1d1a90ea-e222-4dea-8dfa-dd4b9bb4c848..jpg

Sülhə və əsgərə verilən dəyər – “Kaspi”nin TƏHLİLİ + FOTO

Baxış sayı: 460 dəfə baxılıb.

Sülhə və əsgərə verilən dəyər – “Kaspi”nin TƏHLİLİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda saxlanılan Hüseyn Axundov və Aqşin Bəbirovun azad olunması faktı
bir daha göstərir ki, Silahlı Qüvvələrimizin hər bir üzvünün taleyi,
təhlükəsizliyi Prezidentİlham Əliyevin xüsusi diqqətindədir. Ali Baş Komandan,
Azərbaycan dövləti üçün hər bir vətəndaşının həyatı önəmlidir.

Mövzuyla bağlı “Kaspi”

qəzetinin məqaləsini təqdim edirik.

Dekabrın 13-də Qazax rayonunda Azərbaycan ilə Ermənistan arasında hərbçilərin
qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutub. Proses zamanı Ermənistan
tərəfindən Azərbaycanın 2 hərbi qulluqçusu – Hüseyn Axundov və Aqşin Bəbirov
azad olunub. Azərbaycan tərəfi isə erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil
verib.

Humanizm prinsiplərindən qaynaqlanan addım

Saxlanılan hərbçilərin mübadiləsi ilə bağlı prosesi bir neçə istiqamətdə
dəyərləndirmək mümkündür. İlk olaraq onu vurğulayaq ki, aylardır Ermənistanda
qanunsuz olaraq saxlanılan Azərbaycan Ordusunun əsgərlərinin Vətənə, ailələrinə
dönüşünü təmin edən proses ölkəmizin siyasi rəhbərliyinin, xüsusilə də Ali Baş
Komandanın gücünün, humanizm prinsiplərinə verdiyi dəyərin göstəricisidir. Say
nisbətinə baxsaq, iki hərbçimizə qarşı 32 erməni hərbi qulluqçunun təhvil
verilməsi Azərbaycan Ordusunda Ali Baş Komandanına olan inam və etimadı daha da
gücləndirib. Bu fakt bir daha göstərir ki, Silahlı Qüvvələrimizin hər bir
üzvünün taleyi, təhlükəsizliyi Prezident İlham Əliyevin xüsusi diqqətindədir.
Ali Baş Komandan, Azərbaycan dövləti üçün hər bir vətəndaşının həyatı
önəmlidir. Hər hansı təhdid yarandığı halda dövlət olaraq bütün zəruri addımlar
atılır.

Terrorçulara münasibət dəyişməzdir

Digər tərəfdən, bütün dünya Azərbaycanın bölgədə sülh və sabitliyə, qarşılıqlı
etimadın yaradılmasına real yanaşmasının şahidi oldu. Ölkəmizi sülh prosesini
pozmaqda, Ermənistana qarşı təhdid yaratmaqda ittiham edənlər fakt qarşısında
qalıb. İndi bu qərarın bölgədə sülhə töhfə verən addım olduğunu etiraf etmək,
hətta onu alqışlamaq məcburiyyətində qalıblar. Azərbaycan xalqı başda olmaqla,
bütün dünya onun da şahidi oldu ki, dövlətimizin ədalət sisteminin tərəzisində
humanizm dəyərləri ilə yanaşı, beynəlxalq bəşəri və xüsusilə ağır hərbi
cinayətlər törədənlər öz layiqli cəzalarını alırlar. Təhvil verilənlər arasında
Arayik Arutunyan, Bako Saakyan, Ruben Vardanyan və digər bu kimi qatı canilərin
adları yoxdur. Hökumətimizin xalqımıza və dövlətimizə qarşı konkret cinayət
törədənlərə, terror aktlarına əl atanlara münasibəti qətidir və dəyişməzdir.

İrəvanın manevr imkanları sıfırlanır

Mövcud reallığı şərtləndirən, Ermənistanı hərbçilərimizi geri təhvil verməyə
məcbur edən vəziyyətin yaranması da birbaşa Azərbaycanın ali rəhbərliyinin
yürütdüyü siyasətin nəticəsidir. Bu reallıq Silahlı Qüvvələrimizin hərbi gücü,
siyasi rəhbərliyin dəmir iradəsi və qətiyyəti, diplomatik həmlələri nəticəsində
formalaşıb. Çünki 30 illik işğal dövründə Ermənistan tərəfinin hər zaman
sülhdən necə qaçdığını, müxtəlif təxribatlarla məsuliyyətdən necə yayındığının
şahidi olmuşuq. Lakin son üç ildə atılan addımlar artıq İrəvanın məlum
istiqamətdə manevr imkanlarını sıfırlayıb. Ermənistan hətta anti-Azərbaycan
qüvvələrin belə alqışlamaq məcburiyyətində qaldığı Bakının bu çağırışlarına
adekvat cavab vermək məcburiyyətindədir.

Ermənistan tarixi fürsəti necə dəyərləndirəcək?

Saxlanılan hərbçilərin mübadiləsi prosesini özünəməxsus edən digər mühüm bir
məqam isə bu məsələnin hansısa vasitəçilərin iştirakı ilə yox, məhz ikitərəfli
razılaşmalar əsasında həllini tapmasıdır. Azərbaycan bir daha nümayiş etdirdi
ki, İrəvanla Bakı arasında aparılan danışıqlarda, qarşılıqlı etimadın
yaradılması, münasibətlərin normallaşdırılması prosesində hər hansı üçüncü
vasitəçiyə ehtiyac yoxdur. Məhz iki tərəfin birgə səyləri ilə Cənubi Qafqazda
sülhə, sabitliyə və əməkdaşlığa nail olmaq mümkündür. Bunun ən bariz
nümunələrindən biri elə dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında
aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş
niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbirlərinə dair
əldə edilən razılıqdır. Xatırladaq ki, həmin anlaşmada tərəflər sülhə nail
olmaq üçün tarixi fürsətin yaranması tezisi ilə razılaşırlar. Bunu birgə
şəkildə etiraf edirlər. Xüsusilə vurğulanmalıdır ki, bu fürsəti nə hansısa
vasitəçi, nə də İrəvan yaradıb. Bu, Azərbaycanın ali siyasi rəhbərliyinin
iradəsinin təzahürüdür. Artıq İrəvanda da “Bakı sülh danışıqlarını pozur,
qarşılıqlı etimad tədbirlərindən yayınır” tezislərindən əl çəkmək
məcburiyyətində qalıblar. Rəsmi olaraq Azərbaycanın ikitərəfli danışıqlar
formatına müsbət yanaşdığı və bu prosesdə sülhə doğru əməli addımlar atdığını
etiraf edirlər. Prosesin müsbət məcrada və tezliklə yekunlaşması üçün təbii ki,
ən mühüm şərt İrəvanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsi, Bakının
gözləntilərini tam olaraq doğrultması və kənar qüvvələrin sülh danışıqlarına
maneə yaratmaq cəhdlərinə fürsət yaratmamasından asılıdır. Ermənistanın siyasi
rəhbərliyinin bu tarixi fürsəti necə dəyərləndirəcəyi bölgədə gələcək siyasi və
hərbi proseslərin axarını müəyyənləşdirəcək başlıca faktordur.

Source link