsuzluq
təşkil edir”.

Bu açıqlama rəsmi İrəvana təkrar ismarış da sayıla bilər və qərbi
azərbaycanlıların pozulmuş hüquqlarının bərpasının Azərbaycan üçün vacib olduğu
anlamına gəlir.

İran rəsmiləri son günlər Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin
bərpa edəcəyi ilə bağlı reallığı əks etdirməyən açıqlamalar verir, guya bu
istiqamətdə məsələlərin öz həlinin tapdığını açıqlamaqla cəmiyyətə yanlış
informasiya ötürürlər. Ceyhun Bayramov səfirliyin konkret səbəblərə görə
bağlandığını vurğulayaraq bunu təhlükəsizliklə bağlı olduğunu bildirib. Bununla
da məlum olub ki, Tehran hakimiyyəti rəsmi Bakının bu məsələ ilə bağlı irəli
sürdüyü təklifi adekvat qarşılamayıb. Onun sözlərinə görə, səfirliyin
təhlükəsizliyinə tam təminat verilərsə onun bərpası mümkündür. C.Bayramov
bununla həm də Tehran sözçülərinin, rəsmilərinin Azərbaycanın yerinə şərh
etməyin yersiz olduğunu nümayiş etdirib.

Nazir mətbuat konfransında ABŞ-Azərbaycan münasibətlərindən, Qəzza zolağına
yardımdan da bəhs edib.

XİN başçısının mətbuat konfransı cəmiyyəti maraqlandıran bu kimi məsələlərə
aydınlıq gətirib. Çünki xarici siyasət sahəsində rəsmi açıqlamalar gecikəndə
başqaları həmin boşluğu doldurmağa səy göstərir. Odur ki, bu toplantı görülmüş
işlərin müəyyən nəticələrinin KİV vasitəsilə cəmiyyətə çatdırılması, qaranlıq,
sual doğuran məsələlərə aydınlıq gətirilməsi və xarici siyasət sahəsində
atılacaq addımlarla bağlı ismarışların verilməsi baxımından da maraqlı sayıla
bilər.

“Report” İnformasiya Agentliyi

Source link